BMT Təhlükəsizlik Şurasına təcili çağırışlar edilir
Tailand və Kamboca arasında illərdir davam edən sərhəd mübahisəsi hərbi qarşıdurmaya çevrilib. Tailand ordusunun Kamboca hərbi mövqelərinə qarşı hava zərbələri endirməsi bölgədə vəziyyəti daha da gərginləşdirib. Kambocanın Baş naziri Hun Manet BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Tailandın “aqressiyasını dayandırmaq üçün” təcili iclas çağırılmasını tələb edib.
Baş nazir Hun Manet BMT Təhlükəsizlik Şurasının prezidenti Asim İftixar Əhmədə ünvanladığı məktubda bildirib ki, Tailand silahlı qüvvələri Kamboca mövqelərinə “əsassız, əvvəlcədən planlaşdırılmış və məqsədli hücumlar” həyata keçirib. O, Tailandı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib və kambocalı əsgərlərin yalnız özünümüdafiə məqsədilə cavab verdiyini bəyan edib.
Tailand Xarici İşlər Nazirliyi isə Kambocanı Tailand ərazisində mina yerləşdirməkdə və mübahisəli sərhəd boyunca mülki əhalini hədəf alan raket hücumları həyata keçirməkdə günahlandırıb. Nazirliyin bəyanatında deyilir: “Kral Tailand hökuməti Kambocanı məsuliyyətə cəlb etməyə, mülki və hərbi hədəflərə hücumları dərhal dayandırmağa çağırır.”
Tailand Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Kambocanın hücumları nəticəsində azı 11 mülki vətəndaş həlak olub, onlarla insan yaralanıb. Raketlərdən biri Sisaket vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinə düşüb. 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan kadrlarda mağazanın dağıldığı, pəncərələrin sındığı, tüstü içində kömək gözləyən insanların görüntüləri yer alıb.
Müdafiə məsələlərində Tailandın üstünlüyü açıq görünür. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına əsasən, Tailand ordusunda 361,000 aktiv hərbçi var – bu, Kambocanın gücünü 3 dəfə üstələyir. Bundan başqa, Tailandda 11 müasir “Gripen” qırıcısı, onlarca F-16 və F-5 döyüş təyyarəsi, ABŞ istehsalı “Cobra” hücum və Black Hawk transport helikopterləri mövcuddur. Həmçinin Tailandın arsenalında 600-dən çox artilleriya qurğusu var – Kambocada bu göstərici 400-ə yaxındır, əksəriyyəti də köhnədir. Bununla yanaşı, Tailand ABŞ-ın müttəfiqi sayılır və uzun illər ABŞ, Çin, İsrail və Cənubi Koreya kimi ölkələrin dəstəyi ilə öz hərbi sənayesini inkişaf etdirib. Kambocanın isə döyüş qabiliyyətli hava qüvvəsi yoxdur.
Bəs münaqişəyə nə səbəb olub? Tailand və Kamboca arasında 817 kilometrlik sərhədin əksər hissəsi Fransa müstəmləkə dövründə çəkilib və bu, uzun illər davam edən torpaq iddialarına səbəb olub. 2011-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısında olan Preah Vihear məbədi yaxınlığında baş verən toqquşmalarda azı 20 nəfər həlak olmuşdu, minlərlə insan köçkün düşmüşdü.
Hazırkı toqquşmaların səbəbi isə iyulun 16-da Tailand əsgərinin mina partlayışında ayağını itirməsi ilə başlanıb. Növbəti gün daha beş əsgər yaralanıb. İki ölkə qarşılıqlı olaraq səfirləri geri çağırıb, ticarət və mədəni əlaqələri dayandırıb, Tailand Kambocanın sərhəd kəndlərinə elektrik və interneti kəsməklə hədələyib.
Bu münaqişənin perspektivi necə olacaq və regional təsirləri nə ola bilər? Siyasi ekspertlər qarşıdurmanın yaxın zamanda səngiməyəcəyini düşünürlər. Tailandlı professor Titinan Ponsudhirak CNN-ə bildirib ki, “hər iki tərəfdə də uzun müddətdir toplanmış gərginlik mövcuddur” və bu, ASEAN-ın zəiflədiyini göstərir: “Myanma vətəndaş müharibəsini həll edə bilməyən ASEAN indi daha bir regional hərbi qarşıdurma ilə üz-üzədir. Bu təşkilat üçün ciddi imic itkisi olacaq.”
Səbuhi MƏMMƏDOV
XQ