Sosial siyasət – yüksələn rifah

post-img

Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 20 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Sosial sahənin prioritetliyi və dövlət büdcəsinin sosialyönümlü olmasının ildən-ilə uğurla davam etdirilməsi təmin edilib. Aparılan güclü sosial siyasət, eyni zamanda, ötən 20 ildə əməkhaqqı və pensiyaların, digər sosial ödənişlərin dəfələrlə artmasına imkan verib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlil olanların mənzil, fərdi ev və avtomobillə təminatı proqramları əhəmiyyətli dərəcədə genişləndirilib.

Dövlət başçısının fevralın 15-də imzaladığı sərəncamlar şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir. “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki sərəncamın 1-ci hissəsindəki “2022-ci və 2023-cü” sözləri “2022–2025-ci” sözləri ilə əvəz edilib. 

Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlil olanların və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub. 

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” yeni Sərəncamında isə əvvəlki Sərəncamın 1.2-ci bəndindəki “2020–2022-ci” sözlərinin “2020–2023-cü” sözləri ilə əvəz edilməsi tapşırılır.

Beləliklə, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2023-cü ildə aparılmış hərbi əməliyyatlar zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan şəxslərin və şəhid ailələrinin də 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

Şəhid ailələri və qazilərə diqqət

Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 22 min 500 nəfərə isə birdəfəlik ödəmə təyin olunub. Həmçinin şəhid ailələri, müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min mənzil və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 494 avtomobil təqdim edilib. 

Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 57 min 300 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibədə əlil olan 2 min 94 şəxs 50 min 700 reabilitasiya vasitəsi, o cümlədən 462 şəxs 483 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20 min 900 işsizin məşğulluğu təmin edilib, o cümlədən 10 min 400 nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Ümumiyyətlə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib.

Bərpa xidmətləri davamlıdır

Qeyd etməliyik ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında əlillərə 9 min 100 reabilitasiya vasitəsi verib. Onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub.  Həmçinin əlillərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Yanvar ayında, ümumilikdə 1,3 min nəfər əlil reabilitasiya vasitəsi ilə təmin edilib.

Agentlik yeni xidmət istiqaməti olaraq ötən ilin noyabr ayından onkoloji xəstəliklə əlaqədar əlil olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri də göstərir. Bu xidmətlər ötən dövrdə artıq 219 şəxsi əhatə edib. Agentliyin reabilitasiya mərkəzləri tərəfindən onlar üçün ambulator, səyyar və ya onlayn formada fərdi və qrup seanslar həyata keçirilir. Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması, kədər və yalnızlıq hisslərinin, bədbinliyin aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədi daşıyır. 

Xidmət çərçivəsində həmin şəxslərin ailə üzvləri də emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi məqsədilə psixo-maarifləndirmə tədbirlərinə cəlb edilirlər.

Pensiyalara yeni əlavə

Vətəndaşlara göstərilən diqqətdən danışanda pensiyaçıların rifahının daha da yaxşılaşması üçün atılan addımlardan da söz açmaq yerinə düşər. Ötən il və bu ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş  4 min 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına xidmət edir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, daha sonra isə müavinət və təqaüdlərin təyinatını elektronlaşdırıb. 2024-cü ilin 1 fevral tarixinədək həmin sosial təminat növləri üzrə 694 min (o cümlədən pensiya üzrə 107 min, müavinət və təqaüdlər üzrə 587 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Bununla da vətəndaşların hüquqları yarandığı halda nazirliyə, yaxud onun yerlərdəki qurumlarına müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Məşğulluğa dəstək

İşsiz vətəndaşların problemləri də ötən dövrdə daim diqqətdə saxlanıb. Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 33 mindən artıq şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 17 min nəfəri işlə təmin edilib. 476 nəfər işsiz şəxs üçün isə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 15 min 540 şəxsə peşəyönümü xidmətləri göstərilib.

Zərifə HÜSEYNOVA 
XQ

 







Sosial həyat