Naxçıvan Muxtar Respublikası – 100
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli sərəncamı ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsi dəyirmi masa keçiriblər.
“Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” adlanan məclisdə AMEA Gəncə Bölməsi sədrinin müavini Sara Əzizova yubileylə bağlı tədbirlər planı hazırlandığını bildirib. Sonra bölmənin Diyarşünaslıq İnstitutundan Mətanət Əliyeva “Naxçıvanın real tarixi və erməni uydurmaları”, Hamlet Abdullayev “Ermənilərin Naxçıvanda törətdikləri qanlı hadisələr”, Müşərrəf İbrahimova “Araz Türk Cümhuriyyəti”, Humanitar Tədqiatlar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Naxçıvan: tarixi gerçəklik və həqiqətlər”, Fatimə Qurbanova “Naxçıvanın tarixi abidələri” və Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin “Xəmsə”sində Naxçıvan toponimləri” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov ulu öndər Heydər Əliyevin milli varlığımızı yaşadan tarixi torpaq kimi Naxçıvana istər sovet dövründə, istərsə də müstəqillik illərində xüsusi diqqət göstərdiyini, onun Azərbaycana töhfələrinin yüksəldilməsi üçün mühüm addımlar atdığını xatırladıb. Natiq Naxçıvanın əlamətdar yubileyi ilə bağlı ilk tədbirlərdən birinin AMEA Gəncə Bölməsi tərəfindən keçirildiyini vurğulayıb və bunun üçün bu elm ocağının rəhbərliyinə, akademik Fuad Əliyevə şəhər rəhbərliyi adından təşəkkür edib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri