Ermənistan Cənubi Qafqazı ekoloji fəlakət bölgəsinə çevirib

post-img

İşğalçılığı, qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyi özünün dövlət siyasətinə çevirən Ermənistan regionun ekoloji tarazlığı üçün də ciddi təhlükələr yaradır. Azərbaycanın tarixi torpaqlarını uzun illər işğal altında saxlayan bədnam qonşumuz yurd yerlərimizi viran qoymaqla, dinc insanları hədəfə almaqla yanaşı, təbiət abidələrini, flora və faunanı da vandalcasına məhv edib. 

Zəngin biomüxtəlifliyi ilə seçilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Ermənistanın  işğal altında olduğu 30 il müddətində ağlasığmaz ekoloji fəaləkətlə üzləşib, düşmənin barbar hərəkətləri nəticəsində bölgənin flora və faunasına misilsiz ziyan dəyib. Düşmənin həyata keçirdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, ölkəmizin “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına daxil olunan nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Qarabağ və ətraf ərazilərin 280 min hektardan çox meşə fondu, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac–təbiət abidəsi vəhşicəsinə talan edilərək Ermənistana daşınıb və ya yarımfabrikant şəklində xarici ölkələrə satılıb.

Bununla kifayətlənməyən təbiət qənimləri minlərlə hektar meşə və bağ sahələrini dəfələrlə yandırıb, bunun da nəticəsində endemik heyvanlar yaşayış yerlərindən məhrum olublar. Ermənistanın bu vəhşi əməlləri nəticəsində torpaqlar deqredasiyaya uğrayıb, su hövzələri bilərəkdən zəhərli maddələrlə çirkləndirilib. Bununla, həm də regionda biomüxtəlifliyi məhv edən Ermənistan ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini, BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarını kobud şəkildə pozub. 

Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra Azərbaycanın qeyri-hökumət təşkilatları, ekofəallar tərəfindən Ermənistanın bu vəhşi əməlləri, regionda biomüxtəlifliyin məhvinə səbəb olan bəşəri cinayətləri ilə bağlı dünya ölkələrinə, beynəlxalq ekoloji təşkilatlara çoxsaylı müraciətlər ünvanlanıb. Çox təəssüf ki, müraciətlərin əksəriyyəti cavabsız qaldığından Ermənistanın bu vəhşi əməllərinin üstündən sükutla keçilib. Bu da təbiət, ekolgiya qənimi olan Ermənistanı ətraf mühitə, biomüxtəlifliyə qarşı yeni cinayətlərə sövq edib. Hətta iş o yerə çatıb ki, bu ölkə öz ərazisində həyata keçirdiyi ekoloji terrorun fərqində belə deyil. Ermənistanın dağ-mədən sənayesinin son illərdəki fəaliyyəti bu baxımdan  ciddi narahatlıq doğurur. Çünki bu ölkədə dağ-mədən sənayesi işləri zamanı heç bir ekoloji norma və standartlar gözlənilmir, nəticədə ətraf mühitə vurulan ciddi zərərin, ekoloji fəsadların miqyası sürətlə artır. 

Ermənistanda genişlənən qanunsuz dağ-mədən işləri səbəbindən isə bölgə ekoloji fəlakətin astanasındadır. Bu isə beynəlxalq miqyasda olduğu kimi, ölkə daxilində də ciddi narazılıqla qarşılanır. Amma Ermənistan rəhbərliyi daxili etirazlara, xarici ölkələrin və beynəlxalq təşkilatların müraciətlərinə məhəl qoymaq fikrində deyil. 

Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid ­deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır.

Artıq Ermənistanın Cənubi Qafqazı ekoloji fəlakət bölgəsinə çevirməsi  beynəlxalq miqyasda narahatlıqla qarşılanır. İndi bütün dünya anlayır ki, işğalçı ölkənin bu qanunsuz əməlləri təkcə region üçün deyil, həm də bütün bəşəriyyət, ümumi evimiz olan planetimiz üçün ciddi təhlükə yaradır. Bu səbəbdən də  hazırda dünya ekoloqları, qeyri-hökumət təşkilatları (QHT) həyəcan təbili çalır, Ermənistanın siyasi rəhbərliyini ekoloji terrordan çəkindirməyə çalışırlar. 

Bugünlərdə 22 ölkəni təmsil edən 49 QHT və ekofəallar Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatlarının səsinə səs verərək həmrəylik nümayiş etdiriblər. Onlar Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıblar. Onların bu xoşməramlı bəyanatında Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb olunur. 

Bəyanatda qeyd olunur: “Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir”. 

Birləşmiş Millətlər Təşkilatının təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıdığını vurğulayan bəyanat müəllifləri qeyd edirlər ki, qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini gerçəkləşdirmək üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. 

Sənəddə o da bildirilir ki, yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır. Bununla yanaşı, xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər. 

Bəyanat müəllifləri, həmçinin Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırlar.   

Sənəddə daha sonra qeyd olunur: “Biz Amuldağ qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”. 

Ermənistan hökumətinin qanunsuz dağ-mədən sənayesi əleyhinə çağırışlar bununla bitmir. Bu günlərdə “Environmental Protection First” (EPF) Koalisiyasına ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən daha 15 QHT qoşulub. Xatırladaq ki, 2023-cü ilin avqustunda təsis olunmuş koalisiya Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsini, ekoloji pozuntular əleyhinə mübarizənin gücləndirilməsini əsas işi elan edib. 

Ötən dövrdə Ermənistanın ekoloji yönümlü QHT-ləri də koalisiyanın müraciətlərinə səssiz qalmayaraq qurumla həmrəylik nümayiş etdiriblər. EPF Ermənistan hökumətindən Cənubi Qafqazda ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmağı tələb edib. Yeri gəlmişkən, ötən həftə “Environmental Protection First” Koalisiyası Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amuldağ” qızıl yatağında ekoloji monitorinq aparmağa hazır olduğunu bəyan edib.

Bu günlərdə isə Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubda Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlıq ifadə olunur, beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edilir. Məktubda qeyd olunur ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. 

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları tərəfindən erməni baş nazirinə ünvanlanan müraciətdə Ermənistanda regionun ekosistemini ciddi şəkildə korlayan Qacarandakı Zəngəzur mis-molibden, Qafandakı dağ-mədən, Əkərək mis-molibden müəssisələrinin, Qafandakı manqan və  Göyçə misəritmə zavodlarının, Amuldağ və Göyçədəki    Daşdəm qızıl mədənlərinin fəaliyyətinin, eləcə də Arazdəyəndə ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd olaraq inşa edilən yeni metallurgiya zavodunun tikintisinin dərhal  dayandırılması  tələb olunur. 

Məktub müəllifləri Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi reallaşdıran qərarlar qəbul etməyə çağırıblar.

M. YAQUBZADƏ 
XQ

 

Sosial həyat