(Əvvəli https://xalqqazeti.az/az/siyaset/166154-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz
https://xalqqazeti.az/az/siyaset/164787-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz
https://xalqqazeti.az/az/siyaset/164900-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz
https://xalqqazeti.az/az/siyaset/165219-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz)
Muxtariyyət illərində Naxçıvan çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Muxtar Respublikanın 100 illik yubileyinin qeyd edilməsi barədə Prezident İ sərəncamda deyildiyi kimi: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.
Muxtariyyətin tarixi önəmi
Sovet hakimiyyəti dönəmində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində özünəməxsus inkişaf yolu keçib, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında böyük nailiyyətlər əldə edib. Lakin bunlarla yanaşı, Naxçıvan sovet bolşevik terrorunun, zorakı kollektivləşmənin, 30-cu illər repressiyasının ağır fəsadlarını da yaşayıb. Xüsusilə, 60-cı illərin ortalarınadək Naxçıvanda vəziyyət daha ağır olub. Amma 70-ci illərin əvvəllərindən başlayaraq, Naxçıvan inkişaf etməyə başlayıb. Naxçıvan MSSR qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyətə malik güclü diyara çevrilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olması, bütün digər regionlar kimi, Naxçıvanda da miqyaslı və sürətli inkişafa zəmin yaradıb. Ulu öndərin apardığı məqsədyönlü siyasət, sosial-mədəni sahədə milliləşdirmə nəticəsində Naxçıvanın görkəmi tamamilə dəyişib.
Amma 80-ci illərin sonlarında Respublikada mürəkkəbləşən siyasi vəziyyət fonunda Naxçıvanda da proseslər ürəkaçan səviyyədə deyildi. Sovet imperiyasının süqut etdiyi bir ərəfədə ittifaq rəhbərlərinin ikiüzlü siyasəti, erməniləri müdafiə etmələri, milli münaqişələrə rəvac verirdi. 1990-cı il yanvarın 19-da ermənilər işğal etdikləri ərazilərdən Sədərək qəsəbəsinə təcavüzə başladılar. SSRİ rəhbərlərinin riyakarlığına görə Naxçıvan MSSR
SSRİ-nin tərkibindən çıxdığını elan etdi.
Bu çətin dövrdə Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşaması, Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci il 3 sentyabrda isə Ali Məclisin sədri seçilməsi və fəaliyyəti Naxçıvan MR-i xilas etdi. O zaman Muxtar Respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi. Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da onun fəaliyyətində Naxçıvan MR-in inkişafı, təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdən oldu.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Müstəqil dövlətimizin Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının da yeni Konstitusiyası hazırlandı və 1998-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edildi, həmin il dekabrın 29-da isə təsdiq olundu.
Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilmişdir. Keçirilən yubileylərin ikisi – 50 və 75 illik yubileyləri – Ulu öndərin qərarı və iştirakı ilə keçirilmişdir. Ümummilli lider Naxçıvana gələrkən Bakı hava limanında jurnalistlərlə söhbətində qeyd etmişdi ki, “Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan xalqının, respublikanın həyatında tarixi hadisədir. Bu respublikanı vaxtilə yaradanlar çox müdrik, uzaqgörən insanlar olublar, Azərbaycan torpaqlarının ayrı-ayrı iddiaçılar tərəfindən parçalanmasının qarşısını alıblar”.
Müstəqillikdən güc alan diyar
Əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs hazırda da davam etdirilir. Biz bunu Naxçıvan Muxtar Respublikasına dövlətin diqqət və qayğısında da görürük. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz fəaliyyətində Muxtar Respublikanın inkişafını, təhlükəsizliyinin təmin olunmasını, “yaşıl enerji zonası”na daxil edilməsini, kommunikasiyaların bərpa edilməsini prioritet olaraq müəyyənləşdirib.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusu qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 9 fevral tarixli Sərəncamı ilə 85 illik, 2014-cü il 14 yanvar tarixli Sərəncamı ilə 90 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamında qeyd olunur: “Naxçıvan diyarı Azərbaycanın çoxəsirlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır... Naxçıvanın... qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur. Həmin hissə Konqresdə iştirak edən Naxçıvan MR nümayəndə heyəti tərəfindən hazırlanmış və Memoranduma daxil edilmişdir.
Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusiya statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqavilələrə əsaslanır. Bundan başqa, qeyd edilmişdir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə daxil edilməsi Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.
İlk dəfə idi ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci il Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilirdi. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilələrin hüquqi qüvvəsinin Avropa Şurası kimi bir beynəlxalq təşkilat tərəfindən tanınması şübhəsiz ki, ölkə rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamları, muxtar respublikaya 16-dək səfəri, göstərdiyi diqqət və qayğı muxtar respublikanın hərtərəfli, dinamik və dayanıqlı inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və bundan irəli gələn strateji layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin 2022-ci il dekabrın 22-də “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi haqqında” fərman imzalaması bu qədim diyarda mühüm hadisəyə çevrildi. Bu tarixi əhəmiyyətli sənəd muxtar respublikada reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində yeni dövrün başlanmasından xəbər verdi. Səlahiyyətli Nümayəndəlik qısa müddət ərzində Prezidentin tapşırıqlarını yerinə yetirmək istiqamətində uğurlu fəaliyyətə başlamışdır və ilk nəticələr diqqət çəkir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı olduqca əhatəli və geniş spektrə malikdir. Proqram muxtar respublika iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsini və yeni hədəfləri müəyyənləşdirir. Dövlət Proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib.
Naxçıvanın muxtar respublika olduğu son 100 il ərzində bu regionun inkişaf etdirilməsinə dair indiki miqyasda dövlət proqramı heç vaxt qəbul edilməyib. Azərbaycan Respublikası Nazirlər Kabineti artıq 2024-cü il üçün Tədbirlər Planını açıqlayıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-cü ilin sonunda jurnalistlərə müsahibəsində qeyd etmişdi ki, artıq
2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və bir sıra böyük infrastruktur layihələri icra olunacaq.
2023-cü il də Naxçıvan Muxtar Respublikasında yaddaqalan, şanlı bir tarix oldu. Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyə Cümhuriyyəti Prezidentinin görüşü keçirildi, hökumətlərarası görüşlər oldu. Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə ev sahibliyi etdi.
Naxçıvan Muxtar Respublikasında baş verən dəyişikliklər “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”kı Sərəncamda da öz əksini tapmışdır: “Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji” zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.
Bir əsr bundan əvvəl Azərbaycanın bu qədim diyarında, ulu türk yurdunda Naxçıvan Muxtar Respublikasının yaranması bölgənin 1 əsrlik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərazində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir.
Prezident İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik