Öz daşımız, çınqılımız, əhəngimiz...

post-img

Yerli materiallar quruculuğa təkan verir

Qarabağ və Şərqi Zəngəzurun bərpası is­tiqamətində əsas diqqət yetirilən prioritet məsələ ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərin bərpası, onların zəruri infrastrukturla təminatıdır.

Bu istiqamətdə işğaldan azad edilmiş əra­zilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya mo­dellərinin tətbiqi ilə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək şəhərsalma prinsipləri və normalarına uyğun həyata keçirilir. Genişmiqyaslı tikinti-quruculuqi işlərinin sürətlə aparılması isə həmin ərazidə tikinti materialları­na tələbatı artırır. Bölgədə isə tikinti materialla­rı, o cümlədən daş və sement yataqları çoxdur. Betonda ən çox istifadə olunan çınqıl daşları ilə bağlı da problemlər yoxdur. Çünki çay tipli yataq­lar var. Bu yataqlar tikinti işlərinə cəlb edilir. Bu gün Ağdamda gedən bərpa–quruculuq proseslə­rində məhz Ağdamın ağ daşı, yerli xammal tikinti materialı kimi istifadə olunur. Ağdam şəhərində, Qiyaslı və Salahlı Kəngərli kəndlərində evlər o materiallardan tikilir. 

Cəbrayılda da tikinti-bərpa işlərində yerli xammaldan istifadə ediləcək. Bu məqsədlə ra­yonda tikinti materialları yataqları həraca çıxarılır. Məsələn, Tulus mişar daşı yatağının 48,3 hektar ərazisi, Tinli və Göyçərçin Veysəlli sement xam­malı yataqlarının isə müvafiq olaraq 20,3 və 20 hektar ərazisi hərraca hazırlanır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədr müavini Azər Şükürov işğaldan azad edil­miş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələn­dirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun Zəngilanda keçirilən iclasında deyib.

Bildirilib ki, yerli tikinti materiallarlından əsasən, Cəbrayıldakı tikinti-quruculuq işlərində istifadə olunacaq. Hazırda rayonda onlara tələ­bat çoxdur. Çünki Cəbrayıl şəhərində, Xudafərin qəsəbəsi və Horovlu kəndində yaşayış binaları və mənzillər tikilir. Yeni Baş plana əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri və yaxınlıqdakı 5 kəndi əhatə edə­cək. Birinci mərhələdə yaşayış məhəlləsində 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonu­nadək 712 mənzil təhvil veriləcək.

Horovlu kəndində də fərdi evlərin tikintisinə başlanılıb. Tikinti işləri zamanı ekoloji aspektlərə xüsusi diqqət yetirilir. Kəndin layihələndirilən ümu­mi ərazisi 248,1 hektardır. Perspektivdə kənddə 867 ailənin yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kənd­ləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə 334 fərdi evin tikilməsi planlaşdırılır. Xudafərin qəsəbəsində isə 149 ev tikiləcək. 

Beləliklə, Cəbrayıl rayonundakı tikinti mate­rialı yataqlarının istismara verilməsilə evlərin in­şasında, yerli xammal əsas rol oynayacaq, eyni zamanda tikinti materialları məhsulları istehsal edən müəssisələrin yaranmasına səbəb olacaq. Başqa ərazilərdən tikinti materiallarının gətiril­məsi minimuma düşəcək. Bu, iqtisadi baxımdan sərfəlidir. Çünki kənardan daşınan tikinti materi­alları maya dəyərinin artmasına və vaxt itkisinə səbəb olur. Bu rayonun ən vacib üstünlüyüdür.

Zəngilanda da müxtəlif tikinti materialı ya­taqları ilə zəngindir: üzlük daşı istehsalına ya­rarlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı–Əsgurum) əhəngdaşı, ehtiyatları 6 mil­yon 24 min ton olan qırmadaş və əhəng istehsalı­na yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz–I və Bartaz–II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic–kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 milyon 367 min ku­bmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

A.Şükürov bildirib ki, yataqlardan ərazisi 15 hektar olan Bartaz–II tikinti daşı yatağı hərraca çıxarılır. O, Qubadlı rayonu üzrə isə Hacılı mişar daşı yatağının 20 hektar ərazisinin hərraca ha­zırlandığını da diqqətə çatdırıb. Bu yataqlardan yalnız Zəngilanda deyil, Cəbrayıl və Qubadlıda tikinti işlərində istifadə edilə bilər. Nəzərə alaq ki, son bir ildə Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə doqquz kənd, bir qəsəbə, üç rayon mərkəzində yaşayış mas­sivlərinin, məktəb və xəstəxanaların təməli qoyu­lub. 2026-cı ilin sonuna kimi Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında üç şəhər mərkəzi, beş şəhər və 24 kəndin salınması planlaşdırılır. Bun­lar yerli tikinti materialları yataqlarının işə salın­masını sürətləndirəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Sosial həyat