O da şəhid olub...

post-img

Xalqımız 20 yanvarın növbəti ildönümünü qeyd etdiyi bu günlərdə mərhum aktyor Hamlet Xanızadə də yada düşür. Azərbaycanın unudulmaz Əməkdar artistini xatırlamağımız əbəs deyil. 1990-cı il yanvarın 20-də təkcə küçələrdə sovet güllələrinə tuş gələnlər şəhid olmadı, bu siyahı göründüyündən daha böyükdür. Hamlet Xanızadə də o haqsızlığın, o faciənin ağrılarını çox daşıya bilmədi... 

Azərbaycanın teatr və kinosunun tarixinə adı qızıl hərf­lərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanıza­dədir. İstedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb. Cəmi 49 il ömür sürüb. Amma bu 49 ildə elə uğurlara imza atıb ki, nailiyyətləri ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı daim ehtiramla yad olunur, ruhuna rəhmətlər oxunur. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqə­tindən kənarda qalmayıb, yaddaşlarda iz buraxıb.

“Dəli yığıncağı”, “İblis”, “Ölülər” və s. tamaşalarda Ham­letin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəman­lar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi. “O qızı tapın”, “Yeddi oğul istərəm” “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qətl günü”, “Yaramaz” filmlərindəki bənzərsiz rolları da onun yadigar­larıdır.

Hamlet Xanızadə Bakının Şağan kəndində dünyaya gəlmişdi. Təkcə istedadlı aktyor deyildi, həm də Azərbay­canın qeyrətli oğullarından biri idi. 1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölməyə hər an ha­zır olan aktyor, əslində, 20 Yanvar faciəsinin qurbanı oldu. Tez-tez “Şəhidlər xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi. Növbəti dəfə fevralın 2-ndə, çəkilişdən son­ra dostlarıyla birlikdə Şəhidlər xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları onu evinə gətirirlər. Özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinir. Doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırırlar... 

Ruhun şad olsun, Hamlet Xanızadə! 

Elman ELDAROĞLU,
şair-publisist

Sosial həyat