Qarabağın dirçəlişinə kiçik və orta biznesin köməyi

post-img

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlanması məqsədilə investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi həyata keçirilir. Əsas vəzifə isə azad olunan əraziləri təkcə bərpa etmək deyil, həm də oradakı iqtisadiyyatın ölkə iqtisadiyyatına inteqrasiyasına nail olmaqdır. Bu məqsədlə təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi böyük perspektiv vəd edir. 

Qarabağ və Zərqi Zəngəzur iq­tisadi rayonları da təbii sərvətlərlə zəngindir. Burada müxtəlif növ mi­neral yataqlar var. Bölgə sink, qur­ğuşun, mis, qızıl, pirit və dəmir ya­taqları ilə zəngindir. Müasir istehsal texnologiyalarından istifadə etməklə bu yataqların istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Bölgə həm də mi­neral su ehtiyatları ilə cəlbedicidir. Bu sular tərkibində olan müalicəvi elementlər ilə qiymətlidir. Bundan başqa, aqrar sektorun inkişaf etdiril­məsi, emal müəssisələrinin yaradıl­ması və onların modernləşdirilməsi üçün geniş imkanlar var.

Genişmiqyaslı bərpa fəaliyyətlə­ri və yeni infrastrukturun qurulması tikinti sektoru üçün də yeni imkanlar açır. Dövlət bu sahələrin, o cümlə­dən yol nəqliyyatı, mənzil–kommu­nal təsərrüfatı, ənənəvi və alter­nativ enerji istehsalı, meliorasiya sistemlərinin tikintisi və s. sahələrin səmərəliliyini artırmaq məqsədilə investisiyalar qoyur. Həyata keçi­rilən tədbirlər və bögənin iqtisadi potensialı ölkəyə yerli və xarici in­vestisiyaların cəlb edilməsinə zəmin yaradır, sahibkarların fəaliyyətini genişləndirir.

Əlbəttə, azad olunmuş ərazilər­də iri şirkətlərin fəaliyyəti vacibdir və onlar iqtisadi inkişafın, məşğul­luğun formalaşdırılmasında böyük yer tutur. Lakin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta biznes (KOB) üçün də geniş imkanlar var. Bu barədə iqtisadçı Ülviyyə Rzayeva deyib: “Zəngin tə­bii qaynaq bazasına güvənərək və KOB-lara birbaşa və dolayı dəstəyə (infrastrukturun yaradılması, infor­masiya xidmətlərin göstərilməsi və s.) diqqət yetirərək Azərbaycan hökuməti əlverişli innovasiya mü­hiti üçün dayanıqlı təməl yaradıb. KOB-lara dövlət dəstəyi tədbirlərinə aşağıdakılar daxildir: texnologiya və maliyyə siyasəti, biznes inkubator­larının yaradılması, innovasiyaların idarə edilməsi, marketinq və kadr siyasəti. Bir sözlə, sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsər­rüfatı məhsulları tədarükü, eyni za­manda, emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biz­nes qurmaq və fəaliyyət göstərmək imkanları var”.

Bu siyasətin nəticəsidir ki, hazır­da Qarabağ və Şərqi Zəngəzurda istər sənaye, istərsə də kənd təsər­rüfatı müəssisələri fəaliyyət göstə­rir. Bu müəssisələrin maliyyələş­məsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) da yaxından iştirak edir. Fond aq­rar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəs­sisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi üçün güzəştli kre­ditlər verir. Bu siyahıya aqropark və fermer təsərrüfatlarının yaradılma­sı və ya genişləndirilməsi, ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslə­rinin yaradılması, əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması, qüvvəli yem və ət kə­simi müəssisələrinin yaradılması və ya genişləndirilməsi, pambıqçılıq, tütünçülük, baramaçılıq və üzümçü­lük təsərrüfatlarının yaradılması və sair daxildir. 

Bu barədə SİF-in İdarə Heyəti­nin sədri Osman Xaliyev 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mət­buat konfransında deyib: “2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 in­vestisiya layihəsinin maliyyələş­dirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Güzəştli kre­ditlərin 72 faizi regionların, 28 faizi isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür. Bunun­la yanaşı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 4 la­yihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılmış güzəştli kredit­lərin ümumi məbləği 11,5 milyon manat olub”. 

Fondun partnyorlarla iş şöbə­sinin müdiri İsmayıl Hüseynov isə bildirib ki, SİF 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərir. “2022–2023-cü illər ərzində azad olunmuş ərazilərdə fəaliyyət göstərən yerli sahibkarla­rın 7 layihəsinin maliyyələşdirilməsi üçün Fond tərəfindən 14,4 milyon manat güzəştli kredit verilib. Cari il ərzində də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahi­bkarların dəstəklənməsi prioritet­lərdən biri kimi qalır. Əlavə olaraq qeyd edim ki, SİF-in işğaldan azad olunmuş ərazilər üçün əlavə dəstək mexanizmi işə başlayacaq”. 

Qeyd edək ki, qarşıdakı illərdə maliyyə dəstəyi, stimullaşdırıcı təd­birlər daha da genişlənəcək. Tətbiq olunan güzəştlər iri sahibkarlarla yanaşı, kiçik və orta sahibkarların işğaldan asad olunmuş ərazilərə marağını daha da artıracaq. Onla­rın bölgəyə marağını artıracaq digər amil isə logistik mərkəzə çevrilməsi­dir. Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarının beynəlxalq və re­gional nəqliyyat-logistika mərkəzinə çevrilməsi sahibkarların qlobal ba­zarlara çıxış imkanlarını artıracaq. Bu, işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq. Həmçinin iki əsas məsələnin həllinə–dayanıqlı məs­kunlaşmanın aparılması və bölgə­nin ümumi iqtisadi fəaliyyətə rein­teqrasiyasına xidmət edəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

İqtisadiyyat