İnformasiya məkanında əsas meyar peşəkarlıqdır

post-img

“Xalq qəzeti”nin müsahibi APA-Media Qrupun baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızıdır 

– Vüsalə xanım, APA ölkənin informasiya məkanında ciddi mövqeyi olan media qurumu kimi özünü ilk vaxtlar­dan təsdiqləyib. Buna necə nail olmusunuz?

– Əvvəla, onu qeyd edim ki, APA-nın meydana gəlməsi Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 illik dövrdə ölkəmizdə müstəqil mediaya yaradılan şəraitin nəticəsidir. Bu müddət ərzində biz kiçik bir kol­lektivdən Cənubi Qafqazın ən böyük media qurumlarından birinə çevrilə bil­mişik. Bunun üçün tək yaxşı idarəçilik deyil, eyni zamanda çox yaxşı kollek­tiv, reklam imkanları, xəbər və xəbər təminatı lazımdır. Media şirkəti elə bir strukturdur ki, pulunuz çox olsa belə, xəbər təminatı, xəbərlə işləmək üçün şəraitiniz yoxdursa, gördüyünüz iş heç kim üçün maraqlı olmayacaq. Bu­rada əsas eksklüzivliyi təmin etməkdir. İnamla təsdiqləyə bilərəm ki, bəli, bu gün dövlət dəstəyi ilə APA Azərbaycan­da dünyanın istinad etdiyi əsas xəbər qaynaqlarından birinə çevrilə bilib. 

İkinci məsələ peşəkarlıqdır. Ənənə­vi qəzetçilikdən transfer edilmiş insan­lar daha peşəkar olurlar. Biz də bu üs­tünlüyümüzlə mürəkkəb bir regionda yerləşən ölkənin aparıcı media sub­yekti sayılırıq. Ümumiyyətlə, istənilən məkanda medianın siyasi gücü, həmin ölkənin özünün geopolotik gücünə adekvatdır. Çox varlı ölkələr var ki, onların dünyanın geopolitik nizamında gücü yoxdur. Azərbaycanın son illər ərzində regionda güclənən mövqe­yi,Vətən müharibəsindəki zəfərimiz və ondan sonra baş verən geopolitik də­yişikliklərlə həmahəng olaraq milli me­diamızın da rolu artıb, ona maraq da yüksəlib. Biz sözügedən proseslərdə kifayət qədər fəal, peşəkarcasına ça­lışdıq. Bizim jurnalistlərin yazdıqlarına transmilli medialar da etibar edir və bunlardan bəhrələnirlər. Ümumilikdə, Azərbaycan mediasının inkişaf dinami­kası fərəh doğurur. 

– İnkişafdan söz düşmüşkən, bu günlərdə APA-nın fransız dili bölməsi fəaliyyətə başla­dı. Düzdür, fransız dili dünyanın 6 geniş yayılmış dilindən biridir. Amma APA-nın bu layihəsi son aylar Fransa–Azərbaycan müna­sibətlərində olan gərginliklə eyni vaxta təsadüf etdi...

– Hazırda APA agentliyi Azərbay­can, ingilis, rus və fars dilində fəaliyyət göstərir. Əslində, 2018-ci ilə qədər bi­zim fransız dilində də xidmətimiz olub. Əlbəttə, Fransa Avropa Birliyinin böyük ölkələrindən biridir. Amma təəssüf ki, dünyaya demokratiya dərsi keçməyə çalışan ölkələrin özləri müstəmləkəçilik sistemi ilə çalışırlar. O müstəmləkələrin özlərində belə fransızdilli insanlar çox­dur. Gərək onların da obyektiv, qərəz­siz informasiya almaq imkanı olsun. 

Görünən ondan ibarətdir ki, biz ikili standartları nəzərə almalıyıq. Bu ikili standartlar həm Azərbaycana qarşı, həm də Qarabağ məsələsində özünü göstərir. Fransanın yerli ictimai rəyi for­malaşdıran əksər media orqanlarının çoxu o qədər qərəzlidir ki, bu, hətta er­mənilərin barışdığı məğlubiyyəti bir çox fransızların həzm edə bilməməsinə sə­bəb olur. Təbii ki, mən burada Fransa mediasını, ermənipərəst senatorları, korafəhm ziyalıları nəzərdə tuturam. Fransa hər zaman mədəni sivilizasi­yanın təmsilçisi kimi özünü göstərib. Təəssüflər olsun ki, müsəlman Şərqi­nin tanınmış şairinin, mesenat bir qadı­nın – Natavanın heykəlinə qarşı edilən barbarlıq da məhz Fransada baş verdi. Bu ölkənin hazırki hakimiyyəti öz tarxi imicinə hörmət etsəydi, bu cür vandal­lığa rəvac verilməzdi. 

Biz uzun illər işğala, genosidə mə­ruz qalmış torpaqlarımıza qayıtdıq. Şuşaya qayıdışımızın ilk böyük tədbir­ləri nələrdən ibarət oldu? Xarı Bülbül musiqi festivalı, Vaqif Poeziya Günlə­ri, kulinariya tədbiləri təşkil edildi. Bir sözlə, biz Şuşaya musiqi ilə, şeirlə, mədəniyyətlə getdik, Qarabağda dün­ya mədəniyyətinə töhfə verəcək, mul­tikultural dəyərləri təbliğ edən tədbirlər həyata keçirdik. Yəni Fransanın danış­dığı, amma əməl etmədiyi dəyərləri biz təbliğ etdik. Bu baxımdan, biz fransız ictimiayyətinə, fransızca düşünən in­sanlara Azərbaycan həqiqətlərini məhz onların anladığı dildə çatdırmağı hə­dəflədik. Hər xalq istəyir ki, öz dilində informasiya alsın. Ona görə də, həm Fransa ictimaiyyətinin, həm də fransız­dilli ölkələrin əhalisinə çıxış imkanımı­zın asanlaşdıracaq bir addımı atmışıq. 

– Bu gün Azərbaycan yazılı və vizual informasiya va­sitələri haqqında müəyyən tənqidi fikirlər səslənir. Xüsusilə, özəl telekanallar daha çox tənqid hədəfinə çevrilir. Səbəb kimi də jurnalistikanın əsas meyarla­rından biri olan maarifləndirmə funksiyasının tamamilə kənara qoyulması əsas gətirilir. Buna səbəb nədir? 

– Bilirsinizmi, insanların bir çoxu hansı verilişi daha çox tənqid edirsə, həmin verilişlərə daha çox baxır. Tək­cə bizdə yox, dünyanın hər yerində KİV-in əyləndirmə funksiyası, maarif­ləndirmə və məlumatlandırma funksi­yasından önə keçib. Dünyada da me­dia nümayəndələri ilə ekspertlər fikir ayrılığındadırlar. Bir qrup düşünür ki, maarifləndirmə və məlumatlandırma medianın əsas vəzifəsi olmamalıdır. O ancaq xəbər vermə öhdəliyini daşı­malıdır. İstənilən cəmiyyətlə dövlətin əlaqə vasitəsi, əsasən, ziyalılardır, me­diadır. Sosial media da bura daxildir. 

Əlbəttə, bəzi verilişlərdə həmkar­larımız özlərini müstəntiq kimi aparır­lar, qeyri-peşəkar, qeyri-etik münasi-bət sərgiləyirlər. Bu, səviyyə söhbəti­dir. Amma dövlətin bu sahəyə baxan strukturlarını da qınamaq olmur. Əgər insanlar bu kimi verilişlərə baxmaq istəmirlərsə, qoy, kanalı dəyişsinlər. Məsələn, bu gün AZTV-nin Mədəniyyət kanalı var. Kifayət qədər peşəkar, mə­dəni, görkəmli ziyalılarımıza yer verən kanallarından biridir. Dünyanın bir sıra ölkələrində də bu kimi kanallar möv­cuddur. Yəni alternativlər var, sadəcə bilmək və bəhrələnmək lazımdır. 

Bir məsələ də tələb və təkliflə bağ­lıdır. İndi bəzi ziyalılırımız deyirlər ki, niyə görə TV-lər və saytlar biznes yö­nümlüdürlər. Bunun başqa yolu yoxdur. Əlbəttə, biznes yönümlü olmalıdırlar. İnsanların gözü tərəzidir. Baxırsan ki, sosial şəbəkədə böyük bir ziyalımızın çıxışından, hansısa xanəndəmizin ifa­sından videolar paylaşılır və minlərlə baxış sayı olur. Şou proqram aparıcı­ları bunu görsələr, bəlkə də dəyişib bu formata keçərlər. 

Baxı, bu yaxınlarda Əməkdar ar­tist Aygün Bəylər dünyasını dəyişdi. İnsanlar yenə də eyni qınağı edirdi. Bir qısım isifadəçi sosial şəbəkələrdə qeyri-səmimidir, onlar özləri kimi gö­rünmək istəmirlər. Təxmini hesabla­saq, Aygün Bəylər haqqında müsbət fikir yazanlar 1 milyon ətrafında idi. O 1 milyonun 100 mini 3 min manat civa­rında pul xərcləyib şənliklərinə Aygün Bəyləri çağırsaydılar, bu, 300 milyon vəsait edərdi. Lakin bu insanların heç biri bunu etmir. Aygün Bəylərlə bağlı bütün işi Azərbaycan dövləti, Heydər Əliyev Fondu görüb. Prezident Admi­nistrasiyası məsələni diqqətdə saxla­yıb, Mədəniyyət Nazirliyi, hökumətdə təmsil olunan cavabdeh şəxslər onun dəfninə kimi bütün işləri yerinə yetirib. 

Deyək ki, televiziyalarda zövq kor­layan, buna görə də tənqid olunan bütün verilişlər yığışdırıldı. Axı YouTu­be kanalında, Tik-tok platformasında, İnstaqramda, Facebookda həmin kon­tentlər var, hər cür kontent tapmaq olar. Özü də həmin platformalarda yüksək baxış sayı yığan kontentlər televiziya­da pislənənlərdir. Paradoks yaranır, deyilmi? 

Biz şirkət olaraq bütün sosial şə­bəkələri monitorinq edirik. Deyirlər ki, Tik-tok, YouTube kimi şəbəkələrdə cid­di adamlar yoxdur, onun üçün qeyri-cid­di adamlar bu platformalara baxırlar. Tamamilə səhv fikirdir. Tik-tokda ziyalı həkim də, hüquqşünas da, müəllim də var. İnsanların seçimi öz aralarından çıxan, onlara daha səmimi gələn, hət­ta bir az da ağıl öyrədə biləcək insan­lardır. Televiziyalarda mənim də qəbul etmədiyim peşəkarlar var. Amma onla­rın “doza”nı artırmasının səbəbi sosial mediaya adekvat olmaq istəyidir. Buna pis baxmaq olmaz. Çünki sosial media­nın funksiyası ağıllı görünüb, heç kimin baxmadığı platforma olmaq deyil. Me­dianın məqsədi daha çox insanı əhatə etmək, məlumatlandırmaq, əyləndir­mək və daha çox oxunmaqdır. 

– Bəs, bu yanaşmaya maa­rifləndirici elementləri də əlavə etmək olmazmı? 

– Bəli. Oradakı ekspertlər fikirlərini təhqirsiz də bildirə bilərlər. Yaxud han­sısa hüquq eksperti çıxışında emosi­onal notun içərisinə qanunun müvafiq maddəsinə istinadı da çox sakit tərzdə edə bilər. Nəticədə, insanların ağlında, şüurunda qala bilər ki, bu hadisəyə görə bu maddə var. Bax, bu, artıq maa­rifləndirmə olar. Doğrudur, mən media­nın dərs keçməsinin, ağıl öyrətməsinin qəti əleyhinəyəm. Amma maarifləndir­mə, təbliğat, təşviqat çox sakit tonda gedə bilər.

– Vüsalə xanım, sosial media barədə ağrılı məsələlərə toxundunuz. Xüsusən də Tik-tokla bağlı. Düzü, əvvəl bu şəbəkə qeyri-ciddi platforma kimi dəyərləndirilirdi. Hətta mü­vafiq qurumlara çağırış edilirdi ki, Tik-toku bağlasınlar. Amma bu şəbəkəyə daxil olanda görür­dün ki, nəyə çox baxırsansa, onu da qarşına çıxarır. Alqoritm belə qurulub. 

– Ümumiyyətlə, sosial şəbəkələrin hamısında alqoritim elə işləyir. Bu da var ki, YouTube və Tik-tokda qarşınıza çıxan videoya “maraqlandırmır” vurur­sunuzsa, onu qarşınıza bir də çıxarmır. Süni intellekt bunun üzərində qurulub. Orada bir tor qurulur, şəbəkə yaradılır, insanlar o torun işərisində həmfikirləri­ni tapırlar. Hansısa bir hadisə baş verir, biri yazır ki, bütün ölkə bundan yazır. Amma bütün ölkə bundan yazmır. Onun maraq dairəsində olan adamlar bundan yazır. Bu adam da hesab edir ki, bütün ölkə bundan yazır. 

Sosial medianı ciddi qəbul etmək, oradakı trendlərə ciddi yanaşmaq la­zımdır. Tik-tok şəbəkəsi ölkə əhalisinin ən çox istifadə etdiyi və vaxt sərf etdiyi şəbəkədir. Bunu monitorinqlərə əsas­lanıb deyirəm. Oradan necə istifadə etmək isə hər kəsin öz qabiliyyətinə və dünyagörüşünə bağlıdır. Gənclərə də sosial mediadan səmərəli istifadə təş­viq olunmalıdır. Eləcə də dilimizin tə­mizliyi istiqamətində işlər görülə bilər. Sosial şəbəkə bu istiqamətdə önəm­lidir. Sosial şəbəkədə “ok, tşk” kimi amorf dillər yaradılır, bu, olmaz. 

Cənab Prezidentin son müsahibə­sində əsas tezislərdən biri məhz növ­bəti mərhələ üçün ölkənin yeni milli ideologiyasının yaradılması idi. Burada da dil, milli kimlik məsələsi ortaya çıxa­caq. Bunun üçün mediada da ictimai müzakirələr açılacaq.

– Medianın yaşaması üçün reklam bazarı lazımdır. Azərbaycan mediasında bu durum necədir?

– Mən mediaya dövlət dəstəyinin çox olmasının tərəfdarı deyiləm. Hə­mişə elə hesab eləmişəm ki, rəqabət mühiti olmalıdır və biznes fonunda hər qurum özünü ayaqda tutmalıdır, inkişaf eləməlidir. Bu illər ərzində Azərbaycan mediasının, xüsusən də ənənəvi çap mediasının ayaqda durmasına dövlətin böyük dəstəyi olub. Bu, Azərbaycan ta­rixi üçün də önəmli addımdır. Nə qədər internet desək də, ənənəvi çap medi­ası ölkənin tarixidir. İndiki tendensiya onu göstərir ki, media müxtəlif biznes əlaqələri vasitəsilə inkişaf etməlidir. Burada tək reklamdan söhbət getmir. Müxtəlif layihələrdə, tenderlərdə iştirak etmək olar. 

İnsanların hava, su kimi məlumat almaq ehtiyacı var. Bu ehtiyacı yerli media ödəmirsə, mütləq xarici resurs­lar daxil olacaq və informasiya təhlükə­sizliyi məsələsi meydana çıxacaq. Bu da milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, media sosial şəbəkədə ak­tiv olmalıdır. 

– APA-nın beynəlxalq təcrü­bədən yararlanması ma­raq doğurur. Media korpo­rasiyaları ilə əməkdaşlığınız hansı səviyyədədir?

– Bir çox ölkələrin, xüsusilə, Tür­kiyə, Rusiya, İranın media qurumları ilə ikitərəfli əməkdaşlığımız var. Bir beynəlxalq təşkilatla danışıqlar aparılır, müsbət nəticə gözləyirik. Son olaraq, Şuşa Beynəlxalq Media Forumu çərçi­vəsində müxtəlif qurumlarla görüşdük. İndiki zamanda mənim üçün prioritet olan eksklüziv xəbərlərin verilməsidir. İnternet domen yaşı çox olan, etibarlı media qurumundan istənilən media qu­rumu xəbərlərini götürür, yayır. Bəzən şirkətimizə xarici media holdinqləri zəng edir, müəyyən xəbərləri, şəkilləri istəyirlər. Beynəlxalq tədbirlərə qatı­lırıq. Əməkdaşlarımızı müəyyən tre­ninqlərə, seminarlara göndəririk.

Müsahibəni apardı: 
Anar TURAN
XQ





Müsahibə