“Dördüncü Respublika” Ermənistana nə vəd edir?

post-img

Paşinyan isə regional inteqrasiyanı və qonşularla əməkdaşlığı üstün sayır

Yenidən “Vətəndaş müqaviləsi” Partiyasının sədri seçilən Ermənistan baş naziri Nikol Paşinyan “Dördüncü Respublika”nın yaradılmasına hazırlıq barədə mesaj verib. Onun bu çıxışı Ermənistanın siyasi tarixində yeni bir mərhələnin anonsu kimi qəbul edilib. Paşinyan bununla mövcud dövlətçilik modelinin ideoloji əsaslarını dəyişməyi hədəfləyir. Onun təqdim etdiyi konsepsiyanın mərkəzində “real Ermənistan” anlayışı dayanır. 

Bu model uzun illərdən bəri erməni siyasi dairələrinin təməl ideologiyası olan “tarixi Ermənistan” xəyalına qarşı çıxır. Yəni yeni respublikanın məqsədi ekspansionist arzular və qonşularla qarşıdurma üzərində qurulmayacaq. Əksinə, Paşinyan bildirir ki, “Dördüncü Respublika” qonşu dövlətlərlə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışacaq və strateji hədəf kimi Avropa İttifaqına inteqrasiyanı seçəcək. Bu məqsədlə baş nazir parlament seçkilərində qalib gələcəyi təqdirdə konstitusiya islahatları ilə bağlı referendum keçirəcəyini də elan edib. Paşinyan çıxışında Moskva ilə münasibətlərin gələcək perspektivi barədə də danışıb və vurğulayıb ki, Ermənistan–Rusiya münasibətləri hazırda transformasiya mərhələsindədir. Onun fikrincə, prosesin nəticəsi əvvəlkindən daha güclü tərəfdaşlıq olacaq. Lakin son illər Moskva ilə münasibətlərdəki soyuqluq, kollektiv təhlükəsizlik mexanizmlərindəki anlaşılmazlıqlar və Ermənistanın Qərbə meyillənməsi bu arqumenti zəiflədən amillərdir. Paşinyanın Aİ-yə inteqrasiya istiqamətində səsləndirdiyi vədlər Moskvanın strateji maraqları ilə üst-üstə düşmədiyindən gələcəkdə siyasi böhran ehtimalını artırır.

“Dördüncü Respublika” ideyası daxildə kəskin mübahisələr doğurub. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Paşinyanın bu ideyasını Ermənistanın müstəqilliyini sarsıdan kursun başlanğıcı hesab edirlər. Köçəryan, hətta “müstəqilliyimizin gələcəyi hər birimizin əzmindən və Vətənə sədaqətimizdən asılıdır” deyə xəbərdarlıq edib. Görünür, müxalifət Paşinyanın Avropa yönümlü kursunu dövlətin suverenliyinə birbaşa təhlükə sayır. Eks-prezident hakimiyyətdəki qüvvələri “kapitulyatorlar” adlandıraraq bildirib ki, artıq onlara “yox” deməyin vaxtıdır. Köçəryanın fikrincə, Paşinyanın səsləndirdiyi ideyalar tarixi yaddaşı silmək, keçmişi təhrif, qələbələri inkar etmək cəhdidir. “Dördüncü Respublika” ideyasını tənqid edənlərdən biri də “parlaq Ermənistan” Partiyasının sədri, keçmiş diplomat Edmon Marukyandır. O, məsələ ilə bağlı sosial şəbəkə hesabında yazıb: “TRIPP dəhlizini verdik. İndi də Azərbaycanın növbəti tələbini yerinə yetirməliyik: Ermənistan dövlətinin hüquqi təməlini, yəni Müstəqillik Bəyannaməsini məhv etmək. Bu alçaldıcı addımı necə qələbə kimi təqdim etmək olar? Belə bir referendumun keçirilməsi dövlətin məhv edilməsi prosesidir. Nikol Paşinyan baş nazir seçilməməlidir!”. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan da hökumətə qarşı sərt bəyanatla çıxış edərək baş nazir Nikol Paşinyanı “Dördüncü Respublika” modelini reallaşdırmağa cəhd göstərməkdə günahlandırıb və bunu “Türkiyə–Azərbaycan proqramının son mərhələsi” adlandırıb.  

Suyu bulandırmağa çalışanlar olduğu kimi, daxildə Paşinyanın çıxışına müsbət yanaşanlar da var. Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan Paşinyan və komandasının hakimiyyətə gəlməzdən əvvəlki dövrü, bütövlükdə, uğursuzluq kimi qələmə verir, ölkənin yalnız onların rəhbərliyi ilə inkişaf edəcəyini bildirir. Ekspert hesab edir ki, “Dördüncü Respublika” ideyası Ermənistan siyasətində ilk dəfə səslənmir. Onun qənaətinə görə, 2026-cı il iyunun 7-nə təyin olunmuş parlament seçkiləri Paşinyanın vəd etdiyi referendumun “müqəddiməsi” kimi qəbul edilməyəcək. Amma buna baxmayaraq, Əsas Qanuna dəyişiklik ehtimalı böyükdür. İskəndəryan vurğulayır ki, mövcud Konstitusiyanın preambulası Ermənistanın müstəqillik bəyannaməsinə istinad edir və orada digər ölkələrə ərazi iddiası yer alır. Bu maddənin gələcəkdə dəyişilməsi mümkündür. 

Əslində, məsələyə dərindən yanaşsaq görərik ki, Paşinyan, sadəcə, günün reallıqları ilə hərəkət etməyə çalışır. Çıxışa başlamazdan əvvəl onun Emənistanın əvvəlki, yəni saxta tarixini xatırlatması da bundan qaynaqlanır. Baş nazir qeyd edir ki, 1991-ci il sentyabrın 21-də referendum sualı verildi:  “Ermənistan Respublikası SSRİ-dən kənarda müstəqil, demokratik dövlət olmalıdırmı?” və xalqın 94 faizi “bəli” cavabını verdi. Beləliklə, Ermənistanın “Üçüncü Respublika”sı yaradıldı. Şübhəsiz ki, həmin soydaşlarımız azad, sülhsevər, firavan və xoşbəxt bir dövlət qurmaq istəyirdilər. Təəssüf ki, “Üçüncü Respublika”nın aqibəti elə olmadı: blokada, müharibə, iqtisadi tənəzzül və miqrasiya müstəqillik referendumunun arzusunu reallığa çevirməyə imkan vermədi”. 

Baş nazirin bunun ardınca avqustun 8-də əldə olunan sülh sazişini xatırlatması onun Ermənistandakı “xəstə ideologiya”nın aradan qaldırılması istiqamətində atacağı addımlardan xəbər verir.

Sonda onu da qeyd edək ki, Ermənistanın reallığı dərk etməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafının zəruriliyini anlaması ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Görünür, Paşinyan artıq başa düşüb ki, “halva-halva deməklə ağız şirin olmur”. Ona görə də real addımlar atmağa çalışaraq ölkəsinin gələcəyini xilas etmək istəyir. Yalnız münasibətlər normallaşdığı təqdirdə, sülh və sabitlik tam təmin olunacaq. Bu isə ölkənin regional inteqrasiyasını sürətləndirəcək, qonşular və beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Yusif BAĞIRZADƏ,
politoloq

Paşinyan artıq uzun müddətdir ki, “real Ermənistan” ideyasını, yəni başqalarının ərazilərinə göz dikilmədiyi, qonşu dövlətlərə ərazi iddialarının olmadığı ideyasını təbliğ edir. Çünki Ermənistanın ayrı-ayrı ölkələrdən asılı vəziyyətdə qalaraq onların maraqlarından çıxış etməsinin, həmçinin regional və qlobal layihələrdən kənarda qalmasının əsas səbəbi yanlış ideoloji xətt olub. Paşinyan və onun komandası bunu başa düşdüyü üçün fəal şəkildə çıxış yolu axtarır. Paşinyanın “Dördüncü Respublika” ideyası özündə Avropaya inteqrasiya ilə yanaşı, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunmasını ehtiva edir. Məhz Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına və yeni iqtisadi münasibətlər quraraq müstəqil, asılı olmayan iqtisadiyyat qurmasına imkan verəcək. Paşinyan bunun alternativi olmadığını kifayət qədər yaxşı anlayır. Bu gün Ermənistanın müstəqil xarici siyasət kurs yürütmək üçün mütləq şəkildə güclü iqtisadi bünövrəyə ehtiyacı var. Bu imkanları təmin edəcək və Rusiyanın iqtisadi təsir imkanlarını zəiflədəcək güc isə Azərbaycan və Türkiyədir. Nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması və sərhədlərin açılması Ermənistan üçün hava, su kimi lazımdır. 

Şübhəsiz, prosesin irəli aparılmasını istəməyən ayrı-ayrı güclər maksimum şəkildə Ermənistanın onlardan asılılığını davam etdirə bilmək üçün müvafiq addımlar atmaqda maraqlıdırlar. Xüsusilə də Rusiya Ermənistan daxilində olan siyasi müxalifət və kilsə rəhbərliyindən ibarət “beşinci kolon” vasitəsilə bu istiqamətdə Paşinyan hakimiyyətinə təzyiq göstərir. Hər şey Paşinyanın xalqın etimadını qazanmasından asılı olacaq. Əgər Paşinyan və onun komandası çoxluğun onların mövqelərini müdafiə etməsini və qarşıdakı seçkilərdə qələbəni təmin edə biləcəklərsə, o zaman kənar təsirlər də neytrallaşdırıla bilər. Gələcək perspektivdə Ermənistan hakimiyyətinin qarşıya qoyulan hədəflərin reallaşmasına nail ola biləcəyini düşünürəm. Çünki bu, ölkənin gələcəyi üçün yeganə çıxış yoludur.

Nəzrin ELDARQIZI
XQ

 



Siyasət