Qarabağ və Şərqi Zəngəzurda hamıya iş tapılacaq

post-img

Bu məqsədlə çoxsaylı layihələr gerçəkləşdirilir

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs kimi öz işini ölkədə əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qurub. Burada agentliyin əsas missiyası iş tapmaqda çətinlik çəkən işsiz və işaxtaran şəxslərin, xüsusilə də sosial cəhətdən həssas qrupların müvafiq məşğulluq tədbirləri, o cümlədən peşə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə onların məşğulluğa çıxışını asanlaşdırmağa dəstək verməklə, gələcəkdə əmək bazarına daxil olacaq şəxslər üçün peşəyönümü məsləhət xidmətlərini təşkil etməklə, habelə əmək bazarı üzrə siyasət qərarlarının qəbulu üçün müvafiq informasiya bazasını təmin etməklə ölkədə əmək bazarının effektivliyinə və inklüzivliyinə töhfə verməkdir.

Həmsöhbətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasovla agentliyin həyata keçirdiyi layihələrdən və gələcək planlarından danışdıq.

– Azərbaycanda məşğulluq səviyyəsini artırmaq üçün Dövlət Məşğulluq Agentliyi hansı proqramları həyata keçirir?

– Agentlik fəaliyyət göstərdiyi 34 il ərzində missiyasına uyğun şəkildə çoxsaylı layihələr reallaşdırıb, ölkənin əmək bazarının təkmilləşdirilməsi istiqamətində böyük işlər ortaya qoyub və bu missiyanı indi də uğurla davam etdirir. Qurum ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması, həmçinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə çoxşaxəli fəaliyyət həyata keçirir. Bura işsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi; onlara peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi; peşə hazırlığının təşkili; sahibkarlığın təşviq olunması və kiçik ailə təsərrüfatlarının yaradılması məqsədilə şəxslərin özünüməşğulluğunun təmin edilməsi daxildir.

Təkcə cari ilin 8 ayının göstəricilərinə nəzər salmaq kifayətdir ki, görülmüş işlərin miqyasını təsəvvür etmək mümkün olsun. Belə ki, bu müddət ərzində 1138 nəfər kvota yerləri üzrə olmaqla, ümumilikdə, 109 minədək şəxs işlə təmin edilib. O cümlədən 14 min 600 nəfər özünüməşğulluq proqramına, 1,1 min nəfər əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına, 11 min nəfər peşə hazırlığına, 164 min 200 nəfər peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub. Özünüməşğulluq proqramı ilə bağlı ümumi statistikaya gəlincə isə indiyədək bu proqram çərçivəsində 100 minədək şəxs öz bilik və bacarıqlarına uyğun sahələr üzrə müvafiq aktivlərlə təmin edilib.

– Agentlik yalnız məşğulluq proqramını həyata keçirir?

– Dövlət Məşğulluq Agentliyinın prioritet istiqamətləri və gördüyü işlər bu proqramla bitmir. Agentlik gənclərin və qadınların məşğulluğunun təmin olunmasına xüsusi önəm verməklə yanaşı, sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində də xüsusi proqramlar həyata keçirir. Məsələn, sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin agentlik tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan “Birgə maliyyələşmə” proqramı, həmçinin “Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri üzrə maliyyələşmə” kimi proqramlar həyata keçirilir ki, bunlar da sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır. Bu, həm də işəgötürənlərin həvəsləndirilməsi üçün vacibdir.

Bundan başqa, agentlik əmək bazarının müasir tendensiyalara adekvat cavab verə bilməsi üçün peşə hazırlığına da xüsusi əhəmiyyət verir. Çünki peşə hazırlığı müasir tələblərə cavab verən, səmərəli və davamlı məşğulluğun təmin edilməsində vacib rol oynayan əsas amillərdən biridir. Belə ki, müasir əmək bazarında əsas problemlərdən biri şəxslərin peşə və kvalifikasiyasının mövcud vakansiyalarla uyğun gəlməməsidir. Bu uyğunsuzluq, bir çox hallarda işçi qüvvəsinin düzgün formalaşmamasından və əmək bazarının dəyişkənliyindən qaynaqlanır. Peşə hazırlığı işçi qüvvəsinin bacarıqlarını və biliklərini əmək bazarının tələb və ehtiyaclarına uyğunlaşdırmaqla həm fərdlərin, həm də ümumi iqtisadiyyatın inkişafına töhfə verir. Bacarıqlı və hazırlıqlı işçi qüvvəsi iqtisadiyyatı gücləndirir, innovasiyaların tətbiqini asanlaşdırır və ölkəmizin rəqabət qabiliyyətini artırır. Eyni zamanda qurum əmək bazarında yaranan yeni peşə və bacarıq tələblərinin monitorinqi məqsədilə əmək bazarının strateji təhlil və proqnozlaşdırma sistemini daim təkmilləşdirir.

Agentlikdə müxtəlif sektorlarda baş verən texnoloji dəyişikliklər, “yaşıl” iqtisadiyyatın inkişafı, rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı əmək bazarının ehtiyacları mütəmadi olaraq analiz edilir və bunun əsasında proqnozlar hazırlanır. Buna paralel olaraq, peşə hazırlığı və peşəyönümü xidmətlər müasir əmək bazarının tələblərinə uyğunlaşdırılır. Burada həyata keçirilən peşə təlimləri proqramlarına yeni ixtisaslar daxil edilir, mövcud tədris proqramları yenilənir. Bundan əlavə, agentlikdə fəaliyyət göstərən karyera məsləhətçiləri işaxtaranlara əmək bazarının cari tələbləri barədə məlumat verir, onların fərdi bacarıq və maraqlarına uyğun peşə istiqamətlərini seçməkdə dəstək göstərir.

– Möhtəşəm Zəfər məşğulluq missiyasına necə təsir etdi?

– Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan dövlətinin qarşısında tamamilə yeni strateji vəzifələr qoydu. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunması yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də bu bölgələrin sosial-iqtisadi inkişafı üçün geniş imkanların açılması demək idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və məskunlaşma işlərinin uğuru, əhalinin dayanıqlı şəkildə orada yaşaması və işləməsi ilə bağlıdır, desək, yanılmarıq.

Bu baxımdan, əminliklə deyə bilərik ki, məşğulluq siyasəti Böyük Qayıdışın ən mühüm dayaqlarından biridir. Çünki müharibədə qazanılan böyük Qələbə məşğulluq missiyasını genişləndirdi. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra agentliyin missiyasına yeni bir vektor əlavə olundu: azad olunmuş ərazilərə qayıdan əhalinin məşğulluğunu təmin etmək, onların iqtisadi müstəqilliyini dəstəkləmək və bölgədə dayanıqlı əmək bazarı formalaşdırmaq.

– Böyük Qayıdış proqramı geniş quruculuq meydanı açıb.

– 2022-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə yol xəritəsini müəyyənləşdirdi. Proqramın əsas məqsədlərindən biri kimi dayanıqlı məskunlaşmanı təmin etmək, o cümlədən əhalinin daimi məskunlaşmasını stimullaşdırmaq üçün onların sosial müdafiəsini gücləndirmək və məşğulluq imkanlarını artırmaq kimi məsələlər nəzərdə tutulub. Bu prosesin icrasında aparıcı qurumlardan biri olan agentlik, ümumilikdə, “Məşğulluqdan məskunlaşmaya” yanaşmasını əsas götürərək məskunlaşma prosesinə paralel şəkildə məşğulluq tədbirlərini həyata keçirir. Bu yanaşma insanlara yalnız mənzillə təmin olunmaq deyil, həm də öz dolanışıqlarını qurmaq imkanı yaradır.

– Agentlik azad edilmiş ərazilərdə hansı önəmli layihələri icra edir?

– Azad edilmiş ərazilərdə qurum bir neçə istiqamət üzrə tədbirlər reallaşdırır. Bunlardan birincisi özünüməşğulluq proqramıdır. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinləri arasında sahibkarlıq bacarıqlarının inkişafı üçün aktiv proqramlar həyata keçirilir. İştirakçılar mal-material dəstəyi alaraq kiçik təsərrüfatlar, xidmət və istehsal sahələri qururlar. Bu təşəbbüs bölgədə mikrosahibkarlığın formalaşmasına təkan verir. Digər fəaliyyət istiqamətlərinə isə haqqı ödənilən ictimai işlərə və peşə hazırlığına cəlb olunma daxildir ki, bu yollarla əhalinin məşğulluğunun təminatı yönündə ciddi addımlar atılır və bütün bunların nəticəsi kimi yerli sakinlər ayrı-ayrı vakansiyalar üzrə işlə təmin olunurlar.

– Faktlar, rəqəmlər nə deyir?

– 2025-ci il sentyabrın 12-nə olan rəsmi məlumatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan iqtisadi fəal əhalidən 5 min 860 nəfərin məşğulluğu təmin edilib. Onların 4 min 7 nəfəri müxtəlif sahələrdə işlə təmin olunub, 451 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Fərdi qaydada özünüməşğul olanların sayı isə 1060 nəfər olub ki, onların da əsas fəaliyyət sahələri xırda ticarət, kənd təsərrüfatı, yük və sərnişindaşıma xidmətləridir. Bundan başqa, 281 nəfər peşə hazırlığı kurslarına qatılıb, daha 566 nəfərin məşğulluğa cəlb olunmasına dair proses davam etdirilir. Rəqəmlər göstərir ki, məskunlaşma artdıqca iş yerlərinə tələbat da yüksəlir və Dövlət Məşğul Agentliyi bu tələbi qarşılayacaq mexanizmləri ardıcıl inkişaf etdirir.

– Qarabağda fəaliyyətiniz necə davam edəcək?

– Qarşıda gediləsi uzun yol var… Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məşğulluq mühitinin formalaşdırılması dövlətin uzunmüddətli sosial-iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Görünən də odur ki, Dövlət Məşğulluq Agentliyi bu prosesdə əsas rol oynayan qurumlardan biri kimi qalacaq, bölgə əhalisinin rifahının yüksəldilməsinə və işğaldan azad edilmiş torpaqlarda müasir əmək bazarının formalaşmasına töhfə verməyə davam edəcək. Çünki məşğulluq siyasəti regionun yalnız iqtisadi deyil, həm də sosial həyatına təsir göstərir.

İnsanların öz əmək fəaliyyəti ilə məşğul olması sosial inteqrasiyanı gücləndirir, ailələrin gəlirini artırır, bölgədə sahibkarlıq mədəniyyətini formalaşdırır. Eyni zamanda məşğulluq infrastrukturun genişlənməsini, xidmət sektorunun inkişafını, yeni biznes ideyalarının ortaya çıxmasını stimullaşdırır. Bütün bu fəaliyyətlər Böyük Qayıdışın uğurla həyata keçirilməsinə, azad torpaqlarda həyatın dirçəlişinə və gələcək nəsillər üçün möhkəm iqtisadi bünövrənin qurulmasına öz müsbət təsirini göstərəcək.

Müsahibəni qələmə aldı:
Zərifə HÜSEYNOVA
XQ



Müsahibə