ABŞ-da siyasi zorakılıqlar ciddi narahatlıq doğurur

post-img

Prokurorlar Çarli Kirkin qətlində şübhəli bilinən şəxsə ölüm cəzası tələb edəcəklər

ABŞ-da növbəti səsli-küylü qətl törədildi – bir neçə gün əvvəl mühafizəkar siyasi fəal, 30 yaşlı bloger Çarli Kirk öldürüldü. Siyasi müşahidəçilər hadisəni ABŞ cəmiyyəti üçün bir qədər ənənəvi olan siyasi qətl hesab edirlər. Onların fikrincə, ölkədə siyasi motivli qətllərin sayı keçən əsrin 60-cı illərindən bəri ən yüksək həddə çatıb. 1960-1970-ci illərdə bu ölkədə Martin Lüter Kinq və Kennedi qardaşlarının qətli hələ unudulmayıb. Bu dalğaya 2024-cü ildə ABŞ Prezidenti Donald Trampa edilən iki sui-qəsd cəhdini, sentyabrın 10-da Çarli Kirkin qətlini və digər siyasi xadimlərə qarşı hücumları da əlavə edə bilərik.

Analitiklər hesab edirlər ki, ABŞ-da siyasi zorakılığın artması ölkədə siyasi qütbləşmənin dərinləşdiyini, demokratik institutların özlərinin və onlara inamın zəiflədiyini göstərir.

Hazırda ölkənin hüquq-mühafizə orqanları Kirkin ölümünü araşdırmaqla ciddi məşğuldur. Artıq qətldə şübhəli bilinən 22 yaşlı Tayler Robinson da saxlanılıb. Prokurorlar bildirirlər ki, Robinson şəxsi mesajlarında cinayəti etiraf edib. O, hazırda şahidə müdaxilə də daxil olmaqla yeddi ağır cinayətdə ittiham olunur. Utah prokurorları cinayət işi ilə bağlı yeni təfərrüatları açıqlayaraq bu şəxs üçün ölüm cəzası tələb edəcəklərini bildiriblər. ABŞ Prezidenti Donald Tramp da qatilə ölüm hökmünün tətbiq olunmasına çağırıb.

Hazırlamış sənədlərdə deyilir ki, Tayler Robinson Kirki öldürməyi planlaşdırdığını və bunu icra etdikdən sonra atışmanı etiraf etdiyini bildirən qeydlər buraxıb: “Mən onun nifrətindən yoruldum”. Bunu səlahiyyətlilərin şübhəlinin ortağı kimi də qəbul etdikləri Kirkin otaq yoldaşı deyib.

Prokurorların sözlərinə görə, Robinson hücuma bir həftədən çox hazırlaşıb. Sonrakı “SMS” mesajlarında o, geri qayıtmadığına və qətldən dərhal sonra babasına məxsus kollara atdığı tüfəngi götürdüyünə görə peşman olduğunu bildirib. Silahın tətiyində tapılan DNT də Robinsona aiddir. Bu da prokurorların qənaətidir.

Yuta dairəsinin prokuroru Ceffri Qrey Robinsonu yeddi ağır cinayətdə ittiham edir, bura ağırlaşdırılmış qətl, sübutları məhv etməklə ədalətə mane olmaq, şahidə rüşvət vermək, günahını sübut edəcək mesajları silmək və s. daxildir.

Qrey mətbuat konfransında ölüm cəzası qərarına gəldiklərini belə əsaslandırıb: “Yalnız mövcud dəlillər, cinayətin şərtləri və təbiəti”.

Artıq Robinsonun ilk məhkəmə prosesi də keçirilib. O, iki gün əvvəl həbsxanadan videobağlantı vasitəsilə dindirilib. Sentyabrın 29-na təyin edilmiş növbəti məhkəmə gününə qədər onun vəkillə təmin olunacağı bildirilib.

Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Utah Valley Universitetində tələbələrlə ictimai debat zamanı güllələnərək öldürülüb. O, MAGA hərəkatının gənclər qanadını təmsil edən Turning Point USA təşkilatının həmtəsisçisi olub. Özünün etirafına görə, əsasən kollec şəhərciklərində gender və immiqrasiya kimi mövzularda liberallara qarşı “mədəni müharibə” aparıb. Artıq ABŞ-da Kirkin öldürülməsindən sonra siyasi zorakılıqlarla bağlı narahatlıqlar artmaqdadır.

P.ƏMİRCANOV
XQ

Dünya