Sosial islahatların hədəfi ümumi rifahın yüksəldilməsidir

post-img

Müasir və güclü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf son 22 illik tariximizi xarakterizə edən əsas amillərdir. Prezident İlham Əliyevin “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah” konsepsiyasına əsaslanan Azərbaycan dünyada seçilmiş ölkələrin sırasına daxil olub. 

İqtisadi inkişaf əhalinin rifahını yüksəldən, işsizliyi azaldan, təhsil və səhiyyəyə sərmayələri artıran və sosial təminatı gücləndirən maliyyə vəsaitləri yaradaraq sosial problemlərin həllinə böyük töhfə verir. Yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji nüvəsini təşkil edir.

Uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrilib. 

Azərbaycan dövlətinin daxili siyasətinin ən mühüm istiqamətlərindən biri olan sosial müdafiə və sosial təminat sahəsində dərin islahatlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsinə etibarlı təminat yaradır. “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik” ideyası ölkəmizi regionda əhəmiyyətli siyasi-iqtisadi gücə çevirib. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət insanları firavan həyata qovuşdurmaqdadır. Məqsədyönlü sosial siyasətin nəticəsidir ki, dövlətimizin başçısı tərəfindən 2003-cü ildən bugünədək imzalanan Fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb.

2018-ci ildən bəri ölkəmizdə 5 sosial islahat paketi icra olunub. Həmin islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfəri əhatə edib. Nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1, minimum pensiya 2,9, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb. Orta aylıq pensiyada 80 faiz artıma nail olunub. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi isə 4 milyon nəfəri əhatə edir. Pensiya ödənişlərinə ayrılan vəsait 2025-ci il üçün 7,2 milyard manatı ötüb ki, bu da 2018-ci ilə nisbətən 2 dəfə çoxdur.

Artımların şamil olunduğu kateqoriyalarda şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır. Bu kateqoriyalara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə ödənişlərdə ciddi artımlara nail olunması dövlətin xüsusi qayğısının növbəti əməli təzahürüdür. 

Əmək bazarında da müsbət dinamika müşahidə olunur. Görülmüş işlər nəticəsində ölkə üzrə əmək müqavilələrinin sayı 46 faizdən, əməkhaqqı fondu isə 3 dəfədən çox artıb, işsizlik səviyyəsi 5,2 faiz təşkil edir. Hazırda hər ay 2,3 milyondan çox vətəndaşa pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardım üzrə ödənişlər mərkəzləşmiş qaydada həyata keçirilir. Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığı daha da gücləndirilib, son 6 ildə ümumi gəlirləri 2 dəfədən çox, sosial sığorta haqları üzrə gəlirləri isə 2,7 dəfə artıb. Sosial sahədə aparılmış islahatların nəticəsi olaraq əhaliyə ödənişlərlə bağlı xərclər isə 2 dəfəyə yaxın çoxalıb. Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Əhaliyə sosial müavinətlər üzrə 758 milyon manat, Prezident təqaüdləri üzrə 483 milyon manat ödənilib.

Minimum əməkhaqqının artırılması aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan bütün işçilərin əməkhaqlarının artmasına səbəb olub. Nazirlər Kabinetinin təsdiqlədiyi və dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin vəzifə maaşlarının müəyyən edildiyi Vahid Tarif Cədvəli çərçivəsində 19 pillənin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılıb. Bu artım digər pillələrdə də maaşların orta hesabla 16 faizədək artırılmasına imkan yaradıb. 

Beləliklə, yalnız minimum əməkhaqqı artımına uyğun olaraq 700 min nəfərə qədər işçinin maaşında artım olub. Yanvarın 1-dən etibarən, aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı minimum əməkhaqqından az ola bilməz. Bu dəyişiklik işçilərin sosial müdafiəsinin gücləndirilməsi və onların maddi rifahının artırılması məqsədi daşıyır.

Son illərin təcrübəsi göstərir ki, orta aylıq əməkhaqqında davamlı və ciddi artımlar pensiyaların indeksləşdirilərək artırılması göstəricisinin daha yüksək olmasına imkan yaradıb. 2023-cü ildə pensiyaların artımı 14,7 faiz, 2024-cü ildə isə 11,2 faiz təşkil edib. Bu artımlar pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb və gələcəkdə də bu tendensiyanın davam edəcəyi gözlənilir. Həmçinin pensiya artımlarının həyata keçirilməsi zamanı vətəndaşların müxtəlif sosial ehtiyacları nəzərə alınır və bu, onların gündəlik həyatına müsbət təsir göstərir. Mühüm bir yenilik də odur ki, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib. Bu metod hər ilin əvvəlində vahid yanaşma ilə bütün kateqoriyalardan olanların indeksləşdirilərək artırılmasına imkan verir.

Büdcə xərclərində bir sıra prioritet istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlülüyü ilə fərqlənir. Büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım, eyni zamanda, vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi və əhalinin həssas təbəqələrinin dəstək alması istiqamətində görülən tədbirlərin əhəmiyyətini göstərir.

Mustafa KAMAL
XQ

 

Sosial həyat