Dünya Bankı da Orta Dəhlizin uğurlarında maraqlıdır

post-img

Marşrutda bu il 5,2 milyon ton yük daşınması gözlənilir

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) qlobal ticarətin yeni xəritəsini cızan platformaya çevrilərək həm investisiya imkanlarını, həm də Orta Dəhliz — Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ətrafında formalaşan strateji vizyonu diqqət mərkəzinə gətirdi. Forum Milli iqtisadiyyatın və regionun tranzit potensialının təqdimatı olmaqla yanaşı, Avrasiya əlaqələrinin möhkəmlənməsi üçün beynəlxalq əməkdaşlıq çağırışıdır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays forumda Orta Dəhlizin inkişafına Dünya Bankının fəal dəstəyinin davam edəcəyini vurğulayıb. O, infrastrukturun modernləşdirilməsi, tənzimləmə islahatları və rəqəmsal ticarətin təşviqi sahələrində layihələrin prioritet olacağını bildirib və Dünya Bankının digər beynəlxalq tərəfdaşlarla bu təşəbbüsləri əlaqələndirməyə hazır olduğunu qeyd edib.

Orta Dəhliz yeni iqtisadi taleyi yazan arteriyadır. Roland Praysın sözlərinə görə, dəhliz Şərqi Asiyanı Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirərək regional inteqrasiyanı dərinləşdirir və enerji ilə rəqəmsal sahələr arasında sinerjini gücləndirir. Bu marşrut siyasi cəhətdən neytral mövqe saxlayaraq geosiyasi gözlənilməzliklərlə üzləşən ənənəvi kanallara etibarlı alternativ yaradır.

Rəqəmlər də bunu təsdiqləyir. 2024-cü ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatdı. Bu göstərici marşrutun potensialına dair region aktorlarının hesablamalarını gücləndirir. 2025-ci il üçün həcmin 5,2 milyon tona yaxınlaşması gözlənilir. Proqnozlara görə, bunun təxminən 4,2 milyon tonu marşruta daxil ölkələrin ərazisindən keçəcək, daşımaların strukturunda isə həm quru yük (təxminən 2,5 milyon ton — 96 min TEU ekvivalenti), həm də enerji məhsulları (təxminən 1,7 milyon ton neft) mühüm pay təşkil edəcək.

Bu artımı davam etdirmək üçün əsas məqsəd genişmiqyaslı infrastruktur və idarəetmə işlərini tənzimləməkdir. Məhz bu inkişaf xətti ilə 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona çata bilər. Bu, Azərbaycanın tranzit imkanlarını genişləndirmək, logistik xidmətlərdə dəyər zənciri yaratmaq və yerli investisiya ekosistemini canlandırmaq üçün əlverişli olacaq. Lakin dəmir yolu və liman sektorlarında daralmalar, tarif və rabitə tənzimləmələri hələ də ciddi diqqət tələb edən məqamlar olaraq qalır.

Digər tərəfdən, AIIF 2025-in gündəliyində investisiya axınlarının, maliyyə alətlərinin və regionlararası koordinasiyanın necə artırılacağı müzakirə mövzusu oldu. Dünya Bankı və digər beynəlxalq maliyyə qurumları ilə aparılan dialoqlar həmin mexanizmlərin qurulmasına əsaslı töhfədir.  Yüksək səviyyəli əməkdaşlıq və birgə investisiya instrumentlərinin formalaşdırılması perspektivləri müzakirə predmetinə çevrildi.

Orta Dəhlizin iqtisadi faydaları yalnız yük daşımalarının həcminin artması ilə ölçülmür. Marşrut ölkələri regional logistik mərkəzlərə çevirərək tədarük zəncirlərində əlavə dəyər, yeni iş yerləri və sənaye klasterləri yaratmaq imkanlarını açır. Azərbaycanın tranzit mövqeyindən yararlanaraq xidmətlər, logistika və rəqəmsal həllər sahəsində əlavə gəlir mənbələri formalaşa bilər. Bununla birlikdə perspektivlər real siyasət və institusional gücləndirmədən asılıdır. Tarif şəffaflığının təmin edilməsi, sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal logistika infrastrukturunun modernləşdirilməsi və ətraf mühitə həssas yanaşma Orta Dəhlizin dayanıqlı inkişafı üçün vacib şərtlərdir. Forum bu məsələləri investisiya mənbələri ilə birbaşa əlaqələndirmək üçün əlverişli platforma təqdim etdi.

Nəticə etibarilə, AIIF-2025 Bakını regional investisiya və dialoq məkanına çevirərək Orta Dəhlizin gələcəyinə yönəlmiş mühüm siqnallar verdi. Marşrutun xəritəsi yenidən çəkildikcə, regional iqtisadi mənzərə daha dinamik, dayanıqlı və bir-biri ilə bağlı olacaq. Koordinasiya, sərmayə və institusional yeniliklər bir araya gətirilərsə, Orta Dəhliz Avrasiya üçün yeni ticarət və inkişaf xəritəsi formalaşdıracaq.

Xalid KƏRİMLİ, 
iqtisadçı-ekspert

Hər şeydən əvvəl, Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumunu qlobal güclərin iqtisadiyyata yanaşması aspektindən dəyərləndirmək lazımdır. Məsələn, ABŞ dünyada bir nömrəli iqtisadiyyatdır və qlobal ÜDM-in təxminən 26–27 faizinə sahibdir. Ancaq birbaşa xarici investisiyaların əhəmiyyətinə həssas yanaşır və bu istiqamətə bütün resurslarını yönəldir. Niyə? Çünki birbaşa xarici investisiyalar uzunmüddətli iqtisadi artımın əsas mənbəyidir. Bu, yeni iş yerlərinin açılmasına, texnologiyaların ölkəyə transferinə, ümumi daxili məhsulun və iqtisadi gücün artmasına səbəb olur, artımı sürətləndirir, insanların rifahını yüksəldir və dövlətin daha çox vergi toplamasına imkan yaradır. 

Bakıda keçirilən Forum isə Azərbaycanın bu istiqamətdə imkanlarını nümayiş etdirir. Burada ölkənin yeni investisiyalara açıq olduğunu, əlverişli mühit yaratdığını və xarici sərmayəni cəlb etmək üçün real perspektivlərə sahib olduğunu dünyaya göstərir. Xüsusilə, investorlar riskli və gərgin zonalara sərmayə qoymaq istəmirlər.  Forum potensial sərmayədarları ölkəyə dəvət etməklə hökumətin hansı layihələrə investor axtardığını və hansı perspektivlərin mövcud olduğunu göstərir. Çünki biznes qurmaq istəyən investorun ilk sualı budur: “Nə qədər qazanacağam və sərmayəmi necə geri qaytara biləcəyəm?”.

Orta Dəhliz də bu kontekstdə əlavə imkanlar açır. Zəngəzur dəhlizinin (TRIPP) rolu xüsusilə böyükdür. Bu marşrut Mərkəzi Asiyanın resurslarını Azərbaycan üzərindən Qərbə, eyni zamanda Avropadan gələn yükləri Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya və Çinə daşımaq imkanı verir. Azərbaycan öz ərazisində böyük işlər görsə də, marşrutda iştirak edən digər ölkələrin infrastruktur imkanları həlledici əhəmiyyət daşıyır. Məsələn, Gürcüstanda limanın ötürücülük qabiliyyəti zəifdirsə, yaxud Qazaxıstanda dəmir yolu xəttində problem yaranırsa, bütün kanalın fəaliyyəti yavaşlayacaq.

Başqa sözlə, Orta Dəhlizin səmərəli işləməsi üçün bütün iştirakçı ölkələrin infrastrukturu yüklərin sürətli və çevik daşınmasına cavab verməlidir. Hazırda proqnozlarda təqdim olunan rəqəmlər konservativdir, çünki potensial böyük olsa da, nəzərə alınır ki, iştirakçı ölkələrin hər biri hələ öz infrastrukturunu inkişaf etdirməlidir. Gələcəkdə, xüsusən Zəngəzur dəhlizinin açılması ilə yükdaşımaların həcmi daha da arta bilər.

Nurlan ABDALOV 
XQ

 



İqtisadiyyat