AİB ölkəmizə dəstək göstərməyə hazırdır

post-img

Asiya İnkişaf Bankı (AİB) böyük infrastruktur və enerji layihələrinin həyata keçirilməsində Azərbaycana ekspert və maliyyə dəstəyi göstərməyə hazırdır. Bunu bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun 2-ci günündə bildirib.

Təmsil etdiyi qurumun ölkələr və regionlar qarşısında duran çox mürəkkəb çağırışlarla üzləşdiyini diqqətə çatdıran bank rəsmisi deyib:  “Cənub-Şərqi və Cənubi Asiyada özəl sektor investisiyaları, dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı təcrübəmizdən istifadə edərək uğurla sınaqdan keçirilmiş həlləri Azərbaycan da daxil olmaqla region bazarlarına köçürürük. Məsələn, tələbin artması şəraitində enerji şəbəkələrinin inteqrasiyası və az inkişaf etmiş ölkələrin milli və ya regional şəbəkələr yaradaraq enerji çatışmazlığı ilə üzləşən dövlətləri enerji ilə təmin edə bilməsi məsələlərini nəzərdən keçiririk”. 

Onun sözlərinə görə, AİB bank texniki ekspertiza – 152 milyard ABŞ dolları məbləğində zəmanətli kapital, müxtəlif şəraitlərdə – quraqlıqdan geosiyasi dəyişikliklərə qədər 60 ildən çox iş təcrübəsi ilə hərtərəfli dəstək təklif etməyə hazırdır. “Biz bu prosesdə sizə kömək etmək üçün buradayıq. Biz ən mürəkkəb layihələrin həyata keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”, – deyə nümayəndəliyin rəhbəri vurğulayıb.

XQ

 

İqtisadiyyat