Sovet hərbçilərinin bölgələrdə törətdiyi qətliamlar

post-img

Bakıdan sonra M.Qorbaçovun cəlladları Lənkəran və Neftçalada da nahaq qan axıdıblar

Moskvadan göndərilən cəza dəstələrinin əli ilə paytaxt Bakıdan uzaq rayon­larda da haqsızlıqlara etirazını bildirən dinc əhali ilə amansız rəftar edilib. Neçə nəfərin həyatına son qoyulub, neçəsi yaralanıb, həbs olunub. 

Yanvarın 25-də hərbi vertolyotlarla Lənkərana gəlib hegemonluq edən silah­lılara diviziya komandiri, polkovnik Totski rəhbərlik edirdi. Onlar öz zabitləri – ka­pitan Kanapilovu arxadan vuraraq, bu­nun günahını Lənkərandakı milli müdafiə batalyonunun üzvlərinin üstünə yıxıb və xəbərdarlıq etmədən atəş açıblar. Gözlə­nilən təhlükəni şəhərdən uzaqlaşdırmaq məqsədilə Haftoni meşələrinə çəkilən 350 nəfərlik özünümüdafiə dəstəsinin aqibəti daha faciəli olub. 

Hadisələr zamanı Lənkəran rayonu­nun 6 sakini – Tariyel Abdullayev, Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Röv­şən Bədəlov amansızlıqla qətlə yetirilib. Silahlılar 16 nəfər lənkəranlı gənci həbs edərək, Rusiyanın Ulyanovsk şəhərinə, 30 nəfəri isə Şüvəlan qəsəbəsinə apa­raraq 30 gün dustaq saxlayıblar. Bakı hadisələri zamanı isə 5 nəfər lənkəranlı şəhadətə qovuşub. Şəhidlərdən biri – Ta­riyel Abdullayev Ulyanovska aparılarkən vertolyotda boynuna telefon məftili dola­yaraq, boğub öldürüblər. Onun meyiti Ba­kıda “Salyan kazarmaları”nın qabağında­kı küçəyə atılmışdı...

Hadisələr zamanı Haftoni meşəsin­də olan, təsadüf nəticəsində sağ qalan Lənkəran sakini Hicran Əsədov baş verənləri belə xatırlayır: 

– Yanvarın 19-dan 20-nə keçən gecə işdən çıxıb evə getdik. Televiziyalar işlə­mirdi deyə, Lənkəran radiosunu açdım. Xəbər verildi ki, Bakıda qırğın olub, “xi­laskar” sovet hərbçiləri camaatı qırıblar. Mitinqə toplaşdıq. Kimsə dedi ki, Bakıya köməyə getməliyik, kimin evində nə var – ov tüfəngi və s. götürüb, yola çıxaq (Qə­ribə görünsə də, adam belə məqamda hətta bıçaqla da köməyə getmək istəyir). Sonra xəbər gəldi ki, daha Bakıya getməyə ehtiyac yoxdur. Biz də göz­də-qulaqda olduq ki, birdən vəhşi hərbçilər Lənkərana gələrlər. Bir neçə gün sonra, həqiqətən də, ordu Lənkəranda peyda oldu. Şəhərdə qarşıdurma olma­sın deyə, saat 2–3 radələrində Haftoni kəndi yaxınlığındakı meşəyə getdik. Rus­lar snayperlə öz adamlarından birini vu­rub bizi günahlandırdılar. Halbuki, bizdə avtomat yox idi. Beləcə, şəhidlər verəsi olduq. 

Dayım yaralanmışdı, can verirdi deyə, onun yanına gəldim. Bir də gördüm ki, başımızın üstünü rus hərbçiləri alıb. Bizim əl-qolumuzu bağladılar, dayımın meyiti qaldı maşında.

Axşam bizi döyə-döyə vertolyotlara mindirdilər. 30 gündən çox Ulyanovskda həbsxanada qaldıq. Hər gün bizi yoxla­yır, əziyyət verir, iynə vururdular… Mən o zaman bel ağrısı, kəllə-beyin travması almışdım. Uzun illərdir ki, müalicə olunu­ram.

Həmin vaxt məktəbli olan Hüseyn Cəbrayıloğlunun isə yaddaşında Lənkəran olayları belə qalıb:

– Mənim 15 yaşım vardı. Bakı ha­disələrindən sonra artıq Lənkəranda hərəkat fəalları Moskvanın cinayətkar əməllərinə cavab olaraq, yerli hakimiyyət orqanlarını ələ keçirmişdilər. Az qala, bü­tün ölkə Lənkərandan danışırdı. Məktəb­də müəllimlərin Bakıda qaniçən ordunun günahsız əhalini gülləbaran etməsi barə­də söhbətləri hər birimizi qəzəbləndirirdi. 

Bakı qırğınından 2 gün sonra Lənkəranda “Şüşəli univermaq” deyilən mağazanın pəncərələrinə “Səhər” qəzetinin xüsusi buraxılışını vurmuşdular. Qəzet bütünlüklə faciəni əks etdirən şəkillərdən ibarət idi. Daha sonra gündəlik mitinqlər başlandı və növbəti faciə Lənkəranda baş verdi. Hə­min gündən başlayaraq, səmada dövrə vuran vertolyotlar, Lənkəran şəhidlərinin dəfni və vertolyotlardan səpilən hədələ­yici vərəqələr indi insana ağrılı bir film kimi gəlir...

Qanla yazılmış tarix bu gün hünər səlnaməsi kimi xatırlanır. 20 Yanvar şə­hidləri ilə bərabər, 26 yanvar hadisələ­ri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərindəki Şəhidlər xiyaba­nında əbədiləşdirilib. 34 ildir ki, yerli sa­kinlər bu müqəddəs məkanı ehtiramla ziyarət edir, şəhidlərin ruhu qarşısında baş əyirlər... 

Etiraz dalğaları Neftçalanı da bü­rümüşdü. Yanvarın 25-də buraya gələn ordu hissələri günortadan sonra rayo­nun mərkəzinə yetişiblər. Sovet tankları, BTR-ləri küçə və meydanlarda o baş-bu başa şütüyür, əsgərlər heç nəyə baxma­dan, Bakıdakı qətliama etirazını bildirən əliyalın insanlara atəş açır, gülləbaran edirdilər. Yoldan ötənlər belə döyülür, vu­rulub əzilirdilər...

“Qanlı yanvar” qurbanlarından biri Nurəddin Ağahüseynov oldu. O, axşamüstü öz minik maşınında Neftçalanın mərkəzində ikən tanklarla üz-üzə gəldi. Anındaca atəşə tutuldu və neçə gül­lə yarası aldı. Camaat harayına yetib Nurəddini xəstəxanaya aparsa da, za­vallının həyatını xilas etmək mümkün olmadı...

Amansız sovet əsgərlərinin hege­monluğuna etiraz edənlərdən biri də Əbülfəz Cəfərov idi. Cəsarəti, canıya­nanlığı ilə tanınan Əbülfəz öz həyatını təhlükəyə ataraq, yaralıları əsgərlərin pəncəsindən alıb uzaqlaşdırırdı. O özü də qəfil gülləyə tuş gələrək yerə sərildi və şəhid oldu. Vəhşilər Əbülfəzin barmağını kəsib nişan üzüyünü də götürmüşdülər.

Qanlı yanvar hadisələri zamanı bir çoxları kimi, neftçalalı Şəmsəddin Orucov da həyatını itirdi. O, hərbiçilər tərəfindən evinin pəncərəsindən baxarkən atılan güllə nəticəsində şəhid oldu... 

Nefçala faciəsinin şahidləri bildiriblər ki, təcavüzkarlar bununla kifayətlənmə­yiblər. Hər cür qəddarlığa əl atan sovet əsgərləri hətta şəhərdə 20 Yanvar şəhid­lərinin yas mərasimini də atəşə tuturdu­lar. Xıllı qəsəbəsində tank və PDM-ləri şübhələndikləri adamların qapısına sü­rüb, həyətlərindəki ot tayalarını yandı­rırdılar. Onlar 50-yə yaxın insanı həbs edərək, Bankə qəsəbəsindəki hərbi his­sənin hamamına apardılar və orada gü­nahsızlara xüsusi qəddarlıqla işgəncələr verdilər. 

Publisist İbrahim Nurlu “Neftçala­da yanvar qırğını” adlı kitabında yazır: “Tutulanları döyə-döyə maşınlardan yerə tökürdülər. Rusca kobud ana söyüşləri, yaralananların iniltisi döyülənlərin qışqırı­ğına qarışmışdı. Yerə axan al qan soyuq, çirkli beton döşəməni qızartmağa başla­dı. Hamamın tünd qoxusuna qan iyi də qarışdı...”

Sonra qəddar əməllərinə haqq qa­zandırmaq istəyən Neftçala rayonunun hərbi komendantı O.Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilir­di ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman guya rayon müdafiə şurasının üzvləri silah işlətmiş və buna cavab olaraq onlara atəş açılmışdır. Ha­disələr zamanı leytenant Aksyonov adlı qondarma bir zabit ölmüş, bir əsgər isə yaralanmışdır. Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara varmış...

Deyildiyinə görə, SSRİ Dövlət Təh­lükəsizliyi Komitəsinin “Alfa” Qrupunun üzvləri də Neftçalaya gəlib kəşfiyyat aparıblar. Rayon hərtərəfli blokadaya alı­nıb. Tutulanları üst-üstə vertolyota yığa­raq Bakıya aparan zaman dənizə atmaq istəyiblər, amma nədənsə çəkiniblər. 

Sonda qeyd edək ki, işgəncələrdən və aldıqları yaralardan ölənlərlə bərabər, Ramiz Hüseynov, Novruz Dadaşov, Ələk­bər Talıbov, Bəxtiyar Ağayev, Məhəm­məd Fərziyev, Fərman Hüseynov, Oqtay Orucov, Əliheydər Məmmədov, Abdulla Ağayev və İmamverdi Zeynalov Azər­baycan Respublikasının “Azadlıq uğrun­da mübariz” fəxri adına layiq görülüblər. 

Əlbəttə, şəhid olanların qanı hədər getmədi. Onsuz da bünövrəsi laxlayan SSRİ dağıldı, zorla müttəfiq elan edil­miş respublikalar müstəqillik qazandılar. Azərbaycan isə ermənilərin işğal etdiyi Qarabağı və Şərqi Zəngəzuru da azad etdi. 

P.S: Yanvar hadisələrindən 5 il sonra, 1995-ci aprelin 27-də Mixail Qorbaçov İstanbul şəhərində həmin vəhşi təcavüz­lə bağlı deyib: “Bakıda fövqəladə vəziy­yət elan etmək və oraya qoşun göndər­mək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Amma bu, artıq daldan atılan daş idi... 

Əli NƏCƏFXANLI
XQ



Qan yaddaşı