Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülmüş işlərə dair iclas keçirilib. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən XQ-yə verilən xəbərdə bildirilir. Qeyd edilir ki, iclasda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatlar çərçivəsində əlilliyin qiymətləndirilməsi və əlillərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahələrində də işlərin uğurla icra edildiyi vurğulanıb.
Bundan başqa, əlillərin hüquqlarının təminatı sahəsində atılan addımlar barədə məlumat verilib. Əlilliyin qiymətləndirilməsi zamanı əsas götürülən yeni meyarların sayı 2022-ci ilin 1 iyuluna qədərki cəmi 128 meyarla müqayisədə 5 dəfəyə yaxın artırılaraq 616-ya çatdırılıb. Yeni meyarlar əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə yanaşı, vətəndaş məmnunluğuna yönəlik bir sıra yeni yanaşmaların tətbiqinə imkan verib.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla ötən il 50 min 700 nəfərə əlillik təyinatı aparılıb. Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Ölkə üzrə fəaliyyət göstərən 15 reabilitasiya müəssisəsi vasitəsi ilə 87 min 700 şəxsə reabilitasiya xidməti göstərilib. Agentlik tərəfindən 10 min 500 şəxsə 91 min 400 reabilitasiya vasitəsi verilib.
Qeyd olunub ki, 2024-cü il iyul ayının 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların yekun tibbi müayinə əsasında verilməsi istiqamətində görülən işlərin icrasına başlanılacaq. Əlillərə göstərilən elektron xidmətlərin sayının artırılması, mövcud xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində səylərin gücləndiriləcəyi vurğulanıb. Sonda ötən dövrdə görülmüş işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.
Z.BAYRAM
XQ

