Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda da nə qədər “epidemioloji vəziyyət sabitdir” – deyilsə də, gərginlik olduğu məlumdur. Əgər Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ koronavirus, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, ölkəmizdə də vəziyyət kəskinləşə bilər və buna hazır olmalıyıq.
Hazırda təcili yardıma müraciət edənlərin sayı çoxalıb. Həmçinin vəziyyətinə uyğun xəstəxanaya aparılmalı olanlar da artıb. Temperatur, boğaz ağrısı, öskürək bütün yaşda olan insanları əhatə edib. Valideynlər arasında uşaqlarının yoluxmadan sonra ağırlaşacağından qorxanlar daha çoxdur. Elə ailə tapmaq çətindir ki, orada 1, ya 2 nəfər xəstələnməsin. Xəstələrin bir qrupu – uşaqlar, gənclər həm qızılcaya yoluxurlar, həmçinin göyöskürəkdən əziyyət çəkirlər. Daha təhlükəli hal odur ki, paytaxtda olduğu kimi, bir çox rayonlarda sarılıq ocaqları var.
Həkimlərin “naməlum mənşəli pnevmoniya” diaqnozu qoyduqları mikoplazma sətəlcəmi də unudulmamalıdır. Qeyd edək ki, bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu olub.
Xəstəliyə hava-damcı yolu ilə sıx toplaşılan məkanlarda, kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxmaq mümkündür. Yeni tip pnevmoniyaya ən çox uşaqlar, gənclər, hamilələr yoluxurlar.
Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Ölkənin səhiyyə qurumları hazırda xəstəxanalarda bu xəstələrin sayının artdığını, çarpayıların dolduğunu bildirirlər.
Eləcə də Azərbaycanda artıq 3 aydır ki, uşaqlarda sadəcə öskürək və boğulma ilə müşahidə edilən virusun yayıldığı da məlumdur. Bakıda uşaq xəstəxanalarının infeksion şöbələrində belə xəstələr çoxdur. Maraqlı odur ki, aparılan müalicələrin təsiri arzuolunan səviyyədə deyil.
Artıq 3 aydan çoxdur ki, Azərbaycanın bölgələri və Bakıda qızılca sürətlə yayılmaqdadır. Bu müddətdə 15-ə yaxın uşaq və gənc vəfat edib. Hələ dekabr ayından pandemiya vaxtı açılan və sonradan bağlanan modul tipli xəstəxanaların qızılca səbəbindən açılması barədə məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə onlarca valideyn övladının Məhəmmədi modul tipli xəstəxanada müalicə aldığını yazır. Hətta bildirirlər ki, müəssisədə xəstələrin sayı çoxdur.
Bugünlərdə qızılca daha bir uşağın həyatına son qoyub. Qazaxda 13 yaşlı Nəzrin Şabanzadənin ölümünün təfərrüatları yenə də səhiyyə problemlərini gündəmə gətirib. Mediada yayılan xəbərlərdə və paylaşılan videoda uşağın xəstəxanaya aparılması prosesindən bəhs edilir. Valideynlərin danışdıqlarından belə görünür ki, ağır tənəffüs, ensefalopatiya əlamətli və qızılca diaqnozlu, amma hələ həyat əlamətləri olan uşağı xəstəxana qəbul etməyib və xəstə Bakıya göndərilib. Ambulansa danışa-danışa minən xəstə paytaxta artıq ölü vəziyyətdə çatdırılb.
Qazaxdan Bakıya magistral yolun vəziyyətindən asılı olaraq, azı 5–5,5 saata çatırlar. Həmin müddətdə isə xəstə artıq tənəffüs aparatına qoşulmalı, reanimasiya tədbirləri görülməli idi. Atanın sözlərinə görə, Nəzrin kənddən Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb: “Evdə müalicə aldığı müddətdə səpkiləri çoxaldı. Həkimlə əlaqə saxladıq. Yoxlayıb Bakıya göndərdilər. Qızım söhbət edə-edə getdi, xəstəxanaya çatanda ambulansdan düşə bilmədi. Müayinə edən həkimlər bildirdilər ki, artıq iş-işdən keçib, gecikdirmisiniz”.
Nəzrindən əvvəl 10 yaşlı qardaşı Əmrah da qızılcaya yoluxubmuş. Yeri gəlmişkən, burada valideyn səhlənkarlığını qeyd etməmək olmur. Nəzrin kimi onlarca uşağın valideyni həkimə vaxtında müraciət etmir, sonradan onları günahlandırırlar.
Bəs qızılca adam öldürürsə, o zaman xəstə uşaqlar evlərdə niyə yoxlanmır, ailə həkimlərinə, sahə peditrlarına niyə məlumat vermirlər? Bir uşağın vəziyyətinin ağırlaşdığını ailədəkilər, valideyn görməli deyilmi? Hər ölüm səbəbini həkimin üstünə atmaq olarmı?..
Bu gün Azərbaycanda uşaqdan böyüyə hər kəsi bir sual düşündürür: qızılca nə vaxt bitəcək, biz bu kabusdan nə vaxt qurtulacağıq? Vəziyyətin təhlili göstərir ki, hazırda yoluxma pikə doğru gedir və artıq xəstəxanalara yerləşdirilənlərin sayı artır. Hətta 60–70 yaşlılar da qızılcaya yoluxurlar. İnfeksionistlər gərginliyin təxminən nə vaxt düzələcəyini, sadəcə, ehtimalla söyləyirlər.
“Leyla” klinikasının şöbə müdiri, pediatr Sahib Cəfərovun bildirdiyinə görə, qızılcaya nə qədər yaşlı insanlar yoluxsa da, əksər xəstələr uşaqlardır. Yaşlılara nadir hallarda qızılca keçir. Xəstəliyə 100 uşaq yoluxursa, təxminən 3–4 nəfər yaşlı insan xəstələnir. Amma onu da demək yerinə düşər ki, qızılcaya hər kəs yoluxa bilər, konkret qayda yoxdur.
Həkim deyib: “Uşaqlar müəyyən yaşa qədər bu virusla üzləşir, yoluxur, immunitet əldə edirlər. Onlarda immunutet iki halda yaranır. Uşaqlar ya həmin xəstəliyə qarşı peyvənd olunmaqla, ya da ki, yoluxub sağalmaqla virusa qarşı immunitet əldə edirlər. Ona görə 25–30 yaşdan yuxarı insanlarda bu xəstəliyə qarşı immunitet olur. Amma nəzərə alsaq ki, 60 yaşlı insanlar sovet dövründə ya peyvənd olunub, ya da yoluxmaqla sağalıblar, o yaşda xəstə çox az olur”.
S.Cəfərovun fikrincə, qızılcada vəziyyət koronavirusdakı kimi deyil. Qızılca çox güclü yoluxucudur, həssaslığı olan şəxs istər-istəməz yoluxacaq. İmmuniteti güclü olanlar isə yoluxmayacaq. Bu xəstəlikdən maska və sosial məsafə ilə qorunmaq mümkün deyil. Qızılca pik nöqtəyə qısa müddətdə çatdığı üçün koronavirus kimi illərlə yox, qısa sürəcək, yəqin ki, bir neçə aya bitəcək.
Pediatr müalicə məsələsində valideynləri diqqətli və ayıq olmağa çağırıb: “Qızılcalı uşaqda səpkilər çıxandan sonra maksimum 1 günə qızdırma düşməlidir. Ümumiyyətlə, xəstəliyin yüngül formasında qızdırma 2 gün olur. Əgər uşaqda səpkilər çıxandan sonra da qızdırma 2–3 gün davam edirsə, demək burda ağırlaşma ehtimalı çoxdur. Bəzən valideynlər diqqətsiz olur, elə bilir ki, uşaq xəstədir deyə zəifdir, ya sadəcə yatıb. Ona görə də xəstəliyin ağırlaşdığını bilmirlər. Qızdırmanın xüsusi müalicəsi yoxdur. Xəstəyə yalnız A, D vitaminləri, qızdırma salan dərman, bol maye, çay verilir. Halsızlıqdan su da içə bilməyən xəstələrə sistem şəklində bəzi vitaminlər yeridilə bilər”.
Zərifə BƏŞİRQIZI
XQ


