Azərin də ruhu şaddır

post-img

Şəhidlərin ata ocaqları müqəddəs ziyarət ünvanına çevrilib. Ziyarətçilər onların ruhunu ehtiramla yad edir, valideynlərinə səbir diləyir, Vətən uğrunda canlarından keçən igidlərin heç zaman unudulmayacağını bildirirlər. 

Bu yaxınlarda Biləsuvar şəhərində 24 yaşı tamam olan Azər Məmmədovun ailəsinə baş çəkənlər də onların qapı­sını eyni missiya ilə açıblar. Rayon icra hakimiyyətinin rəsmiləri, ictimai təşkilat rəhbərləri, YAP fəalları şəhid valideynlə­ri, qazilər və ictimaiyyət nümayəndələri onun ölməz xatirəsini yad edib, şərəfli həyat və döyüş yoluna nəzər salıblar. Hər kəs şəhidin adı ilə fəxr etdiyini söyləyib.

Azər Məmmədov 9 yanvar 1990-cı ildə Biləsuvar şəhərində anadan olub. 1997–2008-ci illərdə Ə.Eynullayev adı­na şəhər 4 nömrəli tam orta məktəbin­də təhsil alıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ sıralarında qulluq edib. Ötən ilin sentyabr ayında ölkəmizin suverenli­yinin tam təmin olunması məqsədilə keçi­rilən antiterror tədbirləri zamanı şəhadətə ucalıb. Sentyabrın 21-də ata yurdundakı qəbiristanlıqda dəfn olunub. Azərbay­can Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmə­dov Azər Sulduz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” or­deni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Atası Sulduz kişi ziyarətçilərə min­nətdarlığını bildirərək oğlu haqqında xatirələrini danışıb. Şəhidin dəfn və 40 mərasimlərinin rayonda urvatlı bir şəkil­də keçirilməsindən razılığını bildirib. O, vurğulayıb ki, Azər həmişə əziz eloğlusu, xalqımızın fəxri olan Milli Qəhrəman Mü­bariz İbrahimovu xatırlayır və deyirdi ki, belə oğulları olan Vətən basılmaz. Çox keçməz ki, torpaqlarımız erməni işğalın­dan azad olunar. Özü də dəfələrlə Mü­bariz İbrahimovun ev-muzeyinə gedərək onun xatirəsini yad etmişdi…

Taleyin gərdişinə baxın ki, mübariz­lərin yüksək vətənpərvərlik ənənəsini davam etdirən Azərin ata ocağı da bu gün ziyarət yerinə çevrilib. YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı qeyd edib ki, Vətənə olan sevgi anaya məhəbbəti ilə bir tutulur. Elə “Ana Vətən” anlayışı da bu sevgidən yaranıb. İnsan bir ailədə doğulsa da, Vətən torpağında böyüyüb boya-başa çatır. Bunun üçün də onu müdafiə etməyə və qorumağa hər zaman borcludur. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmada­ğın edərək tarix yazdılar. Ali Baş Koman­danın rəhbərliyi altında, xalqın dəstə­yindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı iş­ğaldan azad etdilər. Artıq bu gün müqəd­dəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu şaddır. Çünki ötən il sentyabrın 19–20-də 23 saat ərzində keçirilən lokal xarakterli antiterror təd­birləri ilə tarixi torpaqlarımız düşməndən tam təmizlənib, separatçı tör-töküntülər layiqincə cəzalandırılıblar. Bu fərəhi bizə yaşadan Azər Məmmədov kimi oğullarla hamımız fəxr edirik.

Şəhid Azər Məmmədov ailəli olub, onun 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat