Doğma yurda qayıtmış 4 mindən çox soydaşımız üçün iş yerləri yaradılır
Məcburi köçkünlərin doğma yurda rahat və təhlükəsiz qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının 5 milli prioritetindən biridir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Bunun nəticəsidir ki, indiyədək 4 mindən artıq məcburi köçkün daimi məskunlaşmaq üçün geri qayıdıb. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluq imkanları qiymətləndirilib və bu işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilib.
Yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırılıb, sənaye və aqroparklar yaradılıb, məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüsləri dəstəklənib.
Hazırda Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək göstərilməsi məqsədilə “Qarabağ KOB-ları” proqramı icra olunur.
Layihə çərçivəsində indiyədək sözügedən kateqoriyadan olan müvafiq tələblərə uyğun gələn şəxslərə biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçirilib. Özünüməşğulluq proqramı çərçivəsində heyvanlar verilib. Məşğulluğun təmin olunmasında əmək yarmarkaları da önəmli rol oynayıb. Məsələn, keçirilən əmək yarmarkalarında Füzulidə 20 işəgötürən tərəfindən 200 vakansiya, Laçında 16 işəgötürən tərəfindən 200 vakansiya sakinlər üçün təqdim edilib. Görülən kompleks tədbirlər nəticəsində 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.
İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərin əsas istiqamətlərindən biri də peşə hazırlığı kurslarının təşkili olub. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılıb. Ümumilikdə, 2023-cü ildə ölkə üzrə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub.
Sonrakı illərdə işğaldan azad olunmuş ərazilərə köç daha intensiv hal alacaq. Bunun üçün bütün imkanlar səfərbər edilib. Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması və geniş ərazinin minalardan təmizlənməsi deməkdir.
Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini davam etdirir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə daha 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılıb. 2026-cı ilin sonunda, ümumilikdə, 280 min hektar ərazi minalardan təmizlənəcək. Minalardan təmizlənmiş geniş ərazilər isə xalq təsərrüfatına cəlb olunacaq. Bu da yeni iş yerləri deməkdir.
Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda keçirilən elmi-praktik konfransda deyib: “Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Ağdam Sənaye Parkında iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 mindir”.
Beləliklə, hər bir sahə üzrə fasiləsiz iş gedir, yeni sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına geniş torpaq sahələri cəlb edilir, infrastruktur qurulur, sosial obyektlər tikilir. Eyni zamanda sahibkarlıq fəaliyyəti dəstəklənir. Bununla yanaşı məcburi köçkünlərin öz doğma torpaqlarına köçü təmin edilir. Görülən işlər Qarabağın tezliklə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyindən xəbər verir.
P.ƏFƏNDİYEV
XQ

