Vətən müharibəsində Azərbaycan əsgəri döyüşə-döyüşə Qələbəyə doğru gedirdi. O, səngərdən başlayıb ürəklərdən keçən Qələbə yolunu müqəddəs yol bilirdi...
1992-ci ildən 2020-ci ilin payızına kimi ermənilər işğal etdikləri kəndlərə, qəsəbələrə, şəhərlərə aparan yolları-izləri, çölləri-düzləri, qaraltısından çəkindiyi meşələri, əzəmətindən eyməndiyi dağların yan-yörəsini minalayırdı. Azərbycan əsgəri dağlarda, meşələrdə cığırları yola döndərirdi, minaları təmizləyə-təmizləyə irəliləyirdi. Yan-yörəsində gizlədilmiş minalar aşkarlanırdı, zərərsizləşdirilirdi.
İstehkamçılar minaaxtaran cihazın siqnal səsini haray bilirdi: Dayan! Dayanırdılar, nəfəslərini dərib peşə vərdişi ilə ehtiyatla irəliləyirdillər. “Müharibədə neçə mina zərərsizləşdirdin?” – maraqdan yaranan suala aldığım cavabı bütün istehkamçıların mənəvi dünyasının işığı bilirdim: Tarixi Zəfərimizə lazım olan qədər!
İstehkamçılar Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi yaxınlığındaydılar. Postumuz düşmənin postundan o qədər də aralı olmayan ərazidə idi. Diqqətlə baxanda postların arasındakı sahədə basdırılmış iki mina aydın görünürdü. Bir azdan döyüşçülərimiz buradan hücuma keçəcəkdilər. Həmin ərazi düşmənin də nəzarətində idi, bizim də. Baş leytenant Kənan Rzayev minanı əmr gözləmədən atəş altında zərəsizləşdirdi. Döyüşçülərimiz həmin ərazidən hücuma keçdilər. Kənd işğaldan azad edildi.
Yolun ortasında iri daş vardı. Nə sağda, nə də solda yüksəklik yox idi ki, daşın ordan düşdüyünü güman edələr. “Daşı yola ermənilər atıb!” – düşündülər. Ayaq saxladılar. Qrupun komandiri baxışıyla daşı göstərdi. Daşın sağına-soluna göz gəzdirdilər. Minaaxtarandan istifadə etməyə ehtiyac olmadı–sağ tərəfdə bir-birinə çataqlı iki mina vardı. Tələsik basdırılmışdı. Riskli olsa da, hər iki minanı yerindəcə zərərsizləşdirdilər. Sonra minaaxtaranı yerə qoyub avtomatı götürdülər və döyüşənlərin sıralarına qoşuldular.
Onlar komandanlığın müvafiq əmrini gözləyirdilər. Müşahidə postu düşmən mövqeyinə yaxın idi. Bir qədər diqqətlə baxanda arada qalan ərazidə iki təzə torpaq qalağı görünürdü. Gümanlar gerçəkliyə meyilli gümanlarıydı: mina basdırılıb! Təcrübə gümanlara aydınlıq gətirdi. Bir də diqqət yetirdilər. Basdırılımış iki mina uzaqdan gözə çarpırdı. Düşmən minaların diqqəti çəkdiyini güman etmədiyinə görə, əsas qüvvələrini ərazinin qarşı tərəfindən başlayacaq döyüş xəttinə cəmləmişdi. Kəşfiyyatçıların bu məlumatı minanı atəş altında zərəsizləşdirməyə, ardında hücuma keçməyə imkan yaratdı. Döyüşçülərimiz kəndi işğaldan azad etdi.
Daşaltıdan Şuşaya aparan yolu addım-addım yoxlaya-yoxlaya irəliləyirdilər. Yol minalardan təmizlənəndən sonra döyüşçülərimiz Şuşanın dağlarını nərdivana döndərib şəhərə qalxacaq, yüngül silahlarla nər kimi döyüşəcək, Qala-şəhəri işğaldan azad edəcəkdilər. 10-15 addım getmişdilər. Qəflətən çayın içindən sahilə uzanan məftilləri görəndə dayandılar. Minalara bağlanmış məftillər sahildə ağaclara bərkidilmişdi. Münasib olmayan yerdə, gərginlik içində, vaxt darlığında (el arasında belə məqama “izlə biz arasında” deyirlər) çataqlı minaların ikisini də yüksək peşəkarlıqla zərərsizləşdirdilər. Xüsusi təyinatlı qüvvələrimizin bir hissəsi Şuşanın dağlarına bu istiqamətdən yaxınlaşdı. Həmin istiqamət Zəfərə aparan döyüş yolu oldu.
Yol dünəndən gəlib sabahlara gedir. Əhmədbəyli kəndindən başlayan, Füzuli şəhərindən, Topxana meşəsindən, Daşaltı kəndindən keçən təzə yol müharibə ərəfəsində iz oldu, iz cığıra döndü. İkinci Qarabağ müharibəsində cığır hərbi əməliyyatlara görə genişləndi, yol oldu – Zəfər Yolu!
Zəfər yolu olacaq cığırda mina aşkarlayan, mina zərərsizləşdirən, cığırın yöndəmsizliyini yöndəmə gətirən mühəndis-istahkamçılara xitabən deyirik: Cığırları minasızlaşdırdığınıza görə sağ olun. Zəfərə görə sağ olun. Cığırı yola döndərdiyinizə görə sağ olun!
Rəşid FAXRALI,
hərbi jurnalist

