Ramil Vəlizadənin üzgüçülük gümüşü
Azərbaycan milli komandasının üzvü Ramil Vəlizadə İslam Həmrəyliyi Oyunlarında 200 metr məsafəyə kəpənək üsulu ilə üzgüçülük üzrə 02:01:16 nəticə göstərərək, gümüş medal qazanıb.
Xatırladaq ki, daha əvvəl sərbəst üsul ilə 1500 metr məsafədə Süleyman İsmayılzadə (15:28:42) bürünc medal qazanıb.
Qadınlar arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında isə komandamız bürünc medal qazanıb.
Stolüstü tennisçilərimizin bürünc mükafatı
Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutublar.
Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda yarımfinalda Misir seçməsi ilə qarşılaşıb. Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə, stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mükafatla başa vurublar.
Ağırlıqqaldıranımız 2 gümüş qazanıb
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub.
İdmançı təkanla qaldırmada 211 kq çəkinin öhdəsindən gəlməklə gümüş medal əldə edib.
Beləliklə, Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
İrina Zaretskaya finalda
Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
İdmançımız 68 kiloqram çəki dərəcəsində İslamiadanın həlledici görüşünə vəsiqə qazanıb.
İrina Zaretska yarımfinalda ekvatorial qvineyalı rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib. O, finalda Eda Eltemurla (Türkiyə) üz-üzə gələcək.
Azərbaycanı 67 kiloqram çəki dərəcəsində təmsil edən idmançımız Nuran Rzazadə isə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) 0:2 hesabı ilə məğlub olub.
Ər-Riyadda Azərbaycan –Türkiyə voleybol finalı
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda millimiz dünən Əfqanıstan yığması ilə qarşılaşıb. Rəqibini 3:0 (25:7, 25:5, 25:9) hesabı ilə məğlub edən komandamız 3 qələbə ilə finala yüksəlib.
Bu gün keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.
Y.QABİL
XQ





