I MƏQALƏ
Qələbədən 5 il sonra
Nəinki bütün Azərbaycan, həm də bütün Türk dünyası 2025-ci il 8 Noyabr Hərbi paradını heç zaman unutmayacaq. Bunun səbəbləri çoxdur. Ancaq başlıca siyasi, geosiyasi və hərbi güc mesajları olduqca vacib faktordur. Onların ümumi xarakteri həmin gün Bakıdan dünyaya dövlət başçısının verdiyi tarixi mesajların məzmunu ilə bağlıdır. Bu, müstəqil bir dövlətin prezidentinin ölkə ərazisini bərpa etdikdən və tam suverenliyə nail olduqdan sonra baş verənlərə və gələcəyə baxış vizyonunun özəllikləri prizmasında ayrıca aktuallıq kəsb edir.
Möhtəşəm tarixi qələbədən 5 il sonra Bakı parad prizmasından necə görünürdü? Prezident İlham Əliyevin paradda etdiyi tarixi nitqinin mahiyyəti və ruhundan bu suala cavab tapmaq mümkündür!
Müttəfiqliyə sadiqlik
Azərbaycan Prezidenti nitqinin əvvəlində vurğulamışdır: “Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Prezident İlham Əliyev, sözün həqiqi mənasında, Azərbaycan dövlətçilik ənənəsi və xalqın tarixi mənəvi-mədəni-əxlaqi ənənəsi müstəvisində nümunəvi fikir söyləmişdir. Dövlət başçısı səmimiyyətlə vurğulamışdır ki, Azərbaycan xalqının mənəvi dəyərlərindən qidalanan Azərbaycan dövlətçilik və liderlik ənənəsində qədirbilənlik, dosta və qardaşa sədaqətlilik həmişə birinci sırada yer almışdır. Vətən müharibəsində Türkiyə rəhbərliyi və xalqının Azərbaycan dövləti və xalqının, onun güclü liderinin yanında olmasını heç zaman unutmayacağıq və həmişə şükranlıqla yad edəcəyik!
Bu mövqenin siyasi liderlik və dövlətçilik kontekstlərində geosiyasi anlamı böyük və dərindir. Hə şeydən öncə, Azərbaycan Prezidenti milli dövlətçiliyimizə fayda verən hər bir addımı yüksək qiymətləndirdiyini vurğulamışdır. Yəni həmişə olduğu kimi, indi də Azərbaycan Prezidenti milli dövlətçilik maraqları mövqeyindən çıxış etmişdir.
Bundan başqa, İlham Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi, mənəvi, mədəni, geosiyasi dəyərlərə çox ciddi yanaşdığını bir daha göstərmişdir. Onun əsas əlamətlərindən biri Azərbaycan dövlətinin Şuşa Bəyannaməsinin hər bir bəndinə ciddi dövlət münasibəti göstərməsidir. Prezident İlham Əliyev qalib lider kimi bunu xüsusi vurğulamaqla, hər şeydən öncə, müstəqil demokratik və hüquqi dövlətin rəhbəri olduğunu bir daha sübut etmişdir.
Bununla İlham Əliyev dövlət başçısı kimi etibarlı və yüksək etimada layiq milli lider olduğunu göstərmişdir. Məlumdur ki, vurğulanan keyfiyyətlər müasir geosiyasi təlimlərdə və liderologiyada olduqca vacib faktorlar hesab olunurlar.
Türkiyə əsgəri paradda
Bunların məntiqi fonunda Prezident İlham Əliyevin nitqində ifadə edilmiş aşağıdakı fikirlər tarixi əhəmiyyətlidir. Dövlət başçısı bəyan etmişdir: “Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür”.
Bu fikirlər etnik qardaşlıqdan dövləti müttəfiqliyə hüquqi keçidin nümunəsidir. Azərbaycan Prezidenti Türkiyə ilə qardaşlığın əhəmiyyətinə diqqət edərək, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının çərçivəsində fəaliyyət göstərdiklərini dünyaya bəyan etmişdir. Türkiyə hərbçilərinin Bakıdakı Paradda iştirakının da əsl mənası və hüquqi qiyməti bu kontekstdə dərk edilməlidir. Yəni digərlərindən fərqli olaraq Azərbaycan paytaxtı qardaş ölkənin belə hərbi qüvvələrini Vətən savaşında qalib gəlmiş dövlətin baş şəhəri olaraq qürur və alın açıqlığı ilə salamlayır! Türkiyə və Pakistan hərbçilərinin paradda iştirakı bu anlamda “Azərbaycan ordusu qardaşımızdır, onun gücünə və qüdrətinə tam inanırıq, bu ordu möhtəşəm Zəfər əldə etmişdir ki, qarşısında baş əyirik!” mənasını verir. Avrasiyada bir ölkənin hərbi paradında digər dövlətlərin hərbi kontingentinin iştirakını bu cür dəyərləndirmək nümunəsi yoxdur!
Buradan beş il müddətində Azərbaycanın hərbi qüdrətinin statusunun transformasiyasının bir vacib aspekti haqqında nəticə çıxara bilərik.
Qalib ordunun yeni obrazı
Bu obraz Prezident İlham Əliyevin aşağıdakı tarixi mesajından aydın görünür. Ölkə rəhbəri fikirlərinə davam edərək ifadə etmişdir: “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.
Liderologiyanın prinsiplərindən bu fikirlərin semantikasına baxaq. Zamanca xronoloji olaraq Prezident İlham Əliyev Qələbədən sonra keçən beş ildə Azərbaycan dövlətçiliyinə və onun hərbi gücünə olan baxışların necə dəyişdiyini konkret ifadə etmişdir. İlk Qələbə paradında Türkiyə Prezidenti R.T.Ərdoğan iştirak edirdi. Azərbaycan və Türkiyə prezidentləri bayraqlarımız və əsgərlərimiz kimi qoşa dayanmışdılar. Azərbaycanın əldə etdiyi Zəfəri böyük qürur hissi ilə daxildən yaşayırdılar! Hər ikisi şən, gülərüz və nikbin idilər! Bu mənzərə yaddan çıxmadı, lakin qarşıdakı illərdə nələr olacağı bilinmirdi.
Məhz bu aspektdən beş il öncəki Qələbə Paradı ilə indikini müqayisə edəndə Qalib Ordunun Qalib Ali Baş Komandanının fəaliyyəti sayəsində çox şeyin inkişaf etdiyini aydınca gördük. Prezident İlham Əliyevin yığcam formada beş ildən sonra Türkiyə Prezidenti ilə bərabər Pakistanın Baş nazirinin iştirakını vurğulamasının siyasi-diplomatik anlamının sərhədləri həmin qənaət işığında təsəvvür edilə bilər. Yəni birinci Qələbə paradında iki qardaş yan-yana dayanmışdı, beşillik gərgin fəaliyyətdən sonra üç qardaş yan-yana, əl-ələ Qələbə paradını izləyirlər! Eyni zamanda, onlar bir yerdə üç qardaş dövlətin hərbi güclərinə vahid bucaq altında baxa bilirlər!
Etiraf edək ki, Türkiyə və Pakistan kimi çox güclü xüsusi təyinatlıları olan dövlətlərin əsgərlərindən Azərbaycan xüsusi təyinatlıların əsgərlərinin qüdrəti zərrə qədər də az deyildir! Azərbaycan əsgəri yüksək hazırlıqlı qalib savaşçı kimi Paradda əzmkarlıqla addımlayırdı! Bu mənzərəni seyr etmək İlham Əliyev qədər R.T.Ərdoğana və Pakistanın Baş naziri M.Ş.Şərifə də yüksək zövq verirdi.
Bu mənzərə Prezident İlham Əliyevin yorulmadan və intensiv surətdə son 5 ildə yeritdiyi siyasi-diplomatik fəaliyyətin birbaşa məntiqi nəticəsidir! Azərbaycanın dövlət başçısı rəhbəri olduğu müstəqil dövlətin identikliyini tam layiqincə və bütün çalarları ilə yüksək səviyyədə təmsil edə bilmişdir! Məhz buna görə də beş il əvvəl iki qardaş kürsüdən Azərbaycan ordusunun qüdrətindən zövq alırdısa, 2025-ci ildə qardaşların kürsüdəki sayı üç oldu! Bununla yanaşı, Paradda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Slovakiya, Səudiyyə Ərəbistanı və Serbiya hərbi rəhbərliyinin yüksəksəviyyəli təmsilçiləri iştirak edirdilər. Azərbaycan Prezidentinin paraddakı tarixi nitqinin başlanğıcı məhz bu irəliləyişin möhtəşəm təsbiti oldu!
Müstəqil siyasətin qələbə ünvanı
Təcrübə göstərir ki, Azərbaycan Prezidenti həmişə çıxışlarında siyasi varisliyə ayrıca önəm verir. Bu gün əldə edilən nailiyyətlərdə dövlət başçısı illərlə toplanan təcrübənin yeri və rolunu xüsusi vurğulayır.
Azərbaycan lideri Paraddakı nitqində də bu qaydaya sadiq qalmışdır. Lakin keçilən yolu Vətən müharibəsindəki qələbə kontekstində dolğun izah etmişdir. Bu baxımdan Hərbi paraddakı nitqində 1993-cü ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirilən siyasətin mühüm məqamları üzərində dayanmışdır.
İlham Əliyev Ermənistanın Azərbaycanın bu fəaliyyətini anlamadığını vurğulamışdır. Dövlət başçısı nitqində demişdir: “Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər”.
Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoydu. İlham Əliyev bu məqamı maraqlı təqdim etmişdir. Nitqində milli lider demişdir: “Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət, noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.
Bu fikirlərdə Vətən müharibəsinin tarixi əhəmiyyəti baxımından əsas faktorlar – ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin təmini məsələsi, dəqiq ifadə edilmişdir!
Həmrəylik və birlik
Dövlət başçısının Qələbənin 5-ci ildönümü şərəfinə paraddan ölkədaxili vəziyyətlə bağlı ifadə etdiyi fikirlər mövcud şərtlərlə yanaşı, strateji vacibliyi şübhə doğurmayan məqamdır. Öncə, Azərbaycan liderinin vurğuladığımız cəhətlə bağlı fikirlərinə baxaq. İlham Əliyev paradda bəyan etmişdir: “Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”.
Bu tezislərin məna yükü və strateji hədəfləri hazırda bütün dünya dövlətləri üçün aktual bir sosial problemlə sıx bağlıdır. Məsələ müasir cəmiyyətlərdə davamlı (qalıcı) birlik, həmrəylik və sabitliyin təmin edilməsi ilə əlaqəlidir. Təcrübə göstərir ki, hazırda hətta ən inkişaf etmiş və tərəqqi potensialı güclü olan dövlətlərdə belə vurğulanan məqsədə nail olmaq çətindir. Nümunə göstərə bilərik.
Avropa İttifaqı dünyanın ən potensiallı təşkilatlarındandır (ona dövlət də deyirlər). Müxtəlif manevrlərdən sonra Aİ belə qənaətə gəldi ki, daxili həmrəylik, inteqrasiya və sabitliyə nail olmadan qlobal miqyasda güclü geosiyasi funksiya yerinə yetirmək imkansızdır. Bu, təşkilatın 2015-ci ildə hazırladığı strateji xarakterli məruzədə konkret ifadəsini tapdı. 2016-cı ildə isə Aİ həmin ideyanın xüsusi yer aldığı yeni strateji sənəd hazırladı. 2019-cu ildə vurğulanan istiqamətdə təşkilatın hesabatı dinlənildi və buna “aralıq hesabat” adı verildi.
Maraqlıdır ki, Avropada gedən bu proseslərə tanınmış filosoflar da ciddi reaksiya verməkdədirlər. Məsələn, Yurgen Habermas neçə illərdir ki, “Avropada həmrəylik” məsələsini strateji anlamı böyük olan problem kimi fəlsəfi və siyasi təfəkkürün gündəminə gətirir.
Yəni Aİ kimi güclü və potensiallı təşkilat (dövlət) üçün daxili həmrəylik, birlik, sabitlik aktuallıq baxımından ilk sıradadır. Türkiyə üçün də bu məsələnin son dərəcə aktual olduğu “Terrorsuz Türkiyə” layihəsindən aydın görünür. Çoxlu sayda başqa nümunələr də göstərə bilərik.
Bütün bunların fonunda Azərbaycan dövlət başçısının Hərbi paraddan verdiyi həmin mesajın ölkədaxili cari vəziyyətlə onun strateji kontekstdə daha da güclənməsi baxımından çox mühüm tezis olduğuna tam əmin oluruq! Bununla yanaşı, bizim üçün son dərəcə vacib olan bir mənəvi, mədəni, ideoloji və psixoloji özəlliyə diqqət yetirmək gərəkdir.
Vətən sevgisinin mənəvi gücü
Qalibiyyətimizdə Vətənə sevginin yüksək mənəvi keyfiyyət kimi dörd əsas aspektin hər birinə birbaşa aidiyyəti vardır. Nəyi nəzərdə tutduğumuzun daha aydın olması üçün Azərbaycan dövlət başçısının paraddakı nitqindən yuxarıda gətirdiyimiz iqtibasın məna yükü kontekstində başqa bir fikrə baxaq. Prezident İlham Əliyev 44 günlük qalibiyyət savaşının yekununu yığcam belə ifadə etmişdir: “Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik!”.
Əlbəttə, bu tarixi nailiyyəti təmin edən faktorlar çoxdur. Lakin başlanğıcda azərbaycanlının fədakarlığı, inamı, Vətənə sevgisi, dövlətçiliyə bağlılığı olmasa idi, ən güclü plan belə reallaşa bilməzdi. Çünki fəaliyyət olmadan ideya həyata keçmir. Onu da nəzərə almaq gərəkdir ki, Prezidentin vurğuladığı dörd faktor–komponent sosial-mədəni baxımdan ümumi anlama malikdir. Belə ki, ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin kompleks halda bərpası mütləq surətdə mənəvi-əxlaqi faktorlarsız mümkün deyildir. Buna görədir ki, ərazi bütövlüyünün bərpasını milli ideya səviyyəsinə yüksəldən dövlət üçün, buna nail olmanın mənəvi, ideoloji, əxlaqi faktorları çox ciddi əhəmiyyət kəsb etməli idi.
Problemə bu istiqamətdən yanaşmanın başqa bir aktual anlamı mövcuddur.
Qalib ölkənin müzəffər lideri
Həmin anlam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5-ci Qələbə paradında ifadə etdiyi fikirlərin işığında tarixi həqiqət anı təsiri bağışlayır. Qardaş dövlətin başçısı bəyan etmişdir: “Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik…
Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm.
İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır”.
Azərbaycan xalqına, ordusuna verilən bu yüksək qiymət, əlbəttə, həqiqəti əks etdirir. Bununla yanaşı, həmin fikirlərdə möhtəşəm bir vurğu da diqqətdən yayınmır. Türkiyə Prezidenti “bu böyük Zəfərin memarı və lideri”ni xüsusi qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev, sözün həqiqi anlamında bu böyük Zəfərin həm memarı, həm də lideridir!
Bu bağlılıqda Azərbaycan Prezidentinin paradda ifadə etdiyi bir fikrə diqqət edək. İlham Əliyev nitqində vurğulamışdır: “Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.
Belə alınır ki, Azərbaycanın əvəzolunmaz ölkəyə çevrilməsi kökündə liderin xilasediciliklə quruculuğu fəaliyyətində ehtiva etməsi dayanır. Liderin müsbət nəticə verən proseslərin memarı olması ilə ümumilikdə liderliyi ahəngdar etməsi kifayət qədər mürəkkəb məsələdir. Onun fəlsəfi və politoloji anlamı çoxlu sayda sosial-psixoloji və koqnitiv-məntiqi məqamları özündə ehtiva edir. Biz burada siyasətçinin quruculuğu, xilaskarlığı ilə liderliyinin vəhdətini təmin etməsinə 5-ci Qələbə paradı kontekstində qısa nəzər salacağıq.
Lider – cəmiyyət vəhdəti
Qədim fəlsəfi və psixoloji təlimlərdə lider olmağı birbaşa şəxsin “bütöv olması” şərti ilə əlaqələndirmişlər. Şəxsiyyət kimi bütöv olmaq özü ilə cəmiyyəti (ilk növbədə ətrafı) vəhdətdə görməyi bacarmaq anlamındadır. Bunun üçün lider səmərəli ünsiyyət qurmağı bacarmalıdır. O da tədricən kompetentlik sahəsini genişləndirməyi tələb edir.
Sürətli dəyişikliklər və xarici təcavüz şəraitində bu, ayrıca məzmun alır. Azərbaycan Ermənistanın təcavüzündən bu yana daim vurğulanan anlamlarda müxtəlif neqativ təzyiqlər altında olmuşdur. Bu da liderin daha çox kompetent sahibi olmasını və toplumla vəhdətə olmağı tələb edirdi. Burada başlıca məqam liderin özünü və ətrafı müşahidəni uyğunlaşdıraraq daim refleksiya edə bilməsi ön plana çıxır. Bununla lider həmişə olduğu situasiyanı adekvat qiymətləndirmək imkanı əldə edir.
Prezident İlham Əliyevin paradda ifadə etdiyi “əvəzolunmaz ölkə” ifadəsi məhz həmin prizmada çoxmənalı tezisdir. Ölkənin əvəzolunmazlığının təməlində liderin əvəzolunmazlığı dayanır. Yəni məhz liderin fövqəl keyfiyyətləri yekunda ölkəni əvəzolunmaz edə bilər. Məsələnin bu aspektini R.T.Ərdoğan diplomatik terminlərlə məharətlə ifadə etmişdir. Onun mənası Azərbaycan Prezidentinin ölkədaxili münasibətlərdə yaratdığı harmoniya aurasını regional, regionlararası və qlobal miqyaslara uğurla proyeksiya edə bilməsi ilə sıx bağlıdır. Bu, islahatçı liderliyin əsas əlamətidir!
Deməli, bu Hərbi parad Prezident İlham Əliyevin postmüharibə mərhələsində uğurlu liderliyinin məntiqi göstəricisidir. Azərbaycan dövlət başçısının fəallığı və uğurlu siyasi mövqeyi 2025-ci il 8 noyabr tarixli parada xüsusi geosiyasi, siyasi və təhlükəsizlik aktuallığı vermişdir!
5 ilin milli qüruru
Azərbaycan Prezidenti paraddakı nitqində əldə edilən nailiyyətlərin bütövlükdə Azərbaycan xalqına yaşatdığı qürur hissini ayrıca qeyd etmişdir. Dövlət başçısı ifadə etmişdir: “Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”.
Ümumiyyətlə, Vətən müharibəsinin fəlsəfəsi kontekstində Qələbənin fərdlərin və toplumun şüuruna və psixologiyasına təsiri məsələsi ciddi məqamlardandır. Çünki dünya tarixi göstərir ki, bir sıra hallarda, hətta toplumun belə müharibədə qələbədən “başı gicəllənir” və postmüharibə mərhələsində yeni müharibələr aparmağın psixoloji təsiri altına düşür. Bu tendensiya güclənsə, dövlət və cəmiyyət əldə etdiyi qələbənin bütün mənəvi-psixoloji fəzilətliliyini itirmiş olur. Məhz bu məqamda liderin müdrikliyi ilə sülhsevərliyinin münasibətləri aktuallaşmış olur. Aydın olur ki, Vətən müharibəsini hansı hüdudlara qədər lider təsəvvür edirmiş. Buradan iki istiqamətə çıxış vardır.
Birincisi, lider postmüharibə mərhələsində Qələbəni dövlətçiliyin, milli maraqların tərəqqisi naminə qarşılıqlı faydalı əməkdaşlıq platformalarına istiqamətləndirir. Bu anlamda Zəfər davam edir! Toplum hərbi qələbədən aldığı yüksək qürurverici enerjini yeni düşmən axtarışına deyil, özünə sevgini artırmağa, qurmağa-yaratmağa, cəmiyyəti tərəqqiyə istiqamətlənməyə proyeksiya edir. Bunu yalnız liderin aparıcılığı və quruculuğu ilə edə bilir!
İkincisi, lider hansısa subyektiv maraqlar naminə bütövlükdə cəmiyyəti və ölkəni aqressiv dalğaya kökləyir. Bununla o, müvəqqəti olaraq hakimiyyətini saxlasa da, dövlətçilik baxımından stratejini uduzur və ölkəni yeni dramatik hallara doğru sürükləyir. Nəticəsi gec və ya tez özünü göstərir.
Başqa faktlarla yanaşı, 5-ci Qələbə paradı göstərdi ki, Azərbaycan lider tam olaraq birinci seçimi etmişdir. Bu, bütövlükdə cəmiyyətin və dövlətin “fəaliyyət ruhu”na təsir etmişdir. Paradın təqdimatı və ümumi gedişi göstərdi ki, həmin tədbir bu konstruktiv və qurucu “dalğa”ya köklənmişdir.
Vurğuladığımız özəlliyin paradın dövləçilikdə tutduğu yer baxımından ayrıca təhlili zəruridir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

