Bu günlərdə yaddaşlarımızda 44 günlük Vətən müharibəsinin o faciəli, qürurlu günləri yenidən canlanır. Qəhrəmanlarımızın igidliyi ilə fəxr edir, Azərbaycan xalqının əzmini, birliyini, Vətən sevgisini daha dərindən hiss edirik.
44 gün — bir ömürdən daha çox əhəmiyyətli, daha çox mənalı bir dövr. Bu müddət ərzində torpaqlarımız işğaldan azad edildi, azadlıq bayrağı Qarabağın zirvələrində dalğalandı. Lakin bu zəfərin arxasında şəhidlərimizin qanı, qazilərimizin ağır yaraları, hər birimizin ürəyində dərin izlər var. Bu aralar insanların üz tutduğu ilk ünvanlardan biri də Bakının mərkəzində yerləşən Hərbi Qənimətlər Parkıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin simvolu olan Hərbi Qənimətlər Parkını bu günlərdə ziyarət edənlərin sayı artıb. Parka olan böyük maraq onu göstərir ki, xalqımız Aprel döyüşlərindən başlamış, 44 günlük İkinci Qarabağ müharibəsi və Müzəffər Ordumuzun 2023-cü il 19-20 sentyabr tarixində keçirdiyi lokal xarakterli antiterror tədbirlərilə torpaqlarımızın tam bütövlüyü, suverenliyi ilə nəticələnən qələbənin memarlarını həmişə qəlbində yaşadacaq.
Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun gücünün, qüdrətinin, yüksək döyüş ruhunun nəticəsində təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad edildi. Bu möhtəşəm Qələbə bütün dünyaya xalqımızın torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, milli birliyini göstərdi.
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 19 il ərzində həyata keçirilən hərbi strategiya və taktikanın əyani sübutudur.
2003-cü ildən indiyədək yürütdüyü siyasətin əsas istiqamətlərini Qarabağ zəfərinə kökləyən, o günün yaxınlaşması üçün daxili və xarici siyasətinin konturlarını düşünülmüş, məqsədyönlü şəkildə quran Müzəffər Ali Baş Komandan hər zaman bildirirdi ki, vaxt gələcək, Qarabağ işğaldan azad olunacaq və bu istiqamətdə qalib xalq kimi zəfərimizi təcəssüm etdirən addımlar atacağıq. Hər addımını incə detalına kimi müəyyənləşdirən, uzaqgörən siyasətçi olan ölkə başçısı hələ müharibənin gedişində bildirirdi ki, düşməndən qənimət kimi götürülmüş və məhv edilmiş texnikanın nümayişi üçün planları da mövcuddur. Bu baxımdan da qürurla deyirik ki, tarixə adını qızıl hərflərlə yazan Ali Baş Komandanımız xalqına verdiyi sözə, həmişəki kimi, yenə də sadiq qaldı. Məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə məhdud zaman çərçivəsində görülən işlərin nəticəsi olaraq açıq səma altında muzey – Hərbi Qənimətlər Parkı salındı.
Bura gələnlər, sadəcə, müharibə eksponatlarına baxmağa yox, həm də öz yaddaşına, milli kimliyinə və tarixi borcuna baş çəkməyə gəlir. Elə bu səbəbdən mən də bu qeyri-adi məkana üz tutdum. Hərbi Qənimətlər Parkına qədəm qoyduğum an hiss etdim ki, bura təkcə sərgi sahəsi deyil. Bura həm də millətin iradəsinin daşlaşmış formasıdır. Ermənistana məxsus tankların, artilleriya qurğularının, zirehli texnikaların nümayiş olunması o deməkdir ki, düşmənin işğalçılıq niyyəti tarixin arxivinə gömülüb.
Ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Onların arasında şəhid ailələri, müharibə iştirakçıları, müəllimlər, şagirdlər və sıravi vətəndaşlar vardı. Hər kəsin baxışında bir təmkin, bir minnətdarlıq, qürur yaşanırdı. Buradakı hər bir detal, zirehli texnikalar, düşmənin tərk etdiyi avtomobillər, cırılmış əski parçasına çevrilən bayraqları – xalqımızın iradəsinin, Ordumuzun gücünün simvoludur. Tanklar susur, mərmilər dilsizdir. Amma hər biri bir tarix danışır – şanlı Zəfərin tarixini.
Ermənilər vaxtilə Azərbaycan xalqının hissləri ilə oynayaraq, Birinci Qarabağ müharibəsindən sonra ələ keçirdikləri şəxsi maşınların nömrələrini işğal edilmiş torpaqlarda nümayiş etdirir və bununla da azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin saldıqlarını “sübut etmək” istəyirdilər. Ermənilərin uzun illər ərzində bu lövhəni xarici turistlərə nümayiş etdirərək orduları haqqında yaratdıqları mifi Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yerləbir etdi. Azərbaycanlılar, əli silahsız əhali, öz şəxsi maşınlarını qoyub çıxmışdılarsa, ermənilər Azərbaycanın Ali Baş Komandanının qətiyyəti, prinsipiallığı, qəhrəman əsgər və zabitlərimizin döyüş əzmi qarşısında tab gətirə bilməyərək postları, ağır texnikalarını, raket komplekslərini, hərbi nəqliyyat vasitələrini, silah və sursatlarını qoyub qaçır, fərarilik edirdilər. Həmin o sursatların hamısı bu gün bu parkda Azərbaycan xalqına və bütün dünyaya nümayiş olunur. Bu, düşmənə ən layiqli cavabdır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə müharibə cinayətləri törədib. Belə ki, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Bu gün həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər M” reketinin qalıqları da var.
Vurğulamaq lazımdır ki, 44 gün davam edən Vətən müharibəsində döyüş, eyni zamanda, informasiya cəbhəsində də davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr parkın ərazisindəki videozalda nümayiş etdirilirdi.
Vətənimiz Azərbaycan üçün siyasi anlamda çox uğurlu hadisə olan Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənin belini qıraraq qənimət götürdükləri “T-72” tankı və BMP (piyadaların döyüş maşını) da Hərbi Qənimətlər Parkına gətirilib.
Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır. Çünki burada 44 günlük müharibənin, demək olar ki, bütün ssenariləri əks olunur. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbələri əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bu maneələri dəf edərək düşməni məğlub etdilər”.
Parkı gəzərkən qara geyimdə, əllərində qərənfillərlə dayanan yaşlı bir qadın diqqətimi çəkdi. Onu salamlayıram. Oğlum Həsənov Nurlan şəhid olub, – deyir. Bu park oğlumun döyüşdüyü cəbhəni xatırladır. O, buradakı texnikalardan birini məhv edəndə yaralanmışdı. Mən bu eksponatlara baxanda onun cəsarətini, əzmini görürəm. Bu parkda gəzdikcə oğlunun mübarizəsini, əsgər yoldaşlarının hekayələrini gözlərimdə canlandırıram. Onlar bu torpaq uğrunda can verdilər, biz də onların qəhrəmanlığını yaşatmaqla borcumuzu yerinə yetiririk. Gözlərimdə yaş gilələndi, suallarım dilimdə ilişib qaldı. Səssizcə başımı endirib bu müqəddəs ananın qarşısında ehtiramla dayandım.
Parkda olduğum müddətdə insanlarla söhbətləşdim. Biri hərbi geyimdə, digəri mülki geyimdə olan iki şəxs eksponatları diqqətlə nəzərdən keçirirdi. Hərbi geyimdə olan digərinə nəyisə izah edirdi. Geyimindən müharibə iştirakçısı olduğu bəlli olan gəncə yaxınlaşıb adını soruşuram. “Adım Murad Rüstəmovdur. Füzulidənəm. Bu parkda nümayiş olunan texnikaların bir çoxunu canlı döyüşdə görmüşəm. Park həm psixoloji baxımdan bizim mübarizəmizi xalqa göstərir, həm də gələcək nəsillərə dərsdir. Bu texnikaları döyüşdə necə sıradan çıxardığımızı unutmamaq, unutdurmamaq vacibdir”, – deyə fikirlərini bölüşdü.
Digər söhbətləşdiyim ziyarətçilər isə böyük qürur hissi keçirməklə yanaşı, burada mənəvi rahatlıq tapdıqlarını bildirir, Hərbi Qənimətlər Parkının ərsəyə gəlməsi üçün canından-qanından keçən şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə şəfa, dövlət başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz təşəkkürlərini ifadə edirlər.
Parkın fəaliyyətə başladığı gündən artıq dörd il ötür. Lakin buna baxmayaraq, hələ də istər respublikamızın sakinləri, istərsə də ölkəmizə təşrif buyuran qonaqlar buranı bir dəfə seyr etmiş olsalar belə, təkrar gəlməkdən məmnunluq duyduqlarını bildirirlər.
Park beynəlxalq ziyarətçilər üçün də vacib mənbəyə çevrilib. Buraya gələn əcnəbilər Azərbaycanın müharibədəki haqlı mövqeyini, mülki əhaliyə qarşı törədilmiş vandalizm izlərini, vətənpərvərlik ruhunu daha dərindən dərk edə bilirlər. Hərbi Qənimətlər Parkı həm də xatirə məkanıdır, ideoloji bazadır, milli qürur ünvanıdır. Burada Zəfər yolu ilə addımlayan hər bir insan təkcə keçmişə deyil, həm də gələcəyə baxır. Çünki bu parkın əsas mesajı aydındır: Unutmayaq, unutdurmayaq!
Nurəngiz ADİLQIZI
XQ

