Artıq bu günlər zəfərimizi qeyd etdiyimiz günlərdir

post-img

Artıq bu günlər xalqımızın tarixi qürurunun, milli iradəsinin və yenilməz ruhunun təntənəsi kimi qeyd olunur. 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlının yaddaşında haqqın ədalət üzərində qələbəsi, xalqın öz torpağına, öz suverenliyinə sahib çıxmasının simvolu kimi yaşayır.

Bu günlərdə biz təkcə hərbi qələbəni deyil, tarixin bərpasını, 30 illik həsrətin sona çatmasını, şəhidlərimizin qanı ilə yazılmış milli qürur salnaməsini qeyd edirik. Hər bir Azərbaycan ailəsində, hər bir yurdda, hər bir ürəkdə bu qələbənin səsi əks-səda verir. Çünki bu Zəfər - xalq, dövlət və ordu birliyinin təntənəsidir.

Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi, Azərbaycan Ordusunun şücaəti və peşəkarlığı, xalqımızın dəmir iradəsi bu tarixi qələbəni mümkün etdi. Bu qələbə ilə Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, regionda ədalət, güc və ləyaqət simvoluna çevrildi.

Zəfər günündə biz Vətən uğrunda canını fəda edən şəhidlərimizin müqəddəs ruhunu, qazilərimizin fədakarlığını, xalqımızın birliyini ehtiramla yad edirik. Onların igidliyi, vətənpərvərliyi və sədaqəti sayəsində bu gün Azərbaycan qalib, xalqımız başıucadır.

Bu gün biz yalnız 2020-ci ilin Zəfərini deyil, Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qeyd edirik. Bu mərhələ Qarabağda dirçəliş, Qərbi Azərbaycana qayıdış və milli birliyin bərpası mərhələsidir. Artıq Azərbaycan xalqı gələcəyə daha inamla, daha qətiyyətlə addımlayır.

Beynəlxalq Diaspora Mərkəzi olaraq biz fəxr edirik ki, Zəfər ruhu diaspor fəaliyyətimizin hər bir sahəsinə sirayət edib.

Mərkəz yarandığı gündən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, diaspor təşkilatlarının birliyinin möhkəmləndirilməsi, həmçinin Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı istiqamətində ardıcıl fəaliyyət göstərir.

Bu il ərzində həyata keçirilən çoxsaylı tədbirlər – “Heydər Əliyev irsi və Qərbi Azərbaycana qayıdış: diasporun rolu” konfransı, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışına dəstək məqsədilə keçirilən dəyirmi masa, Xalq şairi Vahid Əzizin BDM-ə ziyarəti, COP29-la bağlı beynəlxalq müzakirələr, Xocalı şəhərində “Qərbi Azərbaycana Qayıdış Bəyanatı”, Avropada keçirilən “Qaçqınların öz vətənlərinə repatriasiyası”, eləcə də Xankəndidə keçirilən QHT-lərin 3-cü Əməkdaşlıq Forumu mövzusundakı görüşlər və.s. bütün bunlar BDM-in Vətənə və dövlətçilik ideyalarına sədaqətinin bariz nümunəsidir.  

Biz bilirik ki, Zəfər yalnız keçmişin uğuru deyil, həm də gələcəyin məsuliyyətidir.
Bu məsuliyyət bizi Qarabağda bərpa işlərində, Qərbi Azərbaycana qayıdış yolunda, xalqımızın beynəlxalq müstəvidə haqq səsinin ucaldılmasında daha da birləşdirir.

Bu gün biz bir daha bəyan edirik:
Azərbaycan qalib dövlətdir!
Qarabağ Azərbaycandır! Qərbi Azərbaycan da bizimdir və biz ora qayıdacağıq!

Zəfər gününüz mübarək, əziz həmvətənlər!
Qoy bu günlər hər zaman birliyin, qürurun və inamın rəmzi olaraq qəlbimizdə yaşasın.

Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Eşq olsun qəhrəman Ordumuza!

 

Sosial həyat