Paşa ƏMİRCANOV
[email protected]
Ermənistanın Azərbaycana təcavüzünün bütün dövrü ərzində xalqımızın məruz qaldığı ağrı-acıları qərbli tərəfdaşlarımızdan heç kim görmədi. Gördülərsə də, görməzliyə vurdular. Nə Xocalı kimi bəşəriyyət əleyhinə cinayət xarakteri daşıyan faciəmizə analoji reaksiya verildi, nə şəhər və kəndlərimzin yer üzündən silinməsinə, nə də ərazilərimizin minalarla doldurulmasına. Erməni diasporunun çirkli pulları 30 il ərzində qərbli tərəfdaşlarımızın gözünü elə kor elədi ki, hələ də özlərinə gələ bilmirlər.
Baxın, Azərbaycan ərazilərinin ermənilər tərəfindən çirkləndirilməsindən “Human Rayts Votç” təşkilatı heç indinin özündə də xəbər tutmayıb. Amma Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ayrı-ayrı beynəlxalq təşkilatların tribunasından, xarici ölkə başçıları ilə görüşlərdə bəyan edib ki, işğal illəri ərzində ərazilərimiz minalarla həddən artıq çirklənib. Onun bu ilin 20 sentyabrında, lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətində bildirilirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bu minalar İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq daşınıb və müxtəlif yerlərdə basdırılıb. Bu ölüm qurğuları 2021-ci ildə Ermənistanda istehsal olunub.
Amma bütün dünyada özünü insan haqlarının müdafiəçisi elan etmiş, necə deyərlər, qarşısına çıxan bir çox ölkəyə, əsasən də Azərbaycana bu xüsusda iradlar tutan “Human Rayts Votç”un bundan xəbəri yoxdur. Bunu həmin beynəlxalq qeyri-hökumət təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) elan edib. O, XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakətdən, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan, eləcə də mina terrorundan məlumatsız olduqlarını iddia edib: “Biz bu məsələdən xəbərdar deyilik. Mən bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam”.
Ancaq hesab edirik ki, “Human Rayts Votç”un bütün bu münasibəti riyakarlıqdan, ikiüzlülükdən, ikili standartlardan başqa bir şey deyil. Çünki o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərdə mədəni, dini abidələrimizin dağıdılması, əhalinin evlərinin kütləvi şəkildə sökülüb Ermənistana daşınması, təbii sərvətlərimzin oğurlanması, eləcə də işğal zonalarımızın minalarla çirkləndirilməsi barədə çox yaxşı məlumatlıdırlar. Ən azı, Azərbaycan Prezidentinin bu barədə BMT Baş Assambleyasının sessiyalarındakı çıxışında mina problemimiz barədə geniş söhbət açıb, ermənilərin mina xəritəsini Azərbaycana verməkdən imtina etdiyi barədə fikirlərini beynəlxalq ictimaiyyətə çatdırıb.
Əslində, Azərbaycanın son 30 ildə qarşılaşdığı erməni təcavüzü və onun dəhşətli nəticələrindən təkcə “Human Rayts Votç” kimi beynəlxalq təşkilatlar deyil, bir çox Qərb ölkələri də zaman-zaman “xəbərsiz” olub. Vaxtilə ABŞ kimi dünya ağalığı iddiasında olan bir dövlət də Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından “xəbərsiz” olmuş, ermənilərə müqavimət göstərdiyimizə, ərazilərimizin bütövlüyünü qorumaq istədiyimizə görə 1992-ci ildə bizə qarşı 907-ci maddə tətbiq etmişdi. Eyni zamanda, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı qərəzli fikirlər səsləndirərkən də guya erməni işğalından “xəbərsiz” olmuş, Azərbaycanı işğalçı hesab etməyə çalışmışdı. Buna görə də 907-ci maddənin yenidən işə salınmasını, Azərbaycanla münasibətlərin “əvvəlki kimi ola bilməyəcəyini” bəyan etmişdi.
Amma Prezident İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbəti zamanı bu cür qərəzli fikirlərin Azərbaycan–ABŞ münasibətlərinə ciddi zərər vurduğunu qeyd etməsindən sonra Vaşinqtondakı tərəfdaşlarımızın hər şeydən yaxşı xəbərdar olduğu üzə çıxdı. Və yalnıəz Azərbaycan liderinin ciddi tənqidlərindən sonra Blinken münasibətlərin normallaşdırılması məsələsini qaldıraraq, Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etdi. Prezident İlham Əliyev təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
ABŞ-ın “xəbərsiz” olduğu daha bir məsələ – ermənilərin sülh müqaviləsini imzalamaqdan qaçmasıdır. Prezident İlham Əliyev Ermənistanın sülh təklifimizi 70 gün gecikdirdiyini deməsindən sonra Vaşinqtonun da yadına düşdü, Ermənistanın da. Ermənistan parlamentinin spikeri Alen Simonyan elə həmin gün bəyan etdi ki, İrəvan yaxın 15 gün ərzində Azərbaycanla sülh sazişi imzalaya bilər. Bax, məsələlərdən “xəbərsiz” olanların yaddaşını biz belə təzələyirik...
Paşa ƏMİRCANOV
XQ