Qərbi Azərbaycanın etno-mədəni mühitinin elmi tədqiqi

post-img

Qarabağ uğrunda Vətən müharibəsinin tarixi Zəfərlə başa çatmasından sonra Qərbi Azərbaycana qayıdış missiyasının aktuallıq qazanması, hərəkatın dövlət səviyyəsində dəstəklənməsi cəmiyyətin bütün sferalarını bu ümummilli cəbhəyə səfərbər olmağa, erməni faşizmi ilə mübarizəmizin növbəti mərhələsinə öz töhfəsini verməyə səsləyib. 

Elm adamları da Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarının soydaşalrımızın zaman-zaman yaşadıqları əzəli türk torpaqları olduğunu sübuta yetirmək, onların XX əsr boyu erməni millətçilərinin törətdikləri deportasiya və soyqırımı ilə üzləşdiklərini, 1988-ci ildə isə doğma yurdlarından amansızlıqla qovulduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün tarixi qaynaqları yenidən araşdırır, faciə qurbanlarının çəkdikləri müsibətləri sistemləşdirib təkzibedilməz qaynağa çevirirlər. AMEA Naxçıvan Bölməsinin alimləri bu yöndə xüsusi fəallıq göstərirlər. 

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın ərsəyə gətirdiyi “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı birinci kitabı bugünlərdə işıq üzü görüb. Kitabda alimin son vaxtlar mövzu ilə bağlı topladığı, təhlil edib sistemləşdirdiyi materiallar toplanıb. Tədqiqat əsəri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına elmi dəstək baxımından Naxçıvan Muxtar Respublikasında ilk addımdır. 

Yeni nəşrin elmi redaktoru və ön sözünün müəllifi Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Əsərin rəyçiləri filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıldır. Əsər “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə elmi töhfə olaraq işıq üzü görüb. 

Kitabın əvvəlində Ulu öndərin Qərbi Azərbaycan həqiqətinə işıq salan aşağıdakı sözləri müəllifin axtarış və elmi qənatlərinin ümumi axarını və ruhunu ifadə edir: “Əgər tarixi faktları araşdırmalı olsaq, onu da xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918–1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır”. 

Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” həqiqəti kitabda əksini tapan zəngin materiallarla bir daha sübuta yetirilir. Bundan əlavə, Qərbi Azərbaycan İcmasının fəaliyyət proqramı olan Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrə işıq salan kitabın ideya və məzmununu ön sözdə İcmanın sədri, deputat Əziz Ələkbərli belə səciyyələndirir: “Folklorşünas, dosent Aytən Cəfərova Qərbi Azərbaycandan qaçqın düşən, Naxçıvan Muxtar Respublikasının müxtəlif guşələrində məskunlaşmış Qərbi azərbaycanlılarımızla görüşlərindən əldə etdiyi nəticə-təəssüratları ümumiləşdirərək elmi mənbə kimi təqdim edir. Mən bu kitabı, eyni zamanda, Qərbi Azərbaycana qayıdış uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi hesab edirəm”.

Qərbi Azərbaycan mövzusuna həsr edilmiş bu qiymətli əsərin birinci bölməsində müəllif Qərbi Azərbaycan eli, xüsusilə, Zəngəzur haqqında ümumnəzəri baxışları təqdim edib. Alim Zəngəzur folklorunun materialalrı əsasında xalqımızın milli-etnik dəyərlərini, Vətən, el-oba məhəbbəti və torpağa bağlılıq duyğularını, qaçqın soydaşlarımızın bəlalı taleyi və ağrılı yaşantılarını geniş spektrdə araşdırıb və təhlil edib. “Zəngəzur bayatılarında milli-etnik tarixi yaddaş”, “Baharlıdan başlayan söz yaddaşı”, “Dərələyəz adlı ünvanım Vətəndir...”, “Atamın gorgahı, babamın yurdu, əlimin əməyi bəs kimə qaldı?!”, “Baxmaqdan savayı gözə nə qaldi...”, “Vətən nisgilli xatirələr”, “Sazım, sözüm Vətəndədir” kimi arşdırma mövzularının hər birində Azərbaycan xalqının ata-baba torpaqlarında yaşadıqları və yaratdıqları mənəvi sərvət, dəyər və düşüncələr geniş əksini tapıb.

Müəllif haqlı olaraq zəngin, tükənməz mənəvi xəzinəmizi  oğru xislətli ermənilərin necə mənimsədiklərinə də diqqət yetirib, konkret nümunələr əsasında bu etnoplagiatlığı  ifşa edib. Alim konkret faktlar əsasında ermənilər tərəfindən sözbəsöz tərcümə edilərək mənimsənilən mənəvi sərvətimizdən bəhs edərək yazır: “Qeyd edək ki, “Can, gülüm”, “Gülüm, hey” rədifli nəğmələr Azərbaycan türklərinin məişət və mövsüm mərasimi nəğmələrinə məxsusdur. Ermənilərin dəyişərək özününküləşdirmək istədikləri, lakin pərakəndə bir mətn yaratdıqları bu nümunədəki sözlərdən hansıların Azərbaycan dilinin lüğət tərkibinə aid olduğunu görmək çətin deyil:  can, yar, şamama, Araz və s. Ermənilər tarixən torpaqlarımıza göz dikdikləri kimi, mədəniyyətimizə, dəyərlərimizə, dilimizə də göz dikiblər”.

Müəllif  həm də Qərbi Azərbaycan İcmasının Ordubad üzrə nümayəndəsi kimi, doğma el-obalarından zorla didərgin salınıb Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində məskunlaşmış Qərbi Azərbaycandan olan əhali ilə görüşlərində onlardan topladıqları acılı-şirinli xatirələri, söhbətləri, yaradıcılıq nümunələrini kitaba daxil edib. Qərbi Azərbaycanla bağlı tarixçilərin, tədqiqatçı alimlərin araşdırmaları ilə yanaşı, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsinin işıqlandırılması da əsərin məzmununu zənginləşdirməklə bərabər, inandırıcılıq gücünü də artırır və nüfuzetmə dairəsini genişləndirir. 

Qərbi Azərbaycandan olan informatorlardan toplanılmış materiallar əsasında hazırlanmış kitabın bu bölməsində müəllif Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşmış Kamil Həsənovun ailəsinin düşmənlərin onlara çəkdirdikləri əziyyətdən, zillətdən bəhs etmiş, müsahibinin sazlı-sözlü qələmindən çıxmış yurd nisgilli nəğmələri, Vətən həsrəti hayqıran şeirlərini də dövriyyəyə gətirib. Xalq sənəti ilə bağlı yaradıcılıq örnəkləri də əsərdə öz təsvirini tapmış, didərgin salınmış əhalinin yaratdığı və yaşatdığı dəyərlər elmi təhlildən keçirilib.

Əsərin ikinci və üçüncü bölmələri toplanmış xalq yaradıcılığı nümunələrinə həsr edilib. “Şifahi yaradıcılıqda tarixi yaddaş” başlıqlı bu bölmədə xalqın Vətən torpağına məhəbbətini, həsrət və nisgil duyğularını ifadə edən müxtəlif janrlı nümunələrdən bəhs edilib. “İnanclar, sınamalar, qarğışlar”, “Ocaqlar və pirlərlə bağlı andlar”, “Mərasimlər, adət-ənənələr”, “Bayatılar” başlıqları altında verilən nümunələr Qərbi azərbaycanlıların yaşadıqları torpaqların əzəli sakinləri olduqlarını təkzibedilməz şəkildə isbata yetirir. “Sazlı-sözlü Gomurdan seçilənlər” başlıqlı üçüncü bölmədə isə Qərbi Azərbaycanın didərgin el şairlərinin yaradıcılıq nümunələri yer alıb. Aşıq Kamil Teymuroğlunun, Şahlar Mərdanoğlunun və Bəylər Məmmədovun əsərlərindən daxil edilmiş seçmələr Vətənə, elə məhəbbət duyğuları ilə köklənib.

Aytən Cəfərovanın yurd sevgisi elmi fədakarlıqla ərsəyə gətirdiyi “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının” gerçəkləşməsinə ictimai dəstəyi təmin edən layiqli elmi töhfədir. 

 

Mahirə HÜSEYNOVA,
ADPU-nun prorektoru, professor, 
Zülfiyyə İSMAYIL, AMEA Naxçıvan Bölməsinin­ aparıcı elmi işçisi, dosent

 

Sosial həyat