Soydaşlarımızın tarixi Vətənə qayıtmaq hüququ

post-img

Tarixi hadisələrin xalqımızın əleyhinə daha amansızlıqla cərəyan etdiyi son 1 əsrdə erməni millətçiləri azərbaycanlıları Qərbi Azərbaycanın müxtəlif bölgələrindəki ata-baba yurdlarından vəhşicəsinə deportasiya edərək tarixi torpaqlarımıza sahibləniblər, zəngin mədəni irsimizi məhv ediblər.

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi barədə Konstitusiya Aktını qəbul edərək, dövlət müstəqilliyimizi yenidən bərpa etdik. Həmin sənədin  2-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Eyni zamanda, Konstitusiya Aktının 3-cü maddəsində qeyd edilir: “SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır”. Konstitusiya Aktının 2-ci və 3-cü maddələrinə istinad edərək qeyd edə bilərik ki, 1919-cu ilin yanvar ayında Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin təqdim etdiyi xəritəyə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113,9 min kvadratkilometrdən ibarət olmuşdur. 

1920-ci ildə Azərbaycanın bolşevik işğalından sonra Zəngəzurun və digər ərazilərimizin qanunsuz olaraq ermənilərə verilməsi nəticəsində tarixi torpaqlarında yaşayan azərbaycanlıların milli mənsubiyyətlərinə görə ata-baba yurdlarından deportasiya edilməsi dəfələrlə –1920, 1922, 1929, 1948 və 1953-cü illərdə baş vermişdir. Sonuncu dəfə belə bir deportasiya 1987–1991-ci illərdə həyata keçirilmişdir. Ermənilər tərəfindən 1987–1991-ci illər ərzində 250 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi şəkildə deportasiya edilmiş, onların mülkiyyət hüquqları pozulmuş, soydaşlarımıza qarşı qeyri-insani rəftar edilərək əmlakları əllərindən alınmış, özləri isə fiziki zorakılığa məruz qalmışlar. 

Bütün bu hadisələr zamanı ermənilər tərəfindən çoxsaylı qətllər törədilmişdir. Bu isə 1907-ci ildə qəbul edilmiş və hazırda da qüvvədə olan “Müharibənin aparılmasının hüquq və adətləri haqqında 4-cü Haaqa  Konvensiyası”nın Əlavəsinin 42-ci maddəsinə uyğun deyil. Burada təsbit olunan “işğal edilmiş ərazinin suverenliyinin işğalçı dövlətə keçməməsi” prinsipinə uyğun olaraq Qərbi Azərbaycanın Zəngəzur və Göyçə mahallarının Moskvanın təkidi və təzyiqi ilə ermənilərə verilməsi qeyd olunan beynəlxalq hüququn prinsiplərinə ziddir və qeyri-legitim hesab edilir. 

Qeyd etməliyik ki, Beynəlxalq Nürnberq tribunalında nasist Almaniyasının İkinci dünya müharibəsində törətdiyi işğalçılıq siyasətinə, təcavüz aktlarına və kütləvi qırğın cinayətlərinə məhz beynəlxalq hüququn adət halına çevrilmiş və 
1907-ci il Haaqa Konvensiyasının Əlavəsinin 42-ci maddəsinə istinad olunaraq hüquqi qiymət verilmişdir. Tribunalda nasistlərə verilən ittihamnamələrə diqqət etsək, cinayətlərin aşağıdakı növlərinin olduğunu görə bilərik:

– sülhə qarşı işlənən cinayətə və ya sui-qəsdə ortaq olmaq;

– sülhə qarşı döyüş, təcavüzkarlıq və digər cinayətlərə başlamaq və planlamaq;  

– müharibə cinayətləri; 

– insanlığa qarşı cinayətlər. 

İttihamnamədə qeyd olunan əlamətlər məhz Qərbi azərbaycanlılara qarşı törədilən cinayət əməllərində də öz əksini tapmışdır. Bundan başqa, beynəlxalq hüququn adət halına çevrilmiş normalar, işğalçıların işğal siyasətinin qarşısının alınması və işğal olunan torpaqlarda yaşayan insanların yaşamaq hüququnun, əmlak hüququnun (mülkiyyət hüququnun) tanınması kimi mütləq hüquqlar beynəlxalq hüquqla müəyyən olunan digər müqavilələrdə də təsbit edilmişdir. 

Xüsusilə qeyd etmək lazımdır ki, Çar Rusiyası 1899-cu və 1907-ci ildə qəbul edilmiş Haaqa Konvensiyasına qoşulmuş, SSRİ Haaqa Konvensiyasını və onun Protokolunu 4 yanvar 1957-ci ildə ratifikasiya etmiş və bunu təsdiq edən normativ hüquqi akt 4 aprel 1957-ci ildə qüvvəyə minmişdir. SSRİ-nin varisi olaraq Rusiya Federasiyası Haaqa Konvensiyasını 31 may 1992-ci ildə təsdiq etmişdir. 

Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən, “Hər bir insanın öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var”. 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında  Avropa  Konvensiyasının 4 saylı Protokolunun “Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması” barədə 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz”.

BMT-nin 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına əsasən, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından, indiki Ermənistan ərazisindən zorakılıqla deportasiya edilməsi ciddi hüquq  pozuntusu hesab edilir. Yerli əhalinin yaşadıqları yerdə kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı beynəlxalq məhkəmələrin təcrübəsinə baxdıqda, Nürnberq tribunalının nasistlər barədə  çıxardığı qərar və Ruanda tribunalının “etnik tutsilərin” kütləvi şəkildə qətlə yetirilmələri  barədə qərarı Qərbi azərbaycanlılara qarşı törədilən kütləvi deportasiya və qətllər cinayətinə presedent hüququ olaraq tətbiq edilə bilər.

BMT-nin 26 noyabr 1968-ci il tarixli “Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında” Konvensiyasına qoşulmaq barədə 31 may 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında 5 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunda erməni separatçıları tərəfindən 1987–1991-ci illərdə öz ata-baba yurdlarından zor gücü ilə qovularaq kütləvi deportasiya edilmiş azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır. Ümid edirik ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslər ən qısa zamanda istintaqa cəlb olunacaq və ədalət mühakiməsi qarşısında cavab verəcəklər.    

Bütünn bunlar onu göstərir ki, azərbaycanlıların Qərbi Azərbaycan torpaqları olan və hazırda qonşu Ermənistanın ərazisi hesab edilən ərazilərə – öz ata-baba yurdlarına geri dönərək sülh və təhlükəsiz şəraitdə yaşamaq hüquqları var və bu hüquqlar yuxarıda qeyd olunan beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Qərbi azərbaycanlıların yenidən öz ata-baba yurdlarında məskunlaşması beynəlxalq hüququn prinsiplərinə və insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərinə əsasən, Ermənistan hakimiyyətinin öhdəliyi olaraq şərtsiz şəkildə icra edilməlidir. 

Qərbi azərbaycanlıların tarixi ata-baba torpaqlarına qayıtmaq hüquqlarının olmasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olmasını və məhz tarixi səhvlər səbəbindən torpaqlarımızın ermənilərə verilməsini xüsusi qeyd etmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu şanlı tarixi qələbə qazanaraq 30 illik işğal altında qalmış torpaqlarımızı azad etmiş, dövlət suverenliyini bərpa edərək, regionda güclü Azərbaycan dövlətinin tarix səhnəsində öz sözünü yenidən dediyini bütün dünyaya bəyan etmişdir.

 

Araz ABDULLASOY, 
Hüquq və İnsan Haqları İnstitutunun hüquqi tədqiqat şöbəsinin müdiri 

 

Siyasət