Şəhriyarın məzarı önündə düşüncələr

post-img

1991-ci ildə SSRİ dağılandan sonra, ikiyə bölünən Azərbaycanın arasındakı sərhədlər söküləndə mən də həsrətində olduğum Cənubi Azərbaycanın və  o taydakı qohumlarımızın görüşünə tələsdim. Getdim, amma elə yolun başlanğıcında qohumlar yaddan çıxdı…  Çünki ilk istəyim qadağan olunmuş radiodalğalardan və kassetlərdən səsini eşitdiyim Məhəmmədhüseyn Şəhriyarın sorağını tutmaq oldu. Elə o taya güzar saldığım ilk andan da yolboyu onun misraları qulaqlarımda səslənir, məni rahat buraxmırdı. Axı, Cənubi Azərbaycanımız mənim aləmimdə şairin “Heydərbabaya salam” poeması ilə canlanmışdı…

 

Heydərbaba, ildırımlar çaxanda, 

Sellər, sular şaqqıldayıb axanda, 

Qızlar ona səf  bağlayıb baxanda, 

Salam olsun, şövkətizə, elizə, 

Mənim də bir adım gəlsin dilizə… 

Bu, həsrət çəkən  Güney Azərbaycanının səsi, çağırışı idi.  O taylı-bu taylı  ürəklərdə yaşayan ustadı yad etmədən necə ayaq basaydım bu doğma yerlərə?! Urəyimdə dahi Şəhriyara bir nidam vardı: Doğma ikən qərib olduğun torpaqda ürəyində min bir arzun, diləyin uyusa da, ölümünə inanmırıq, ustad! Sənin qələmin baş daşına çevrilib, söz qalasına dönüb:

Biz bir dərya qan vermişik,

Zindanlarda can vermişik, 

Qırx nəsli qurban vermişik, 

Ki, qurdu biz qova bilək,

Qurdun şərrin sova bilək…

   Nəhayət, o taydakı Azərbaycanda ilk ziyarətim də ulu Şəhriyarın məzarı oldu. Onun məzarüstü büstünün önündə durdum və ixtiyarsız olaraq bu misralar  səsləndi ürəyimin dərinliyində:

Heydərbaba, sənin könlün şad olsun,

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar.

Ulu Şəhriyar adının çırağında ölümlə, əbədiyaşar ölümlə, ölümü əbədi yaşadan Şəhriyarın ölümü ilə göz-gözə dayanmağın, həmsöhbət olmağın nə qədər ağır sızıltılı olduğunu yaşadım düz  32  il əvvəl.  Azərbaycanın ayrılmış hissəsini gəzdikcə səsi qulağımdan getmədi. O kədərli, Vətən həsrətli, yurd yanğılı səsi məni rahat buraxmadı. İki yerə bölünən  qəlbin  döyüntüsü  olan misralar, Vətənin köksünə vurulan yaraların sızıltıları, ulu Şəhriyarın başımız üstündə uçan ruhunun pıçıldadığı misralar ardıcıl səsləndi qulaqlarımda:

Qaçdıq, üzləşdik Arazda, 

Yenə qəmlər qalaq oldu, 

Yenə gözlər bulaq oldu.

Yenə qardaşsayağı sözlərimiz 

Bir sayaq oldu…

Tor quran ovçu atın qovmada sındı 

Geri qaldı, özü getdi, toru qaldı…

Şair qəlbinin ərintiləri olan bu misraların ağrı-acısı məzarüstü əksdən qəmli-qəmli boylanan gözlərinə hopmuşdu el nəğməkarının. Əksdən boylanan Vətən oğlu ilə həmsöhbət oldum o gün… 

Axı, niyə tale sənə bu günləri çox gördü?! Axı, sən bu günləri hamıdan çox arzuladın, hamıdan çox alışdın, yandın bu günlər üçün. Qardaşla bacının, ata ilə övladın, qohum-əqrabanın qovuşacağı günün həsrətini çəkdin, uzaq düşən el ilə ağlamaq istədin. Bu həsrət içində də yana-yana köz oldun. Oduna-alovuna, qəlbində çatdığın həsrət tonqalına bütöv Azərbaycan övladları yetmədi, qızına bilmədi. Közünə-közərtinə pənah gətirdik. Süleymandan, Nuhdan qalan dünyanın  bu Zəfərli günlərini göz yaşları içində, sevinclə yaşadıq səni anaraq.

İllər sonra yenə ulu Şəhriyarın o qəmli şəklinə baxıb düşünürəm…  Bu ruhdumu, canlı insandırmı, nədir, ya Rəbb! Sükut da belə dil açıb danışarmış! Cansız sətirlər də dinərmiş?!

Son olaraq onu uyuduğu torpağa bir daha tapşırıb demək istəyirəm.  Şəhriyar həsrətli, Rübabə məlahətli Təbrizim, qoynunda tarixi yaşadan uyuyur. Xoşbəxtsən! O məzar deyil, ulu Şəhriyarın evidir səndə! Şəhriyar sənindir, sən Şəhriyarın! Onu hifz elə! Nə vaxtsa dönəcəyimiz evimizin səmti, ən yeni tariximizin ünvanı, ən ucası – sənət incisidir!

 

Rahib QƏRİB 
XQ

 

Sosial həyat