Son günlərdə Azərbaycanın Suriyaya qaz ixracına başlaması beynəlxalq aləmdə ciddi rezonans doğurub. Bu, sadəcə iqtisadi deyil, həm də geosiyasi baxımdan tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan qazı Yaxın Şərq regionuna, konkret olaraq Suriyaya nəql olunur. Bildiyiniz kimi, Suriya uzun illərdir müharibədən çıxmış, infrastruktur baxımından ciddi dağıntılar yaşamış ölkədir. Azərbaycan qazı bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun və enerji diplomatiyasının uğurudur”.
Bu fikirləri saytımıza Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, əsas siyasi baza bu il aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. Daha sonra iyulun 12-də Suriyanın dövlət başçısının Bakıya rəsmi səfəri zamanı konkret razılaşmalar əldə olundu. SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu da imzalandı. Bu, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasının hüquqi və texniki əsasını təmin etdi.
Gündəlik nə qədər qaz ixracı planlaşdırılır və bu Suriya üçün hansı nəticələr vəd edir? - sualına isə Mehriban Vəliyeva belə cavab verdi: “Suriya tərəfi bəyan edib ki, avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı alacaqlar. Bu həcmdə qazın elektrik enerjisinə çevrilməsi nəticəsində təxminən 900-1200 meqavat gücündə elektrik istehsalı gözlənilir. Suriyanın bəzi bölgələrində elektrik cəmi 3-4 saat verilir. Azərbaycan qazı bu problemi aradan qaldırmaq üçün ciddi imkan yaradacaq. Bu addım Azərbaycanın enerji siyasətində yeni istiqamətləri açır.
Bu, yeni mərhələnin başlanğıcıdır. İndiyədək Azərbaycan 12 ölkəyə qaz ixrac edib. Onların əksəriyyəti Avropa İttifaqının üzvüdür. Lakin artıq təkcə Qərbə deyil, cənub istiqamətində də yeni enerji körpüləri qururuq. Türkiyə üzərindən Suriyaya qaz ixracı perspektivdə İordaniya, Misir və hətta Livana qədər uzana bilər. Suriyanın dağılmış infrastrukturunun bərpası fonunda bu kəmərlərin yenidən işə salınması Azərbaycan qazının coğrafiyasını xeyli genişləndirəcək”.
Deputat layihənin regional sabitliyə və siyasi müstəviyə təsirindən də danışdı: Əlbəttə, bu layihə təkcə iqtisadi deyil, həm də siyasi etimadın göstəricisidir. Azərbaycan bu addımı ilə həm də münaqişədən çıxan bir ölkəyə sülh və sabitlik mesajı verir. Enerji resursları vasitəsilə regionda davamlı inkişaf və əməkdaşlıq formatı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın regional liderliyini daha da gücləndirir”.
"Azərbaycan bu yeni ixrac imkanları fonunda Avropaya qaz ixracı istiqamətində hədəflərindən yayınmır ki?" sualına Mehriban Vəliyeva belə cavab verdi: "Qətiyyən. Əksinə, bu proseslər paralel şəkildə həyata keçirilir. 2024-cü ildə Azərbaycanın qaz ixracı 25,77 milyard kubmetr olub. Bunun 9,81 milyard kubmetri Türkiyəyə, 9,8 milyard kubmetri isə İtaliyaya tədarük olunub. Hədəf 2027-ci ilə qədər illik qaz ixracını 20 milyard kubmetrdən çoxa çatdırmaqdır. “Şahdəniz” yatağında yeni qazma işləri bu məqsədə xidmət edir. Azərbaycan həm Avropanın, həm də Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır".
Mehriban Vəliyeva əlavə olaraq qeyd etdi ki, Azərbaycan yaşıl enerjiyə keçidi də strateji məqsəd kimi qarşıya qoyub. 2027-ci ildən etibarən yaşıl enerjinin Avropaya ixracı gözlənilir. Eyni zamanda, elektrik enerjisi istehsal potensialımızın artırılması, onun Yaxın Şərq ölkələrinə ixracı üçün də geniş imkanlar açır. Bu istiqamət də SOCAR-ın və ölkəmizin enerji portfelinin coğrafi baxımdan şaxələndirilməsinə səbəb olacaq. Azərbaycan öz enerji siyasəti ilə regionda və dünyada sabitliyin, inkişafın təminatçılarından biri olmağa davam edəcək. Kilis-Suriya qaz marşurutu Azərbaycanın Yaxın Şərqə uzanan etibar körpüsüdür.