Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
XQ xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, İsveçrədə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov çıxışında 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın əsasının qoyulduğunu diqqətə çatdırıb. O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb və demokratiya, hüquq bərabərliyi, azadlıq və plüralizm kimi dəyərləri dövlət idarəçiliyinin əsasına çevirib.
Qalib İsrafilov qeyd edib ki, 1920-ci ildə baş vermiş bolşevik işğalına baxmayaraq, cümhuriyyət ideyaları xalqın milli yaddaşında qorunub saxlanılıb və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına ideoloji zəmin yaradıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyev-in müstəqilliyin ilk illərində dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və milli kimliyin qorunması istiqamətində müstəsna xidmətlərini xüsusi vurğulayıb.
Daimi nümayəndə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın mədəni irsini və milli kimliyini əks etdirən təqdimatlar nümayiş olunub, daha sonra isə milli mətbəx nümunələri qonaqlara təqdim edilib. Rəsmi qəbul səmimi və dostluq ab-havasında davam edib.




