Avstraliyada nəsli kəsilmiş "dağ əjdahası" populyasiyalarının izləri aşkarlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Alimlər Avstraliya dağ əjdahasının (Rankinia diemensis) keçmişdə indiki ilə müqayisədə qat-qat geniş ərazilərdə məskunlaşdığını müəyyən ediblər. "Victoria" Muzeyləri Elmi-Tədqiqat İnstitutunun yaydığı məlumata görə, tədqiqatçılar bu qənaətə qədim qalıqların və müasir kərtənkələlərin genetik məlumatlarının təhlili nəticəsində gəliblər. İnstitutun əməkdaşı Till Ramm Cənubi Avstraliyada tapılan üst çənə sümüyünün miniatür fraqmentlərini araşdıraraq, bu sümüklərin məhz dağ əjdahasına məxsus olduğunu sübut edib. Bu tapıntı, növün sonradan yoxa çıxmış qərb populyasiyalarının mövcudluğunu ortaya qoyub.

Tədqiqat müəllifləri müəyyən ediblər ki, təxminən 21 min il əvvəl – sonuncu maksimum buzlaşma dövründə bu sürünənlərin yaşaması üçün yararlı olan ərazi indikindən təqribən 244% daha böyük olub. Həmin vaxt Avstraliyanın materik hissəsi ilə Tasmaniya adası arasında heyvanların yayılması üçün əlverişli şəraitə malik quru sahəsi mövcud olub. Buzlaşma dövrü bitdikdən sonra iqlim istiləşməyə başlayıb və əlverişli zonalar tədricən dağların daha yüksək nöqtələrinə doğru yerini dəyişib, ovalıqlarda yaşayan populyasiyalar isə zamanla məhv olub. Bu nəticələr 85 müasir fərdin DNT analizi ilə də təsdiqlənib və təcrid olunmuş ada qruplarında aşağı genetik müxtəliflik aşkar edilib.

Alimlərin proqnozlarına görə, qlobal tullantıların həcmi orta səviyyədə qalarsa, 2080–2100-cü illərə qədər bu növ öz təbii yaşayış mühitinin 39%-ni, tullantıların səviyyəsi yüksək olarsa isə 47%-ni itirə bilər. Tədqiqatçılar hesab edirlər ki, paleontoloji məlumatlar yalnız müasir yayılma arealına əsasən müəyyən edilməsi qeyri-mümkün olan nəsli kəsilmiş qədim populyasiyaları aşkar etməyə kömək edir. Alimlər növün hazırkı dağınıq qruplarını geniş bir arealların uzunmüddətli kiçilmə prosesinin qalıqları kimi nəzərdən keçirməyi təklif edirlər.

Ə.Arzu
XQ

Maraqlı