“Zamanın rüzgarı”

post-img

Mingəçevir Dövlət Dram Teatrı Xeyrəddin Qocanın bu pyesini tamaşaya qoyub

...Mirzə Cəlilin sözləridir: “...Dostum Sabir demişkən, yaxşıya yaxşı, pisə pis, əyriyə əyri, düzə düz demişik. Təsadüfi deyil ki, “İrşad” qəzeti bizim işimizi “mollanəsrəddinçilik” adlandırmışdır. Molla əminin öldürüldüyü (gülür) barədə şayiə yayılanda böyük Üzeyir Hacıbəyov dərin inamla yazdı: “Molla Nəsrəddini öldürmək olsa da, mollanəsrəddinçiliyi öldürmək mümkün olmaz”.  

Mirzə Ələkbər Sabir cavab verir ki, “Bizim xarici və daxili düşmənlərimiz mövcuddur, əzizim Mirzə! Həm siyasət və iqtisadiyyatda, həm ideologiya və ədəbiyyat aləmində, həm də dil və maarif sahəsindəki mərdimazarlıqlardır Vətənin düşmənləri! Qoy, onlar papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı fikirləşsinlər”.

Bu fikirlər tamaşanın əsas leytmotivini təşkil edir və Mirzə Cəlil də, Sabir də, Əbdürrəhim bəy Haqverdiyev də cəmiyyətdəki çatışmazlıqları aradan qaldırmaq üçün olmazın məhrumiyyətlərə qatlaşırlar. Lakin onlar həyatdan getdikdən sonra da cəmiyyətdə  bəzi nöqsan və eybəcərliklər qalmaqdadır. Təsadüfi deyil ki, bu da yazıçı Xeyrəddin Qocanı daim narahat etdiyindən, belə maraqlı bir əsəri ortaya-ərsəyə gətirmişdir.

Doğrudur, yazıçı əvvəlllər də bu mövzuya müraciət etmişdir və onun vaxtilə “Hərənin öz payı...” pyesi Akademik Milli Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Müəllif həmin pyesində də Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev obrazlarını birlikdə səhnəyə çıxarmış, onların maarif yolunda nələr etdiklərini tamaşaçılara çatdırmışdır.

“Zamanın rüzgarı” dramında da hər üç obraz səhnədədir. Bu tamaşada, əsasən, böyük Mirzə Cəlilin həyatı, “Molla Nəsrəddin” jurnalının “başına gətirilən oyunlar”, çətinliklər göstərilir, o zamanın – cahillik, savadsızlıq, avamlıq dövrünün “qara küləklərinin” əsdiyi bir vaxtda unudulmaz maarifçilərimizin, yazıçılarımızın cahanşümul mübarizələrindən bəhs ­edilir. Yazıçı keçmiş günləri bir daha   canlandırmaqla yanaşı, müasir dövrümüzün çatışmazlıqlarını da “qamçılayır”.    Bütün bunlar Ə.Haqverdiyevin sözləri ilə dilə gətirilir: “Bizim üstünlüyümüz ondadır ki, nöqsanları, şəri, eybəcərliyi açıb-tökdüyümüz kimi, onların aradan qaldırılması yolunu da göstəririk. Biz “nicat”, “nicat yolu”, “nicat vasitələri” barədə müxtəlif mülahizələr yürütməliyik, necə ki, yürüdürük, bu nicat, əsasən, tərəqqidə, məktəbdə, maarifdə, mədəniyyətdədir”.

Tamaşada M.Ə.Sabirin misraları, Mirzə Cəlilin əsərlərindən səhnələr də canlandırılır. Necə deyərlər, “gülüş eybəcərliyə qarşı çevrilmiş olsa da, əsas məqsədi gözəllikdir. Bəşəriyyət gülərək pis əməllərindən, çirkinlikdən uzaqlaşır, gözəlliyə yaxınlaşır”. Təsadüfi deyil ki, tamaşa anşlaqla keçmişdir. Bu da Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivinin gərgin məşqlərinin nəticəsində mümkün olmuşdur.

Rejissor Vüsal Mehrəliyev müəllifin pyesdəki ali məqsədini gözəl anlamış, baxımlı, maraqlı və bitkin səhnə əsəri ilə teatrsevənləri sevindirmişdir. Quruluşçu-rəssam Pakizə Əbilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assisentləri İlahə Qasımova, Çiçək İsmayılzadə, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir.

 Mirzə Cəlili teatrın təcrübəli aktyoru Aydın Quliyev canlandırır. O, obrazın ruhunu çox gözəl duyduğundan, demək olar, hər hərəkəti yerindədir. Mirzə Cəlil tamaşanın başlanğıcında əlyazmalarını sobada yandırarkən, ömür-gün yoldaşı Həmidə xanımın “Yandırdıqların nədir, Cəlil?” – sualına: “Əlyazmalarımdır. Evdən odun qurtarıb, qoy, evimiz isinsin”, – cavabını verməklə çətin həyat şəraitini tamaşaçılara olduğu kimi çatdıra bilir. Həmidə xanımın “Mirzənin əlyazmalarını yandırması üsyandır! Haqsızlığa, ədalətsizliyə, nadanlığa, cahilliyə, fanatizmə qarşı bir üsyan! Bu, keşməkeşli ömrün tale dramının acı səhnəsidir! İctimai mühitə etirazdır!” – sözləri isə tamaşaçıların qəlbini acıdır. 

Yeri gəlmişkən qeyd edək ki, Həmidə obrazını oynayan aktrisa Vüsalə Quliyeva tamaşada Mirzə Cəlilin – Aydın Quliyevin fikirlərinə əlavə rəng qatır, tamaşaçılarda böyük maraq oyadır. Açıq-aydın görünür ki, hər iki rolun ifaçısı Mirzə Cəlilin və Həmidə xanımın zamanın məhrumiyyətlərinə necə sinə gərdiklərini gözəl anlamışlar.

Həmidə xanımın “Mirzə, bəy qızı olduğum üçün məni səsvermə hüququndan məhrum etmədilərmi? Bizim mənzilimizdə, “Molla Nəsrəddin”in çap olunduğu “Qeyrət” mətbəəsində axtarışlar aparılmadımı, jurnalın nəşri dəfələrlə dayandırılmadımı, ayrı-ayrı nömrələr müsadirə edilmədimi? Jurnalı məhkəmə məsuliyyətinə calb etmədilərmi? Tiflis qubernatoru səni Metex qalasına salmaqla hədələmədimi? – fikirlərini həyəcanla, yana-yana söyləməsi tamaşaçıları dərindən düşünməyə vadar edir. Salondakı hər kəs o zamanın rüzgarının çox “soyuq” və kəskin olduğunu hiss edir. 

Ə.Haqverdiyev (aktyor Şıxlı Yaqubov) səhnəyə “Molla Nəsrəddin demişkən, “məktəb, məktəb” – deyə, işi bitmiş saymaqla “Fatıya tuman olmaz”, yəni, məqsədə çatmaq olmaz. Çarə qərinələrdən bəri xalqın canına daraşmış zalım və tüfeyli ağalara divan tutmaqda, mikrobları millətin bədənindən kənar etməkdədir.” – sözləri ilə çıxır. Şıxı Yaqubov Ə.Haqverdiyev obrazında oxşar və canlı görünür, ona görə də ilk dəqiqlərdən diqqəti cəlb etdi.

M.Ə.Sabir rolunda isə aktyor Paşa Salmanov bənzərliyi ilə, oynadığı obrazın millət dərdi çəkməsi ilə tamaşaçıların alqışını qazandı. Kefli İskəndər rolunda aktyor Hüseyn Mustafayev, Hacı Həsən rolunda aktyor Qabil İbrahimli, Vəli xan rolunda aktyor Arif Əhmədov, Novruzəli rolunda aktyor Asim Məmmədov istedadlarını yüksək səviyyədə nümayiş etdirdilər. Epizodik rolların və kütləvi səhnələrin oyunçuları Xalq artisti Ella Yaqubova, Cavidan Abdullayev, Şəmil Əliyev, Rəvan Qiyaszadə, Rövşən Zeynallı və başqaları da gözəl sənət nümunələri göstərdilər. 

Böyük ziyalılarımızın, yazıçılarımızın maarifçilik uğrunda mübarizə apardıqları dövrdən bəhs edən belə səhnə əsərlərinə teatrsevənlərin rəğbəti təqdirəlayiqdir. Tamaşanın sonunda mollanəsrəddinçilər Məmməd Səid Ordubadinin, Əli Nəzminin, Əbdülrəhim bəy Haqverdiyevin, Ömər Faiq Nemanzadənin, Oskar İvanoviç Smerlenqin, Məmmədəli Mustafazadə Sabitin, Səməd Mənsurun, Bayramalı Abbaszadənin, Cafər Cabbarlının, Əzim Əzimzadənin, Süleyman Məlikovun, Əliağa Vahidin, Kərbalayi Əli Babayevin, Nəsrulla Qəmbərovun, Nuşirəvan Kənanovun fotolarının gur işıq altında təqdim olunması, onların da xatırlanması, hər biri haqqında bir cümləlik məlumat verilməsi çox bəyənildi.

Nəhayət, tamaşanın son cümlələri səsləndi: “Jurnalın müxtəlif kənd və şəhərlərdə çoxlu fəhlə müxbirləri də vardı. Onlar hamısı bu dünyadan köçmüşdür. Allah hamısına rəhmət eləsin, böyük tarix yazmışlar: “Molla Nəsrəddin” tarixi! Bu, şərəfli və unudulmaz bir tarixdir!”

 

Tural

 



Mədəniyyət