Özü ədalətli, sözü fəzilətli idi

post-img

Tez-tez yad etdiyim, kitablarını  dönə-dönə oxuduğum, ali məktəbdə təhsil aldığım illərdə mühazirələrini dinlədiyim sevimli müəllimim idi filologiya elmləri doktoru, professor Qulu Xəlilov. Unudulmaz ədəbiyyatşünas alimin doğum və anım günləri  noyabr ayına təsadüf edir.

O, 20 noyabr 1930-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında – Qarakilsə   (Sisian) rayonunun Qızılcıq kəndində anadan olmuşdur. Ömür kitabının sonrakı səhifələri isə Qarabağda, Bakıda yazılıb. Ağdamda fəhlə-gənclər məktəbində, sonra isə Bakıda ADU-nun jurnalistika fakültəsində oxumuşdur. İlk  iş yeri  “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyası olub. Namizədlik və doktorluq dissertasiyaları yazıb. 30-a yaxın kitabın, mindən çox ədəbi-bədii, tənqidi, publisistik məqalənin müəllifidir. Ömrünün sonuna kimi BDU-nun jurnalistika fakültəsinin professoru idi. Xidmətlərinə görə “Əməkdar elm xadimi” adına və bir neçə medala layiq görülmüşdü. 

Bütün bunlar Qulu müəllimin olduqca qısa bioqrafiyasıdır. Əslində, onun fədakar əməyinin, tənqidçi cəngavərliyinin, vətəndaş cəsarətinin və yanğısının bəhrəsi olan zəngin ədəbi irsindən, xarakterinin bütövlüyündən saatlarla, günlərlərlə danışmaq olar.                             

Dünya şöhrətli cərrah İbrahim Topçubaşova məxsus fikirdir ki, yalançı tərif insanı qəbiristanlığa yaxınlaşdırır, qərəzsiz tənqid isə dost hədiyyəsidir. Bəlkə də elə buna görə Qulu müəllimin müasirləri heç vaxt onun tənqidindən inciməz, əksinə, faydalanmağa, nəticə çıxarmağa çalışardılar. Əslində, o zamanlar ədəbi tənqid öz hakimiyyətində idi, indiki kimi tost ənənəsinə çevrilməmişdi. Bir də hər kəs gözəl bilirdi ki, Qulu Xəlilov ədəbiyyatımızın keşiyində dayanan dürüst və cəsarətli qələm sahibidir. Gözündən zəif yazılar yayına bilməz. Təbii ki, Qulu müəllim uğurlu əsərlər barəsində də öz sözünü vaxtında deməyi bacaran xeyirxah bir tənqidçi idi. Onun tərifinə tuş gəlmək, ədəbiyyatda yerinə düşmək idi. 

Hər dəfə kitablarını gözdən keçirdikdə özüm üçün yeni-yeni mövzular tapıram. Bu dəfə diqqətimi Qulu Xəlilovun tarix və tarixi şəxsiyyətlərə, bu istiqamətdə yazılan bədii əsərlərə münasibəti cəlb etdi. Ötən əsrin ortalarında, eləcə də 80-ci illərində qələmə aldığı düşüncələrini oxuduqca, bu gün də necə müasir və aktual olduğunun fərqinə varıram. Düşünəndə ki, bu fikirlər oxucuya sovet dövründə çatdırılır, məsələ aydınlaşır. Qadağaların hökm sürdüyü bir dönəmdə "gəlin, tariximizi tam və mükəmməl şəkildə araşdıraq və üzə çıxardaq”, – deyən Qulu Xəlıilov hansı mətləblərə toxunub. "Tariximizə ayıq və parlaq ağılla yanaşan” ədiblərin və əsərlərin adlarını çəkir.  

Həqiqətən də, Qulu Xəlilovu diqqətlə oxumaq və dərk etmək bir universitet təhsilinə bərabərdir. Unudulmaz tənqidçimiz tarixi mövzuda yazılan əsərlərdə şəxsiyyətlərin obrazlarını, fəaliyyətlərini birtərəfli, yanlış mövqedən işıqlandırılmasına dərhal öz münasibətini bildirərdi. İstəkli müəllimim, tarixi romanlar müəllifi Əzizə Cəfərzadə həmişə Qulu Xəlilovun bu xidmətini yüksək dəyərləndirərdi. Əzizə xanımın "Bakı-1501” romanı çapdan çıxdıqdan sonra müəllifi təqdir və tənqid edən də ilk dəfə Qulu müəllim oldu. Cəmi 37 il ömür sürmüş, 14 yaşında hakimiyyət başına gəlmiş Şah İsmayıl Xətai (1500-1524) çox güclü, qüdrətli xarakterə malik olan ağıllı bir cəngavər idi. Parçalanmış Azərbaycanı vahid bir dövlət tərkibində birləşdirən, tarixdə ilk dəfə Azərbaycan dilini dövlət dili elan edən, bir çox Avropa ölkələrinə bu dildə notalar verən kamil şəxsiyyətlə bağlı iynə ucu boyda səhvi də bağışlamazdı Qulu Xəliov. Qətiyyətlə bildirirdi ki, Əzizə Cəfərzadə kimi zəngin təcrübəli, bilikli, savadlı bir yazıçının əsərində qüsur olmamalıdır. Yadımdadır, bir dəfə Əzizə xanımdan soruşdum ki, bəs siz Qulu Xəlilovdan incimədiniz, axı, siz bədii əsər yazıbsınız, sizin də öz əlavəniz, fərziyyəniz olmalı deyil ki? Əzizə xanım özünəməxsus şəkildə – xəfifcə gülümsəyərək dedi ki, Qulu Xəlilov kimi bir nəhəngin əsərimi axıracan oxuması, rəyini bildirməsi, tərifləməsi, tənqid etməsi mənim üçün şərəf idi: "Qulu Xəlilov bizim ən xeyirxah və ciddi, obyektiv mövqeyə malik hamimiz olub. Əslində o, bizi qoruyurdu, xəbərdarlıq edirdi ki, hər bir sözümüzə məsuliyyətlə yanaşaq, gələcəyə zəif əsərimiz qalmasın. Nəsillər bizi qınamasın. Həmişə ona minnətdar olmalıyıq, bizi bu sayaq qoruya bilirdi…”

Onun 1974-cü ildə yazdığı “O, həssas və qayğıkeş idi…” adlı bir xatirəsi yada düşür. Unudulmaz şairimiz Səməd Vurğuna həsr olunmuş bu yazıda diqqətimi 1953-cü ildəki ədəbi mühitin rəngi çəkir. Həmin xatirədən bir ləçək: "Yazıçılar İttifaqında şeirimiz barədə mənə məruzə etmək tapşırılmışdı. Universitetin son kursunda oxuyurdum… Mənə söz verilən kimi məruzəyə başlamamışdan dedim: "Xahiş edirəm ki, deyəcəyim fikirlərin bəziləri hörmətli sənətkarların xoşuna gəlməsə, məni bağışlasınlar, çünki mən fikirlərimi elə qurmuşam ki, onları yumşaltmaq mümkün deyil”. Bundan sonra mən gözaltı Səməd Vurğunu süzdüm. O, çox mənalı və mehriban baxışlarla mənə nəzər salıb gülümsədi. Bu mehribanlıqdan daha da cəsarətləndim. Həmin məruzədə Ə.Vahidə də çox yer vermişdim. Bunun üstündə bəzi şairlər mənə hücum etdi. Vahidin adını çəkməyim bəzilərinin xoşuna gəlmədi. Səməd Vurğun məni bu hücumlardan xilas eləyib dedi:

– Yoldaşlar, əgər bu gün Əliağa Vahidin kitablarını əl altından baha qiymətə alırlarsa, bu, bizi düşündürməlidir. Vahidin adını Yazıçılar İttifaqında çəkməyi qadağan etmək asandır, amma onu xalqın qəlbindən silmək çətindir. Əgər bu gün xalq Vahidi daha çox oxuyursa, bu o deməkdir ki, biz hələ Vahiddən zəif yazırıq. Buna görə də mən, cavan oğlanın Vahidə belə hörmətlə yanaşmasını bəyənirəm.

Zalı gurultulu alqışlar bürüdü. Müşavirə qurtardıqdan sonra Səməd Vurğun "Azərbaycan” jurnalının redaktoru Əli Vəliyevi çağırıb dedi: – Əli Qaraoğlu, xahiş edirəm ki, bu məruzəni elə beləcə də çap edəsən”.

Qulu Xəlilovun məhəbbət və ehtiramla xatırladığı və özünün ustadı, müəllimi adlandırdığı şəxsiyyətlərdən biri də ­tənqidçi və yazıçı Mehdi Hüseyn olub. Onun bir etirafını xatırlayaq: "O, sanki sənətin, ədəbiyyatın barometri, ölçüsü idi. Prinsipiallığın, cəsarətin zirvəsində dayanırdı. Onun sağlığı bizdə arxayınçılıq və narahatlıq yaratmışdı. Arxayın idik, ona görə ki, harada ədəbiyyatın mənafeyinə bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir qartal kimi ora şığıyardı. Narahat idik, ona görə ki, hamı fikir söyləyəndə, ondan ehtiyat edirdi. Onun obyektivliyindən, cəsarətindən çəkinirdik…” Bir görün, bu etirafı kim edib? – Özü də fikir cəngavəri olan Qulu Xəlilov.   

Uzaqgörən tənqidçi və yazıçı idi Qulu Xəlilov. Müasirlərinin portretlərini də elə hörmət və ehtiramla yaradıb ki, bu gün onlar da artıq tarixi şəxsiyyətdirlər. Xalqımızın ləyaqətli övladları olan Feyzulla Qasımzadə, Həsən Əliyev, Mir Cəlal, Həmid Araslı, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Sultanlı, Əli Vəliyev, Ziya Bünyadov, Kamran Dadaşoğlu, Ziyəddin Göyüşov, Bəkir Nəbiyev və digərləri.

“Təbiətin dərdi” adlı tədqiqatında akademik Həsən Əliyevin portretini görün necə ustalıqla və dürüst yaradıb: “Azərbaycan təbiətinin dərdlərinin diaqnozunu dəqiq  qoyan alim. Həsən Əliyev bir təbib və mahir torpaqşünas kimi flora və faunamızın, bütünlükdə təbiətimizin mənzərəsini dəqiq çəkib. Onun bir səcdəgahı var: Azərbaycan torpağı! Ulu bir qəhrəmanı var: Azərbaycan təbiəti! Bir gözəllik ilahəsi var: Azərbaycan! O, dünyanın ən ucqar guşələrində olanda da, bu barədə fikirləşir.”

Tarixi şəxsiyyətlərin obrazını olduğu kimi yaratmağı və onları həmişə ehtiramla anmağı tövsiyə edən Qulu Xəlilov özü də indi tarixin unudulmaz simalarından  birinə çevrilib.  

 

Flora XƏLİLZADƏ, 
Əməkdar jurnalist

 

Mədəniyyət