Doktor Xetaqurov

post-img

30 noyabr 1966-cı il. “Neftçi” 28-ci SSRİ çempionatının finişində doğma stadionda 40 mindən çox tamaşaçının izlədiyi və hədsiz zövq aldığı görüşdə Moskvanın “Spartak” komandasına 3:0 hesabı ilə qalib gələrək, tarixində ən böyük nailiyyətini qazanır. Bürünc medallar Anatoli Banişevski, Kazbek Tuayev, Adil və Yaşar Babayevlər, Sergey Kramarenko, Valeri Hacıyev, Mübariz Zeynalov, Vyaçeslav Semiqlazov, Nikolay Boqdanov, Aleksandr Trofimov, Vladimir Bruxti, Anatoli Qryazev və onların oyundaşlarının bütün mövsüm ərzində gözəl oyununa layiqli mükafat idi. Bu gün həmin gənclərin çoxu həyatda yoxdur. Amma onlar, eləcə də, baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, komandanın rəisi Şövkət Orduxanov başda olmaqla bütün kollektiv daim minnətdarlıqla xatırlanır.

Tarixi uğurun qazanılmasında komandanın həkimi Boris Xetaqurovun da əməyi böyük olmuşdur. Bu insan 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini başa vurduqdan sonra respublikamızın ən yaxşı komandası, hazırda 86 yaşlı “Neftçi”də əmək fəaliyyətinə başlayıb, uzun illər ərzində onun oyunçularının sağlamlığı və daim mübariz idman formasında olmaları qayğısına qalmış, sonralar da müəyyən fasilələrlə “Xəzər-Lənkəran”da, “Qarabağ”da və milli komandamızda çalışmışdır. Həmişə də harada işləməsindən asılı olmayaraq, peşəkar fəaliyyəti ilə etimadı tam doğrultmuş, futbolçuların da, komandaların rəhbərlərinin də hörmətini qazanmışdır. Komanda üzvləri oyun zamanı aldıqları zədələrdən sonra tezliklə yenidən yaşıl meydana qayıtmalarında həkimin böyük köməyini razılıq hissi ilə qeyd edirdilər. 

 İdman tibbində yüksək kateqoriyalı həkim B.Xetaqurov ötən illərdə müsahibələrindən birində futbola məhəbbətlə, 40 ildən də bir qədər çox müddətdə tərkibində fəaliyyət göstərdiyi komandaya rəğbət və ehtiramla demişdi ki, məni bütün dünyaya “Neftçi” tanıdıb.

Təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də futbol dairələrində yaxşı tanınan və dəfələrlə müxtəlif mükafatlara layiq görülən respublikamızın Əməkdar həkimi həm də oyunlar zamanı fotolar da çəkirdi. Bir dəfə, 1986-cı il iyulun 9-da 49-cu SSRİ çempionatının Leninqradda keçirilmiş və 2:1 hesabı ilə bakılıların xeyrinə başa çatmış “Zenit”—“Neftçi” görüşündə hesab 1:1 olarkən 84-cü dəqiqədə Maşallah Əhmədovun vurduğu qolu peşəkar fotoqraf kimi məharətlə lentə almışdı. Oyundan dərhal sonra Bakıya göndərdiyi foto o zaman respublika mətbuatında, o cümlədən əməkdaşı olduğum “İdman”–“Sport” qəzetlərində dərc edilərək, futbol həvəskarlarının diqqətinə çatdırılmışdı. Həmin oyunda birinci topumuzu İsgəndər Cavadovun vurduğunu da xatırladım. 

Ötən yay, avqustda 83 yaşı tamam olmuş hörmətli doktor, təbii ki, yenə futbol dünyasında baş verən hadisələri diqqətlə izləyir. İndi o uzaq illərdəki kimi meydançanın kənarındakı skamyadan yox, evdə teleekran qarşısında.Bu gözəl oyun onun həyatının bir parçasıdır. Boris Xetaqurov bir dəfə deyibmiş ki, görüş zamanı hər şeyi unudub, özümü oyunun içində bilirəm. 

Yaşayın və futboldan zövq almaqda davam edin, Boris Naneyeviç!

 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

İdman