“Anlam”ın düşündürücü anlatmaları

post-img

Müasir İncəsənət Muzeyində Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı sərgisi açılıb. Bir neçə mövzunu əhatə edən, 56 yağlı boya, 25 qrafik əsərin yer aldığı sərgidə qabarıq görünən bir mənzərə var.  

Sərginin “Anlam” adlandırılması təsadüfi deyil. Bu, hadisələrə, həm də, fəlsəfi yanaşma nəticəsində rəssam düşüncəsinin dərin qatlarından qaynaqlanan bir anlamdır.  

Rəssam, rəsmlərin mövzularını, əsasən, həyatdan götürsə də, bunlar adi gözlə görünmür. Soltan Soltanlının əsərlərindəki qadın obrazları xüsusilə seçilir. “Qadın mal başı ilə”, “Eşq”, “Daranan qız”, “Bulud altında çimən qadınlar”, “Asılmış qadın”, “Pəhləvan qadın” və digər rəsmlərdəki  obrazlar bu baxımdan xüsusilə düşündürücüdür. 

Fırça ustasının yaradıcılığında at mövzusu da ayrıca yer tutur. Burada atın daha çox insanla qarşılıqlı münasibətləri, dostluq, qarşıdurma, eləcə də instiktiv mehr əks etdirilir. “Yalından asılmış at”, “Konkur atı”, “Sərxoş atlı və at”, “Akrobatik anlaşma”, “Cəzalanmış kişi”, “Qarşılıqlı asılılıq” və digər rəsmlərdə rənglər danışdıqca insanlar susaraq dinləyirlər. 

Rəssam “XQ”yə açıqlamasında bildirdi: 

–Mənim yaradıcılığım, həyat yolum fəlsəfəyə, düşüncəyə bağlıdır. Həyat fəlsəfəmə görə, kətanı, rəngləri adi mövzular üçün israf etməməliyəm. Rəssamlıq yalnız təsvir sənəti deyil, o, ən başlıcası, düşüncə sənətidir.

Soltan Soltanlının fantaziya, təxəyyül imkanları “Xəyali mənzərələr”də daha genişdir. Bütün əsərlərində təbiət olsa da, bunların heç biri gerçək deyil. Bu mənzərələrin ürəyə nüfuz edən inandırıcılığı xəyal və gerçəkliyin harada başlayıb, harada sona çatdığını ayırd etməyə imkan vermir.

Sərgi iştirakçılarından biri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəna Məmmədova isə sərginin, həqiqətən, fərqli olduğunu dedi:

–Burada nümayiş etdirilən əsərləri qruplaşdırmaq mümkün deyil. Bunların hər biri böyük bir mövzunu əhatə edir. Heyranlıqla izlədiyimiz “Gələcəyin şəhəri”  kompozisiya baxımından da tam başqadır. Ümumiyyətlə, burada nümayiş etdirilən bütün rəsmlərdə fəlsəfi məna var. Bu əsərlər insanları düşünməyə məcbur edir. 

Soltan Soltanlının yaradıcılığı beynəlxalq aləmdə də maraqla qarşılanır. 1997-ci ildən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilən yarış, festival və sərgilərdə ölkəmizi ləyaqətlə təmsil edən rəssam bu müddətdə bir çox xarici mükafatlara layiq görülüb. Fırça ustasının əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

“Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.

 

Leyla QURBANOVA 
XQ

 















Mədəniyyət