Günəş sistemində sirli obyekt

post-img

Günəş sisteminin ən uzaq küncündə, Neptunun orbitindən xeyli uzaqda daha bir naməlum planetin olması ehtimalı artıq bir neçə ildir ki, alimlərin maraq dairəsindədir. Bu dəfə isə amerikalı tədqiqatçılar onun mümkün ölçüləri və tərkibi ilə bağlı yeni elmi nəticələr açıqlayıblar. Bu nəticələrə görə, “doqquzuncu planet” dedikdə, əslində, Yer kütrəsinə bənzər bir superyer deyil, mini-Neptun – yəni bərk nüvəli, amma qaz və uçucu maddələrlə zəngin qalın atmosferə malik bir planet nəzərdə tutulmalıdır.

Naməlum planetə aparan yol
“Doqquzuncu planet”in mövcudluğu ilə bağlı ilkin ehtimallar göy cisimlərinin – xüsusilə Neptundan kənarda yerləşən bəzi kiçik obyektlərin – orbitlərində müşahidə edilən qəribəliklərdən qaynaqlanıb. Bu orbitlər sanki eyni istiqamətə çəkilib, bu da görünməyən kütləli bir obyektin cazibə qüvvəsi ilə izah olunur.

Bu məlumatlara əsaslanaraq tədqiqatçılar naməlum planetin kütləsini təqribən 6,6 Yer kütləsi olaraq qiymətləndiriblər. Onun Günəşdən olan məsafəsi isə ortalama 550 astronomik vahid (AV) qədər ola bilər. Müqayisə üçün qeyd edək ki, Pluton ən uzaq nöqtədə cəmi 49 AV məsafədə yerləşir. “Planet X” kimi tanınan bu naməlum obyekt isə afelisində – yəni orbitinin Günəşdən ən uzaq nöqtəsində – 630 AV məsafədə ola bilər. Bu isə onu Günəşin ən soyuq və qaranlıq bölgələrindən birində yerləşdirir.

Planetin təbiəti: Yerə oxşamır, Neptuna bənzəyir
Bu zamana qədər planetin yalnız təxmini kütləsi və mümkün trayektoriyası məlum idi. Amma bu yaxınlarda ABŞ-dan astronomlar Devid Rassel və Terri Uayt məsələni fərqli bucaqdan araşdırıblar. Onlar planetin ölçüsü və tərkibi ilə bağlı nəticəyə gəlmək üçün digər ulduz sistemlərindəki minlərlə ekzoplaneti təhlil ediblər.

Alimlər 600 kelvindən (326°C) aşağı istilikdə olan 142 ekzoplaneti seçiblər. Məlum olub ki, kütləsi 2,9 Yer kütləsini keçən planetlər arasında tamamilə qaya tərkibli (yəni Yer tipli) planetlər yoxdur. Yəni, belə böyük ölçüdə olan planetlər adətən bərk nüvəli, lakin qaz və su buxarından ibarət qalın atmosferə sahib olur.

Tədqiqatçılar kütləsi 4,9–9,2 Yer kütləsi arasında olan 27 planeti daha yaxından analiz ediblər və onların əksəriyyətinin mini-Neptun olduğunu müəyyənləşdiriblər. Onların radiusu Yerin radiusundan 2–3 dəfə böyükdür.

Nəticə: “Doqquzuncu Planet” əgər varsa...
Alimlərin gəldiyi qənaətə görə, əgər bu naməlum obyekt həqiqətən də mövcuddursa, o zaman bu, böyük ehtimalla “buz nəhəngi” adlandırılan tipə aid olacaq – mini-Neptun. Onun ölçüsü 2 ilə 2,6 Yer radiusu arasında ola bilər.

Lakin bu cür uzaqda yerləşən və özündən işıq saçmayan planetin müşahidəsi olduqca çətindir. Hesablamalara görə, onun ulduz parlaqlığı +21,9 ilə +22,7 arasında dəyişir. Bu isə onu səmada görməyi xeyli çətinləşdirir – müqayisə üçün qeyd edək ki, Plutonun parlaqlığı təqribən +15-dir.

Elm naminə axtarışlar davam edir
Bu araşdırma bir daha göstərir ki, Günəş Sistemimizin sərhədləri hələ də tam öyrənilməyib. Mini-Neptun ehtimalı bu gizli dünyanın fiziki təbiətini daha real və elmi əsaslı şəkildə izah etməyə imkan verir. Lakin onu birbaşa müşahidə etmək və mövcudluğunu təsdiqləmək üçün daha güclü teleskoplara və səbirli müşahidələrə ehtiyac olacaq.

Hazırladı: 

S.ELAY

XQ

Maraqlı