Yazıçılar, alimlər kimi, kitabxanaçılar da oxucunun bəsirət gözünü açır, onun mənəvi dünyasına işıq salırlar. Onlardan biri də bizim Qax rayonundakı Cəfər Cabbarlı adına Kitabxananın direktoru Güllü Əhmədovadır.
Hələ orta məktəb illərində bədii kitablara olan sonsuz marağı ilə Güllü xanım yaşıdlarından seçilib. Arzusu filoloq olmaq idi. Ancaq ilk cəhdində ali məktəbə qəbul ola bilməyəndə rayonda yeganə “Kitab evi” mağazasında satıcı işləməyə başlayıb. Elə bu kitab dünyasının cazibəsi ilə də peşə seçimində dəyişiklik edərək, kitabxanaçılığa üstünlük verib və ADU-nun (indiki BDU) eyni adlı fakültəsinin qiyabi şöbəsinə daxil olub.
Düz 30 il əvvəl kitabxanaçılıq fəaliyyətinə başlayan Güllü xanım tez bir zamanda biblioqraf kimi oxucuların sevimlisinə çevrilib. O, ötən günləri yada salaraq dedi:
– Buna qayğıkeş kitabxanaçılar Nənə Kərimovanın, Zöhrə Mikayılovanın və Biçə Balıyevanın sayəsində nail olmuşam. Sonradan böyük kitabxanaçı, mərkəzləşmiş kitabxana sisteminin direktor müavini oldum, 2004-cü ildən isə direktor vəzifəsində çalışıram.
Kitabxananın kollektivi zamanın çağırışlarına cavab verə bilmək üçün müsabiqələrdə, layihələrdə fəal iştirak edir. 2003, 2005 və 2007-ci illərdə ABŞ səfirliyinin “Regional kitabxana”, Demokratiya Komissiyasının “Kiçik qrant proqramı” layihələrində “Kitabxanaların inkişafı” proqramına qatılaraq uğur qazanıb, öyrəndiklərini təcrübədə tətbiq edirlər. Həmin layihələr sayəsində kitabxanaya pulsuz internet xətti çəkilib, eyni zamanda, orada kompüter kursları və maarifləndirici təlimlər təşkil edilib.
Güllü Əhmədova 2008-ci ildə Moskvada “LİBKOM-2008”də, 2014-cü ildə isə Bakıda kitabxanaçıların bey-nəlxalq konfransında iştirakını da faydalı hesab edir.
Onun həyatında unudulmaz günlər çox olub. Amma Azərbaycan qadınlarının I qurultayında Ulu öndər Heydər Əliyevlə görüşünü iftixarla xatırlayır. Təcrübəli kitabxanaçı qardaş Türkiyədə keçirilən Ankara Beynəlxalq Sənət Festivalında “Üstün peşəkarlıq medalı” ilə təltif edilib. Rəhbərlik etdiyi kitabxana iki dəfə Mədəniyyət Nazirliyinin “İlin kitabxanası” müsabiqəsinin qalibi olub. Güllü xanım 2020-ci ildə “Hər günə bir şeir”, 2021-ci ildə “Ey söz dünyasının hakimi, Nizami!” və “Rəşadətlə yaşayanlar, ölümü fəth edənlər” müsabiqələrində, “Şəhidlərimizi tanıyaq və tanıdaq”, “Ədiblərimizi bizdən dinləyin” layihələrində də uğurla iştirak edib. O, həm də mətbuat səhifələrində dərc olunan maraqlı yazıların müəllifidir. Bizim qəzetdə, eləcə də “Mədəniyyət” qəzetində, “Mədəni-maarif” jurnalında maraqlı məqalələrlə çıxış edib. “Saflıq çeşməsi Qax” adlı kitab da Güllü Əhmədovanın qələminin məhsuludur.
Bəli, 1906-cı ildə Tiflisdə çıxan “Zakavkazskiy vestnik” qəzetinin Azərbaycan bölməsinin müdiri, qaxlı Həmzət bəy Qabulov–Şirvanskinin evində “Qiraət koması” adı ilə fəaliyyətə başlayan hazırkı rayon mərkəzi kitabxanasının estafeti etibarlı əllərdədir.
Xavər ƏFƏNDİYEVA,
Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru