Bir mahnının sözlərini neçə şair yaza bilərmiş?
1989-cu ilin iyun ayı idi. Fəxri xiyabanda dünya şöhrətli sənətkarımız Rəşid Behbudov dəfn olunurdu. “İynə atsan, yerə düşməzdi” ifadəsi sanki həmin mərasim üçün deyilmişdi. Səsgücləndirici ustadın ən yaxşı ifalarından birini – “Ey Vətən!” mahnısını hər yana yayırdı. Köhnə dostum, şair Oqtay Rza ilə yanaşı dayanmışdıq. Oqtay müəllimi tabutun məzara qoyulmasından daha çox müğənninin “doya bilmirəm…” deyə fəryad qoparan səsi sarsıdırdı. Şair ağlayırdı.
Vəziyyəti bir qədər yumşaltmaq üçün dedim ki, Oqtay müəllim, mən dəfn olunanda da bu mahnının səsləndirilməsini vəsiyyət edəcəm. Dedi bəlkə sən çox yaşayıb Vətəndən də, dünyadan da doyub sonra vəfat edəcəksən? Dərhal da əlavə elədi ki, Mirzə (o, əli qələm tutanların hamısına Mirzə deyirdi) fikrimi çaşdırma, Dəmir Gədəbəylinin söz ustalığının sehrinə köklənmişəm. Belə mahnı mətni yazdığına görə Dəmirə eşq olsun!
Ondan sonra Dəmir Gədəbəylini hər görəndə Oqtay müəllimin “Eşq olsun!” ifadəsini ürəyimdə təkrarlayırdım. Amma…
2021-ci il oktyabrın 22-də “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetində “Prezidentin Zəngilanda dinlədiyi “Ey Vətən” mahnısının tarixçəsi” adlı məqaləni oxuyanda (https://www.musavat.com/news/prezidentin-zengilanda-dinlediyi-ey-veten-mahnisinin-tarixcesi” sadəcə çaşdım. Orada qeyd edilirdi ki, Prezident İlham Əliyev Zəngilan səfəri zamanı Azərbaycan radiosunda İlhamə Qasımovanın ifasında səslənən “Ey Vətən” mahnısını dinləyib. Sözügedən görüntüləri sosial şəbəkədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva paylaşıb. Həmin anlar istər sosial şəbəkə istifadəçiləri, istərsə də media tərəfindən maraqla qarşılanıb və tirajlanıb”.
Çox gözəl. Amma, “Prezidentin Zəngilanda dinlədiyi “Ey Vətən” mahnısı necə yaranıb? Tarixçəsi necədir, müəllifləri kimlərdir?” suallarının cavabında mahnının sözlərinin müəllifi Dəmir Gədəbəyli yox, başqa adamın olduğu göstərilirdi. “Bu mahnı Azərbaycana həsr olunmuş vətənpərvərlik mövzusunda yazılan ən dəyərli əsərlərdən biridir. “Ey Vətən” adı ilə tanınan bəstənin əsl adı “Nəğmə dolu bir ürəyəm”dir, mahnının sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsusdur”.
Sonra mən “Yeni Müsavat”ın səhv edə biləcəyini düşünərək, bir çox digər mənbələrə də baxdım. Məlum oldu ki, bu mahnının sözlərinin Dəmir Gədəbəyliyə aid olduğu cəmi beş yerdə göstərilir. Altı yerdə Aslan Aslanovun, ondan çox mənbədə isə Aslan Abdullayevin müəllifliyi “təsdiq olunur”. Sadəcə, dəhşətdir. Son yarım əsrdəki musiqi mədəniyyətimizin ən dəyərli nümunələrindən birinin taleyi bu qədər qarışıq və qaranlıqdırsa, onda biz əvvəlki əsər-lər barədə necə qətiyyətlə danışa bilərik?
Yəqin ki, indi bu işə məsul olanlardan (daha doğrusu, məsul olmalı şəxslərdən) kimsə mənə irad tutacaq və ya bu qeydlərdən narazılıq edəcək. Ona görə də rastlaşdığım mənbələrin hamısını xatırlatmasam da, hər müəllifə aid bir mənbəni göstərmək istəyirəm. Məsələn, mahnının sözlərinin müəllifi “Facebook”dakı “Reshid Behbudov” səhifəsində Aslan Aslanov, “Min bir mahnı” elektron resursunda Dəmir Gədəbəyli, Modern.az.da və YouTubedə isə Aslan Abdullayev kimi göstərilir. İnanmırsınızsa, baxın.
Sonra da, görkəmli şairimiz Nəbi Xəzrinin oğlu Arzu Babayev umu-küsü edir ki, müğənni Zamiq Hüseynovun Tofiq Quliyevdən oxuduğu “Pəncərəmə qondu çiçək” mahnısının sözlərinin müəllifinin yanlış təqdimatı bir daha müəllif hüquqlarının pozulması məsələsini gündəmə gətirdi.
Qeyd edək ki, verilişdə səslənən həmin mahnının sözləri Nəbi Xəzriyə məxsus olsa da, yanlış olaraq Zeynal Cabbarzadənin adı çəkilib.
Bundan başqa, Arzu Babayev əlavə edir ki, atasının yazdığı və Aşıq Hacalı Hacıyevin bəstələdiyi “Nar ağacı, nar çiçəyi” şeirində 1-ci bəndin 2-ci misrası, 3-cü bəndin isə 2-ci və 4-cü misraları tamamilə təhrif olunub. Şairin oğlu ondan narazıdır ki, Aşıq Əvəzxan bu mahnıya müraciət etdikdə, nəqəratın 2-ci misrasını dəyişərək Nəbi Xəzrinin lirikasına və bu şeirin poetikasına yad olan “nə gözəldir yar göyçəyi ” ifadəsini əlavə edib. Arzu Babayev Nəbi Xəzrinin başqa şeirlərinin də təhrif olunduğunu xatırladır və narahatlığını dilə gətirir. Ən başlıcası isə o, müğənnilərdən və televiziyaların musiqi verilişləri departamenti rəhbərlərindən xahiş edir ki, “Min bir mahnı” kitabından istifadə etməsinlər. Çünki bu mahnılar bizim musiqi xəzinəmizdir, bu xəzinənin gələcək nəslə doğru şəkildə çatması üçün hamımız məsuliyyətli olmalıyıq.
Musiqi mədəniyyətimizin təbliğində və təqdimatında bu qədər yanlışlıqlar olduğu halda, mən də götürüb bayağı mahnılar, onları oxuyanlar, üstəlik, televiziya ekranına çıxaranlar barədə nə isə yazmaq istəyirdim. “Səhər saat yeddidə, qırmızı nolyeddidə” kimi sözlərlə başlayan mahnılar baş alıb gedir. Çox təəssüf ki, televiziya kanallarındakı musiqi proqramlarına qətiyyən nəzarət edilmir. Elə adamları “tanınmış müğənni” epiteti ilə təqdim edirlər ki, tamaşaçı bilmir ağlasın yoxsa gülsün.
Yadıma düşmüşkən, dövri mətbuatda “Teleradio efirlərimizdə qadağan olunmalı mahnılar var” (https://www.baki-xeber.com), “Musiqi mədəniyyətimizə kölgə salan bayağı mahnılar” (http://www.anl.az) , “Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır” (https://sherg.az › medeniyyet) kimi onlarca məqalə verilsə də, vəziyyət nəinki düzəlmir, tamamilə əksinin şahidi oluruq.
Amma bir təsəllimiz var ki, Azərbaycan Televiziyasının Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirdiyi “Muğam” televiziya müsabiqəsinin münsiflər heyətinə Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi kimi mütəxəssis də daxildir və biz onun gənc istedadların ifasındakı söz, ifadə və tələffüz səhvlərini peşəkarcasına dilə gətirməsindən məmnunuq.
Arzu edərdik ki, bayağı mahnıları və qeyri-peşəkar “müğənni”ləri efirə gətirən adamlara da İlqar Fəhmi kimi bir mütəxəssis nəzarət etsin, tövsiyə versin ki, milli sərvətimiz olan musiqi mədəniyyətimizi bu fəsadlardan qoruya bilək.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, bu gün təbiətin səs vermədiyi bəzi soydaşlarımız mikrofonun, fonoqramın köməyi ilə “müğənni olurlar”. Daha doğrusu, müğənniyə çevrilirlər.
Yeri gəlmişkən, “525-ci qəzet”in 21 oktyabr 2023-cü il tarixli nömrəsində həmkarımız Tofiq Abdullayevin “Mənəvi sərvətə çevrilmiş mahnılar: onları təhrifdən qoruyaq!” adlı dəyərli məqaləsi verilmişdir. Mikrofon və fonoqram məsələsi orada daha konkret şəkildə qaldırılmışdır. Odur ki, bu sətirləri həmin yazıdakı bəzi müddəalarla tamamlayırıq:
“Onu da deyək ki, yalnız mikrofonla, fonoqramla “nəfəs alan”, bunları özü üçün, necə deyərlər, “oksigen aparatı” hesab eləyən ifaçılardan sənətkar olmaz. Kimin kim olduğu ən çox canlı ifalarda görünür. Tələbkar tamaşaçının, dinləyicinin kinayə ilə dediyi: “Mikrofonla, fonoqramla elə nənəm də oxuyar” sözləri təsadüfü yaranmayıb. Odur ki, özünə “sənətkar” deyib, mikrofondan, fonoqramdan ikiəlli yapışanlar bu eyhamdan, bu kinayəli sözdən nəticə çıxarsalar, yaxşı olar.
… Bu məqamda maraqlı bir ifadə yadıma düşdü: Mikrofonun təzə çıxan vaxtlarıymış. Bir gün cavan sənət yoldaşlarından biri sevinə-sevinə aşıq Şakir Hacıyevə yaxınlaşıb deyir: “Ustad, sənə bir şad xəbər verim! Eşitmişəm, lap təzəlikcən yaxşı bir aparat çıxıb, bir balaca ağzına yaxınlaşdıranda səsi xeyli artırır, gücləndirir”.
Şakir acı-acı gülümsəyir, başını yelləyib deyir: “Bunun harası şad xəbər oldu? Day deynən ki, əsl sənətin evi yıxıldı də...”
Aşıq Şakirin nigarançılığı əbəs deyildi. Necə ki, bir vaxtlar Koroğlu demişdi: “Tüfəng çıxdı, mərdlik getdi, ay-haray!..”
P.S. Bu il aprelin 6-da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin keçirdiyi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində qeyd edilmişdi ki, “Bayağı mahnılar milli-mənəvi dəyərlərimizə xələl gətirir”.
Tədbirdə Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvləri, dilçi alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ziyalılar, televiziya kanallarının nümayəndələri və aparıcılar, tanınmış incəsənət xadimləri və digər qonaqlar bu sahədəki çoxsaylı problemlərdən söz açmışdılar. Amma, nəticə yoxdur ki, yoxdur.
İttifaq MİRZƏBƏYLİ
XQ