Qələmlə qazanılan nüfuz və şöhrət

post-img

Flora Xəlilzadə – 70

Dünən Azərbaycan Mətbuat Şurasında tanınmış qələm sahibi, Əməkdar jurnalist Flora Xəlilzadənin anadan olmasının 70 illiyi münasibətilə qurumun Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə toplantı keçirildi.

Yubiley mərasimini giriş sözü ilə açan AMŞ sədri Rəşad Məcid ömrünün və ya­radıcılığının yetkinlik yaşına çatmış ya­zıçı-publisisti səmimi təbrik edərək onun yarım əsri əhatə edən fəal və səmərəli yaradıcılığına nəzər saldı. O bildirdi ki, 1977-ci ildə BDU-nun jurnalistika fakültə­sini bitirmiş həmkarımız sonrakı illərdə “Azərbaycan təbiəti” və “Azərbaycan qa­dını” jurnallarında, “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində müxtəlif və­zifələrdə çalışıb. Flora xanım uzun müddət İctimai Televiziyada müəllif layihəsi rəhbə­ri, “Yadigarlar” verilişinin aparıcısı olub. 

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü olan istedadlı, yurdsevər və çalışqan yazar hazırda Azərbaycan Televiziyası (AzTV) ədəbi-dram verilişlə­ri baş redaksiyasını baş redaktoru, bədii şura üzvüdür. Çoxsaylı, müxtəlif janrlı və aktual mövzulu yazının müəllifinin 20-dək publisistik kitabı işıq üzü görüb. Bütün bunlar ona geniş oxucu-tamaşaçı dairəsi, populyarlıq və yaradıcılıq nüfuzu qazan­dırıb. Flora Xəlilzadənin çoxillik səmərəli fəaliyyəti və milli jurnalistikamızın inkişa­fında xidmətlərini dövlətimiz də yüksək qiymətləndirib. O, “Əməkdar jurnalist” fəxri adına və “Şöhrət” ordeninə layiq gö­rülüb.

Məclisdə çıxış edən Bakı Dövlət Uni­versitetinin jurnalistika fakültəsinin kafed­ra müdiri, professor Cahangir Məmmədli, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Medianın İnkişafı Agent­liyinin əməkdaşı Pərvanə İbrahimova, Türkiyə İnternet Media Birliyinin rəhbəri Süleyman Basa, AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş re­daktor müavini Tahir Aydınoğlu, ədəbiy­yatşünaslar – Əsəd Cahangir və Esmira Fuad, şairə Kəmalə Abıyeva, yazıçı Yu­nus Oğuz, BDU jurnalistika fakültəsinin dosenti Qərənfil Dünyaminqızı, AMŞ İdarə Heyətinin üzvləri – ATV prezidentinin mü­şaviri Səadət Məmmədova, “Xalq cəb-həsi” qəzetinin baş redaktoru Elçin Mir­zəbəyli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, jurnalist Aida Eyvazlı və AzTV “Mədəniyyət” kanalının direktor müavini Bəhruz Niftəliyev yubiliyarı səmimi təbrik etdilər, onun milli jurnalistikamıza, bütöv­lükdə, milli-mənəvi dəyərlər sisteminə xid­mətlərindən, peşəkar qələm sahibi kimi samballı və məhsuldar yaradıcılığından, fəal ziyalı mövqeyindən ətraflı söz açdılar.

Məclisdə AMŞ sədri Rəşad Məcid yu­bilyara qurumun yubiley plaketini təqdim etdi, həmkarları onu gül dəstələri və xatirə hədiyyələri ilə təbrik etdilər.

Sonda Flora Xəlilzadə iştirakçılara, keçdiyi ömür yoluna və yaradıcılığına ve­rilən dəyərə, səmimi təbriklərə görə təşək­kürünü bildirdi.

T.RÜSTƏMLİ
XQ































Mədəniyyət