Güc idman növlərində gender bərabərliyi

post-img

Olimpiya Oyunlarında dəyişiklik...

 

İdmanda qadınların mövqeyi həmişə mübahisəli olub. Qədim dövrlərdə onlara Olimpiya Oyunlarında, ötən əsrlərdə isə bir sıra idman növlərində mübarizə aparmağa icazə verilmirdi. Qadınlar indi demək olar ki, bütün idman növlərində yarışsalar da, lakin yenə də hüquqlarının pozulduğu hiss olunur. Son illər Olimpiya Oyunlarında da gender bərabərliyinin təmin olunması istiqamətində böyük işlərin aparılması da buna sübutdur.

Ötən Olimpiada – Tokio Oyunlarında iştirak edən idmançıların 48 faizi qadın­lardan ibarət idi ki, bu da rekord göstərici­dir. Məsələn, boks, ağırlıqqaldırma, güləş kimi idman növlərində çəki dərəcələrinin qadınların xeyrinə dəyişməsi mövqeyi­mizi xeyli zəiflədir. Elə boksu götürək. Əvvəlki Oyunlarda kişi boksçular 13 çəki dərəcəsində yarışırdılarsa, artıq Paris Olimpiadasında 7 çəki dərəcəsi üzrə iş­tirak edə bilərlər. Bu boşluğu qadınlarımız doldurmalıdır. Dünya çempionatında isə əvvəlki kimi, yenə də kişilər 13 çəki dərəcəsində yarı­şırlar. Məsələn, 86 kiloqram çəki dərəcəsində dünya çempionluğunu qazanan Alfonso Dominqes həmin çəkinin Olimpiya Oyunla­rında olmaması səbəbin­dən digər çəkidə mübarizə apararaq Oyunlara lisenzi­ya qazanmalıdır. Elə bu il Avropa çempionatında bu halın mənfi təzahürü özünü göstərdi. İdmançımız Olim­piya çəkisi olan 92 kiloqram­da uğursuz çıxış etdi. Təəs­süf ki, qadınların xeyrinə dəyişdirilən çəki dərəcələri komandamızın uğurlarına mənfi təsir edəcək. 

Qızlar, idmana gəlin

Azərbaycanda güc idman növlərinin nəticələrinə nəzər saldıqda, gender bə­rabərliyi baxımından onun o qədər də ürəkaçan olmadığını görürük. Bunu da etiraf etmək lazımdır ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi idman növləri yalnız kişilər üçündür. 

Güc idman növlərinə qızların cəlb edilməsi istiqamətində mütəmadi işlər aparılsa da, zərif cinsin nümayəndələ­rinin zallara axını zəifdir. Məşqçilərimiz orta məktəblərə gedib uşaqlar, onların valideynləri ilə söhbətlər aparırlar. Vali­deynlər qızlarının əzələlərə ehtiyac duy­madığını bildirir, onların güclü, qüvvətli yetişməsində maraqlı olmadıqlarını de­yirlər. Mütəxəssislərimiz foto və videolar­da qızların necə işlədiyi, hansı nəticələrə nail ola biləcəyini göstərməyə çalışır, va­lideynlərə stereotiplərin mifdən başqa bir şey olmadığını başa salırlar. Müxtəlif id­man növləri üzrə komandaların nəticələ­rinə nəzər saldıqda, bu işin dövrümüzün tələblərinə cavab vermədiyi aydın olur.

Legionerlər öndədir

Güləş üzrə gənclərdən ibarət yığ­manın baş məşqçisi Rövşən Umudov Azərbaycanda bu növ üzrə ilk qadın təmsilçilərimizin legioner idmançı ol­duğunu bildirdi: 

–Komandamıza qızların cəlb olun­masına legioner güləşçilərdən başladıq. Müəyyən müddətdən sonra həftəsonu maarifləndirici roliklər və digər tədbirlər vasitəsilə təbliğatlar aparıldı. Məşqçilər məktəblərə gedir, güləşə marağı olan qızları zala dəvət edərək burada məşğul olurdular. Milli idman növümüzə qızlar­da maraq oyatmaq üçün onların titullu güləşçilərdən biri olan Mariya Stadnik­lə görüşünü təşkil edirdik. Onun parlaq karyerası, medalları ilə bağlı məlumatlar, videoçarxlar nümayiş etdirilirdi. Qızların güləşə cəlb edilməsi çətinliklər yaratsa da, bu iş mütəmadi davam edir və düşü­nürəm ki, artıq bəhrəsini verir. Ardıcıl təd­birlərin həyata keçirilməsi yeniyetmələr və gənclərdən ibarət komandalarımızda istedadlı güləşçilərin yetişməsinə səbəb olub. 23 yaşadək qızlardan ibarət yığ­mamızda güclü güləşçilər var. Avropa və dünya birinciliklərində həmişə medalla­rımız olur. Jalə Əliyeva Avropa çempio­natının gümüş mükafatçısı, İslam Oyun­larının qalibidir. Səbinə Əliyeva Avropa çempionatında 3-cü yeri tutub. Gültəkin Şirinova, Elnurə Məmmədova, yeniyet­mələr arasında dünya, Avropa birincisi Ruzana Məmmədova kimi perspektivli güləşçilər yetişir.

Bununla belə, Olimpiya Oyunlarının güləş yarışlarında indiyədək yalnız legio­nerlər Azərbaycanı təmsil edərək uğurlar qazanıblar. Federasiyalarla yanaşı, digər qurumlar, məsələn uşaq gənclər və id­man məktəbləri öz geniş imkanlarından istifadə etməklə qızların güləşə cəlb olun­masında mühüm rol oynaya bilərlər. Orta təhsil müəssisələrindən kütləvi şəkildə qızların güləş zallarına cəlb edilməsi yax­şı effekt verə bilərdi. 

Rövşən Umudov Gəncə İdman Liseyinin bu sahədə fəaliyyətini nü­munə kimi göstərdi:

– Məktəbin zalında hazırda 20-25 güləşçi qız məşğul olur. Gültəkin Şirinov da bu idman ocağının yetirməsidir. Hər regiondan 1-2 qız yığmaya düşsə, qızlar arasında bu idman növünün yüksək inki­şafına nail ola bilərik. 

Bəli, məşqçinin sözlərinə onu da əlavə etmək doğru olardı ki, elə klub və cəmiyyətlərimiz də bu sahənin inkişafı­na mühüm töhfələr verə bilərlər. Yetər ki, cəmiyyətdə insanların fikirlərinə, dü­şüncələrinə təsir imkanlarını genişləndirə bilək. 

Haşiyə: Qızların idmana, özü də in­sanda inam yaradan, iradəsini möhkəm­ləndirən, onların həm mənəvi, həm fiziki cəhətdən sağlam yetişməsinə zəmin ya­radan güc idman növlərinə cəlb etməklə nə qazanırıq? Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında kişilər­lə yanaşı, qadınların da ölkəmizi yüksək səviyyədə təmsil etməsinə, Azərbayca­nın idman imicinin yüksəlməsinə xidmət edən yeni nəsil idmançılar yetişdirəcəyik. Ən əsası isə güclü, möhkəm iradəli, heç bir fanatizmə uymayan, həmişə öndə getməyə iradəsi, cəsarəti olan Ana, Qa­dın tərbiyə etməklə yenilməz yeni nəsil qazanacağıq. 

Leyla QURBANOVA
XQ



İdman