Qısa ömrün zəngin irsi
Azərbaycanın ilk ali təhsilli bəstəkarı, Azərbaycan simfonik musiqisinin və romans janrının müəllifi Asəf Zeynallı cəmi 23 il yaşayıb. O, qısa ömründə yaradıcılıq uğurları ilə musiqi tarixində silinməz izlər qoyub.
Ailəsi Dərbənddən Bakıya köçəndə Asəf yeniyetmə olub. Anası onu sonradan oğlunun adını daşıyacaq Orta İxtisas Musiqi Məktəbinin direktoru Üzeyir Hacıbəylinin yanına gətirib. Üzeyir bəy Asəfin musiqi alətində ifasını dinləyib: “Bu ki əsl istedaddır”, – deyərək onu məktəbə qəbul edib. Asəf nəfəs alətləri sinfində oxuyub. Özünün ilk musiqi əsərini – “Truba üçün marş”ı da burada bəstələyib və ifa edib.
1923-cü ilin martında Bakı İşçi klubunda Azərbaycan musiqi məktəbləri şagirdlərinin ilk baxış konserti olub. Bu barədə “Kommunist” qəzetinin 5 aprel 1959-cu il tarixli sayında dostu Əfrasiyab Bədəlbəyli Asəf Zeynallının 50 illiyi münasibəti ilə yazıb: “Konsertin birinci hissəsində azyaşlı uşaqlar, ikincidə isə böyüklər çıxış edirdilər. Bəs, Asəf niyə heç birində yoxdur? – deyə yerbəyerdən suallar səslənirdi. Kimsə “Üzeyir bəy öz işini yaxşı bilir”, – dedi. Aparıcı “Truba üçün pyes”, musiqisi Asəf Zeynallı, ifa edir müəllif”, – deyə elan edəndə hamı təəccübləndi. Onu heç kim hələ bəstəkar kimi tanımırdı, bunu Üzeyir bəy kəşf etmişdi. Truba o vaxta qədər, əsasən, hərbi marş aləti idi, hamı belə bilirdi. Asəfin trubada “Rast” muğamı əsasında bəstələdiyi musiqi təranəsindən tamaşaçılar böyük zövq aldılar”.
Təəssüf ki, səhhəti ilə əlaqədar həkimlər ona nəfəs alətində çalmağı qadağan ediblər və Asəf violonçel sinfinə keçib, məşhur violonçel ustası M. Rastropoviçin atası Leopold Rastropoviçdən dərs alıb. 1926-cı ildə Musiqi Texnikumu ilə konservatoriya birləşdiriləndə Asəf orkestr sinfinə daxil olub. Az müddət sonra isə Üzeyir bəyin məsləhəti ilə onu bəstəkarlıq şöbəsinə keçiriblər. 1931-ci ildə Asəf Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Sonralar Asəf Zeynallının təşəbbüsü ilə Moskvada və Leninqradda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Tənqid-Təbliğ Teatrının musiqi bölməsinə rəhbərlik edən Asəf Zeynallı dövrünün tanınmış ədiblərinin tamaşalarına musiqilər bəstələyib. Cabbarlının “Almaz”, “Sevil” dramlarının musiqilərini də o yazıb. Asəf Zeynallı yabançı kampaniyalar zamanı Mikayıl Müşfiqin “Oxu, tar” şeirini müdafiə edərək, yazırdı: “Xalq komissarlarının əsas səhvi budur – anlamırlar ki, bizim bütün mahnı və rəqslərimiz muğamatdan qaynaqlanır, onun tərkib hissəsidir. Tar yeganə alətdir ki, xalq yaradıcılığı və muğamların mahiyyətini düzgün və dəqiq çatdıra bilir. Bizim təbiətən xalqın özünəməxsus olanı müsadirə etmək hüququmuz yoxdur. Tarın ansamblda gərəksizliyi haqqında bəyanatlar tamamilə əsassızdır”.
Tanınmış tarzən Nazim Kazımov “Asəf Zeynallı” kitabında yazır: “Onun bəstəkarlıq yaradıcılığında mühüm yer tutan vokal əsərləri içərisində romans və mahnılar Avropa klassik vokal forması ilə xalq musiqimizin lad-məqam, melodiya xüsusiyyətlərini əlaqələndirən bədii nailiyyətlərdir”.
Asəf Zeynallı Hüseynqulu Sarabski və Bülbüllə dostluq edib. Hətta Bülbül Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün onu özü ilə birlikdə Qarabağa aparıb. Orada qarın yatalağına tutulan gənc bəstəkar müalicə üçün Bakıya qayıtmalı olub. Həyatının söndüyünü duya-duya xəstəxana palatasının divarına “Bakı” adlı son simfoniyasını yazır və qardaşından həmin əsərin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyəti, nədənsə, yerinə yetirilmir.
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də xəstəxanada dünyasını dəyişib. Qısa ömür sürməsinə baxmayaraq, Asəf Zeynallı milli musiqi sənətimizdə dəyərli irsi ilə əbədiyyət qazanıb. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. İstedadlı bəstəkar piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. O, Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində də xeyli iş görüb. Asəf Zeynallı “İbtidai not savadı” adlı dərslik tərtib edib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub və s.
Həyatdan vaxtsız köçmüş bəstəkarın irsi yaşayır, xatirəsi isə əbədiləşdirilib. Bakı Musiqi Kolleci və paytaxt küçələrindən biri nakam bəstəkarın adını daşıyır.
R.QURBANLI
XQ