Sabah qardaş ölkə Cümhuriyyətin 100 yaşını qeyd edəcək
Dünya tarixində elə qüdrətli xalqlar və millətlər var ki, onlar tarixin müxtəlif mərhələlərində bəşəriyyəti irəli aparan yüksək sivilizasiyalar yarada biliblər. Amma bu, cəmi bir neçə millətə nəsib olub. Tarixdə belə toplumlardan biri qədim və şanlı tarixi olan Türkiyə dövləti və xalqıdır.
Təqribən min illik dövlətçilik təcrübəsi olan Türkiyə dünyanın orta və yeni əsrlər tarixində təmsil olunduğu böyük bir coğrafi məkanda iqtisadi, mədəni, mənəvi inkişafın üstün istiqamətlərini müəyyən edən, öz dövrünə görə mütərəqqi sayılan idarəçilik sistemi yarada bilib. Bu zaman hər şeyin fövqündə, ilk növbədə milli əxlaqla bərabər, bəşəri və humanist dəyərlər dayanıb.
Bu gün dünyanın ən ünlü alim və siyasətçiləri etiraf edirlər ki, Anadoludan qərbə – Balkanlara və əks istiqamətdə Yaxın və Orta Şərqə doğru geniş bir ərazini tutan Osmanlı dövləti özündən əvvəlki imperiyalardan fərqli olaraq nəzarətində olan torpaqları yağmalamaq niyyətində olmayıb, əksinə, onların mədəni inkişafının və təhlükəsizliyinin qayğısına qalmağa çalışıb.
Biz burada Osmanlını ideallaşdırmaq niyyətindən tam uzağıq, amma onun müsbət cəhətlərini danmaq, inkar etmək mümkün deyil. Konkret misal çəkmək olar. Yəhudilər və ərəblər beş yüz il Osmanlı hakimiyyəti altında olduqları zaman bir dəfə də olsun etnik zəmində vuruşmayıblar. Belə faktlar onlarcadır.
Türk xalqının xoşbəxtliyi həm də ondadır ki, XX əsrin əvvəllərində, yəni yeni tarixin ən kritik dönəmində Osmanlı özünün keçmişinə ehtiram, gələcəyə inam bəsləyərək imperiya iddialarından əl çəkdi, müasir dövrün çağırışlarına uyğun sivil, demokratik dövlətini qura bildi. Qəhrəman və ulu türk xalqı milli istiqlalını qoruyub saxlamaq üçün möhtəşəm Çanaqqala (1915), Meydan (1922) savaşlarını qazandı.
XX əsrin görkəmli dövlət xadimlərindən olan Mustafa Kamal Atatürkün və onun fədakar əqidə və silah yoldaşlarının titanik səyləri sayəsində qurub yaradılan müasir Türkiyə artıq bir əsrdir ki, dünyanın ən sivil və demokratik dövlətlərindən biri sayılır. Bəli, cəmi bir gündən sonra, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu, bütün türk dünyası üçün sonsuz qürur mənbəyi olan bir tarixdir.
Qeyd etmək lazımdır ki, 1991-ci il oktyabrın 18-də öz milli suverenliyini bərpa etdikdən sonra ölkəmizi ilk tanıyan xarici dövlət məhz qardaş Türkiyə olmuşdur. AMEA-nın Tarix İnstitutunun Beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə fəxrlə vurğuladı ki, son otuz ildə Azərbaycan–Türkiyə əlaqələri hərtərəfli inkişaf yolu qət edərək olduqca yüksək səviyyəyə çatmışdır.
Professor, həmçinin bildirdi ki. hazırda dünyada ikinci elə bir iki dövlət tapmaq olmaz ki, Azərbaycan ilə Türkiyə qədər bir-biri ilə bu qədər dost, yaxın və qardaş olsun. 44 günlük şanlı Vətən müharibəsində Türkiyə dövləti və xalqı daim yanımızda olmuşdur. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Xoşbəxtlikdən bu gün xalqlarımızın sevimli liderləri cənab İlham Əliyevin və sayın Rəcəb Tayyib Ərdoğanın müdrik rəhbərliyilə Azərbaycan və Türkiyə dövlətləri arasındakı sıx əməkdaşlıq bütün istiqamətlər üzrə güclənir və möhkəmlənir. Heç bir qüvvə bizim qardaşlığımıza xələl gətirə bilməz. Axı biz birlikdə güclüyük!
Məsaim ABDULLAYEV
XQ