Fotoqraflar səhhətlərinə diqqət çəkdilər

post-img

“Gilavar Foto Klubu” İctimai Birliyi Cənubi Qafqazın ən böyük klinikası Təbibin tabeliyində Yeni Klinika ilə birgə fotoqraflar üçün sosial layihə həyata keçirib.

“Səhhətə diqqət, çək” adlı layihə çərçivəsində fotoqraflar Yeni Klinikada tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz tibbi müayinə olunub və peşəkar həkimlərin məsləhətindən yararlanıblar.

Məqsəd çətin, məsuliyyətli, stressli və təhlükəli sahələrdən birində çalışan fotoqrafları səhhətlərinə vaxtında, mütəmadi və lazımi qədər diqqət ayırmasına təşviq etməkdir.

Birliyin sədri Rəşad Mehdiyevi bildirib ki, hazırda istər müxtəlif kütləvi informasiya vasitələrində, istərsə də fərdi şəkildə fəaliyyət göstərən bir çox fotoqraflar bir çox hallarda isə fasiləsiz və istirahətsiz olaraq gərgin çalışırlar. Nəticədə isə özlərinin də xəbəri olmadan səhhətlərində problemlər yaranır, müxtəlif xəstəliklər “qazanırlar”. Birlik olaraq bu məqamları nəzərə alaraq klubumuzun üzvlərinin və fotoqrafların ilkin müayinəsi ilə bağlı sosial layihə həyata keçirməyi qərara aldıq. Təklifimizi Yeni Klinika tibb müəssisəsinin rəhbərliyə bildirdik və bizim bu təklifimiz müsbət dəyərləndirildi. Bir neçə gün ərzində klinikada 30-dan artıq fotoqraf müxtəlif müayinələrdən keçib, şikayətləri ilə bağlı həkim məsləhətləri alıblar.

Qeyd edək ki, Azərbaycanda foto sənətinin inkişafına hər zaman töhfə verən “Gilavar Foto Klubu” İctimai Birliyi 2017-ci ilin dekabr ayının 1-də təsis edilib, 2022-ci ilin yanvarın 17-də dövlət qeydiyyatına alınıb. Birlik bir sıra dövlət qurumları və təşkilatlar ilə əməkdaşlıq edir. Klub tərəfindən Azərbaycan foto sənətinin inkişafı istiqamətində bir sıra işlər aparılır, fotoqraflar üçün müxtəlif layihələr, təlimlər, yerli və beynəlxalq səviyyəli foto müsabiqələr, foto sərgilər təşkil edilir.

















Sosial həyat