Nədənsə, Bakı milyonçularından söhbət düşəndə ilk yada düşən Hacı Zeynalabdin Tağıyev olur, yaxud Musa Nağıyev. Qalan milyonçular barədə az məlumatlıyıq. Məsələn, Bakıda Hacı HacıağaDadaşov adına küçə var, amma onun kim olduğunu çoxumuz bilmirik.
Elə ondan söhbət açmaq istəyirik – milyonçu Hacı Hacıağadan. Bilgəhdəki qocalar evinin sahibi olub, daha doğrusu, öz mülkünü baxımsız ahıllara bağışlayıb. Bakıya şollar suyunun çəkilməsi üzrə fəaliyyət göstərən komissiyanın tərkibində çalışıb və özü də bu işə xeyli vəsait ayırıb. Hacı Zeynalabdin Tağıyevlə dost olub, onun həyata keçirdiyi bütün layihələrdə iştirak edib.
Bakı milyonçularından olan Hacı Hacıağa Dadaşovun neft buruqları olmayıb, sərmayəsini ticarətdən qazanıb. Qazancı yalnız ticarətdən olub və ondan gələn gəlirlə sonradan gəmilər inşa etdirməyə başlayıb. Gəmiçilik və ticarət, bir də gərgin zəhmət – onun milyonlarının mənbəyi bunlar idi.
Həm də çox vətənpərvər olan Hacı Hacıağa bir gün eşidir ki, Bakıdakı "Metropol" mehmanxanasını Tiflisdə hərraca qoyurlar. Gedir Tiflisə. Tanıyanlar orda onu görüb gülürlər ki, Hacı, nə əcəb, Tiflisə gəlmisən, sən ki, faytona bir abbası verməyib, 15 qəpiklik dəmir təkərli köhnə arabada gəzirsən? Deyir, tamaşaya baxmağa gəlmişəm.
Hərracda qiymətlər yavaş-yavaş qalxıb son həddə çatanda Hacı arxadan: "99 min" – deyərək ayağa qalxır. Heç kim dillənmir. Beləliklə, Bakı milyonçusu mehmanxananı alır...
“Küçədə ondan soruşurlar:
– Hacı, səndə bu qədər pul hardandır?
– Faytonlara vermədiyim 5 qəpiklərdəndir, – deyir.
– Yaxşı, bəs niyə 100 min demədin?
– O qalan pulla 5 min dəfə faytona minmək olar”.
1876-cı ildə Azərbaycan tacirləri üçün 1-ci və 2-ci kateqoriya dərəcəsi təyin ediləndə bu rütbə Bakıda ilk dəfə Hacı Hacıağaya verilib. Onun Bakıda 40-dək mülkü, Xəzər dənizində çoxlu gəmiləri olub. Gəmiçiliklə ticarətdən daha çox gəlir əldə edib. Bütün Yaxın və Uzaq Şərq ölkələri ilə ticarət əlaqələri varmış.
Hacının Bakıda ilk dəfə Ahıllar evi açdırmasının maraqlı tarixçəsi var. Bir dəfə uşaqları tərəfindən evindən qovulan qoca kişi Hacıdan sığınacaq istəyir. Bu hadisədən təsirlənən Hacı Bilgəhdəki mülkünü qocalar evinə çevirir. Həmin pansionat bu günə kimi də fəaliyyət göstərir. 2000-ci ildən pansionatın yerləşdiyi küçə orada yaşayan ağsaqqalların xahişi ilə Hacı Hacıaga Dadaşovun adını daşıyır.
Qəribədir ki, onu da Musa Nağıyev kimi xəsis adlandırıblar. Görünür, o vaxt bu bir növ milyonçulara təsir forması imiş. Əslində isə milyonları qazanmaq asandır, onu xərcləmək isə – çətin. Görünən həqiqət budur ki, milyonçu öz milyonlarını hər yerə xərcləmədiyi üçün onları toplaya bilib.
Su çəkdirən, məktəb açan, onlarla xeyriyyəçilik işinə imza atan Hacı Hacıağa Dadaşov 1905-ci ildə vəfat edib.
R.QURBANLI
XQ