“Həmas” yaraqlıları İsrailə raket hücumu ediblər

post-img

Təl-Əviv buna cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başlayıb 

“Həmas” qruplaşması şənbə günü İsrailə raket zərbələri ilə qəfil hücum edib. Ölən və yaralananlar var. İsrail ordusu cavab olaraq, müharibə hazırlığı elan edib və ehtiyatda olan hərbçiləri orduya çağırıb.

İsrailin Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fələstinin hücumu nəticəsində azı 200-dən çox adam hə­lak olub. “Reuters” agentliyinin müxbiri ölkənin səhiyyə nazirinə istinadən 1452 nəfərin yaralandığını bildirib. 

“Həmas” silahlıları 20 dəqiqə ərzin­də İsrail ərazisinə 5 min raket zərbəsi endirildiyini bildirərək hücuma görə mə­suliyyəti öz üzərlərinə götürüblər.

Qlobal KİV yazır ki, İsrailə onlarla ra­ket atılıb və ölkə boyunca hava hücumu həyəcanı işə salınıb. Sosial şəbəkələrdə paylaşılan videolarda fələstinli silahlıla­rın İsrailin Sderot şəhərində küçədə yol­dan keçənlərə atəş açdığı görünür.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İs­railin müdafiə naziri Yoav Qallant ehti­yatda olan hərbçilərin kütləvi çağırışını elan edib. Nazir həmçinin bildirib ki, “Həmas” onun ölkəsinə qarşı ciddi səhv edib və müharibəyə başlayıb.

İsrailin Baş naziri Binyamin Netan­yahu X hesabında paylaşdığı məlumat­da yazıbdır: “Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Mü­haribədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsə­dimizə - müharibədə qələbəyə nail ol­maq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hü­cuma məruz qalmış icmalarda təhlükə­sizliyi və sabitliyi bərpa etməkdir. İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri güc­ləndirməkdir ki, heç kim səhvən bu mü­haribəyə qoşulmasın”.

İsrail hərbçiləri Qəzzadakı hədəf­lərə cavab zərbələri endiriblər. Qəzza ətrafındakı ərazilərdə partlayışların baş verməsinə dair xəbərlər yayılıb. Son məlumatlara görə, İsrail ordusu “Hə­mas”ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat --idarəetmə mərkəzinə zər­bələr endirib. Fələstinlilər arasında da çox sayda ölən və yaralananların oldu­ğu qeyd olunur. 

Bu arada, “BBC News”un təhlükə­sizlik məsələləri üzrə müxbiri Frank Gardner İsrail hökumət rəsmilərinə istinadən bildirib ki, “İsrail kəşfiyyatı “Həmas”ın bu, kütləvi və koordinasiya edilmiş hücumu ilə bağlı öncədən mə­lumatlı olmayıb. Yeri gəlmişkən, bunun səbəbləri hökumət tərəfindən təcili ola­raq araşdırılır. 

Xatırladaq ki, İsrail Yaxın Şərqin həm daxildə, həm də xaricdə kifayət qədər böyük və inkişaf etmiş kəşfiyyat şəbəkələrindən birinə sahibdir. Lakin son hadisə İsrail kəşfiyyatının ciddi uğursuzluğu kimi qəbul edilir. Belə ki, “Həmas” bu dəfə diqqətlə hazırlanmış hücumu İsrailə qarşı tamamilə məxfilik şəraitində planlaşdıraraq həyata keçirə bilib.

Mahmud Abbas dünən Fələstinin Ramallah şəhərində yüksək səviyyəli mülki və təhlükəsizlik rəsmilərinin top­lantısını keçirib. O, tədbirdə fələstin­lilərin özlərini müdafiə etmək hüquqları olduğunu vurğulayıb.

İsraildə baş verənlər dünya liderləri­nin və mediasının da diqqət mərkəzin­dədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Fələstin arasında ya­şanan gərginliyə münasibət bildirib: “Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”.

“Avropa İttifaqının (Aİ) rəsmisi sosial şəbəkəsində bu barədə belə yazıbdır: “İsraillə bağlı xəbərlər bizi kədərləndi­rib. Biz birmənalı olaraq “Həmas”ın hü­cumlarını pisləyirik. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir”.

Ağ ev və rəsmi London İsraili bir­mənalı olaraq müdafiə etməyə hazır olduqlarını bildiriblər. Qərb dövlətlərinin başçıları, eyni zamanda tərəfləri eska­lasiyadan qaçmağa, danışıqlara başla­mağa səsləyiblər. 

Hadisə yerindən reportaj hazırlayan jurnalistlər qeyd edirlər ki, hazırda həm İsrail, həm də Fələstin sakinləri təşviş içindədirlər. Yeri gəlmişkən, İsraildə yaranmış vəziyyətlə əlaqədar Azərbay­canın bu ölkədəki səfirliyi vətəndaşları­mıza müraciət edib. Səfirliyin X sosial şəbəkə hesabında yayılan müraciətdə bildirilib: “İsrailin Müdafiə Qüvvələ­ri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar, Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər et­məməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumla­rının verdiyi təlimatlara uyğun davran­mağı tövsiyə edirik”.

Dünən “Trend”ə açıqlamasında İs­rail vətəndaşı olan azərbaycanlı Sabir Quliyev (ad şərtidir - red.) deyib. İsrailin hər bölgəsinə raket atırlar, hər yerdən atəş səsi gəlir. 

Ümid edirik ki, İsraildə tezliklə gərginliyi azaltmaq, sülh və sabitliyi bərqərar etmək mümkün olacaq. Bir çox nüfuzlu beynəlxalq qurumlar bu istiqamətdə artıq konkret addımlar at­mağa başlayıblar. Dünən BMT-nin Baş katibi bölgəyə şəxsi nümayəndəsini göndərəcəyini bildirib. 

M. HACIXANLI
XQ

Dünya