Düşmənin qarət etdiyi yataqlar xalqımıza qaytarılıb
İşğaldan azad olunmuş ərazilər faydalı qazıntıları ilə zəngindir. Bu bölgədə kəşf olunmuş 167 növ müxtəlif faydalı qazıntı yataqları var. Lakin bu, son hədd deyil. Regionda 500-dən artıq yatağın artıq formalaşmasına və ehtiyatların hesablanmasına imkanlar var.
Zaman keçdikcə onların axtarış-qiymətləndirmə və kəşfiyyat işləri aparılacaq, ehtiyatları hesablanacaq. Yataqların isə hər biri Azərbaycan iqtisadiyyatının inkişafına töhfəsini verəcək. Bölgədə çeşidli sənaye məhsulları istehsalı ölkəmizin ixrac imkanlarını artırmaqla yanaşı, əhalinin məşğulluğunu da təmin edəcək.
Ən zəngin faydalı qazıntı ehtiyatları isə Kəlbəcər rayonundadır. Rayon faydalı qazıntı ehtiyatları ilə zəngin olan Daşkəsən ilə həmsərhəddir, Gədəbəy rayonu ilə məsafəsi isə kifayət qədər azdır. Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarının potensialı ilə respublika əhəmiyyətli dağ-mədən sənayesi aqlomerasiyası formalaşdırmaq mümkündür. 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları–130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kubmetr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr /gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı və 4 473 min kubmetr sement xammalı mövcud olub.
Hazırda Kəlbəcər rayonu ərazisində kəşf olunan faydalı qazıntı yataqlarının istismarı ön plandadır. Artıq bununla bağlı ilkin mərhələyə başlanılıb. Əvvəlcə bu yataqların diaqnostikası aparılacaq. Sonra onların effektivlik və önəmlilik dərəcəsi nəzərə alınmaqla istismarı nəzərdə tutulur. Paralel olaraq yataqların istismarı və minerallaşma zonalarında dəqiq axtarış işlərinin aparılması planlaşdırılır.
Filiz yığımlarından ən çox əhəmiyyət kəsb edəni isə qızıl yataqlarıdır. Bu yataqlar işğadan azad olunmuş rayonlarda iqtisadiyyatın dirçəldilməsində rol oynayacaq. Bunlardan Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdu. İşğaldan azad edilmiş ərazilərdə xromit, mis, civə, molibden və mərgümüşlə zəngin, sənaye potensialına malik yataqlar da az deyil. Bu yataqlar da əlavə dəqiq tədqiqatlar tələb edir.
Ehtiyatları təsdiqlənən qeyri-metal faydalı qazıntı yataqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində dağ-kimyəvi (kükürd kolçedanı, soda xammalı, litoqraf daşı) xammal, qiymətli-zinət (jadeit, əqiq, obsidian (dəvə gözü), nefritoidlər) və zinət (yəşəm, mərmər oniksi, felzit tufu, listvenit) daşları, həmçinin ümumi ehtiyatları 10 milyon kubmetrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, büzücü maddələr, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə diqqət çəkir.
Bunlardan bir çoxu (Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmələşmiş əhəngdaşı yataqları, Çıldıran felzit tufu yatağı, Edişə qabbro-teşenit yatağı, hər iki Çiləbürt gəc yataqları və s.) işğal dövründə intensiv olaraq ermənilər tərəfindən istismar edilib, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılıb. Yanar faydalı qazıntılardan dağlıq ərazidə kiçik miqyaslı Çardaqlı daş kömür yatağı kəşf edilib. Bu yataqlar artıq Azərbaycan xalqına xidmət edəcək, ölkəmizin iqtisadi qüdrətini artıracaq.
Qeyri-metal xammal ehtiyatlarının potensialı sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı xalsedon, yəşəm, mərmər oniksi, kopal, mərmər, serpentinit, İslandiya şpatı, pyezokvars, müxtəlif inşaat materialları və digər faydalı qazıntı təzahürləri ilə fərqlənir.
Müəyyən həcmdə bazalt, mərmər və qranit yataqlarının da böyük ixrac potensialı var. Nəqliyyat infrastrukturu qurulduqdan, avtomobil yollarının və sonradan dəmir yollarının ümumi kommunikasiya sisteminə qoşulmasından sonra onlar Türkiyə və digər ölkələrə ixrac olunacaq.
İşğaldan azad edilmiş ərazilər mineral sularla da zəngindir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. İqtisadi İslahatların Təhlilli və Kommunikasiya Mərkəzinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdəki mineral sulardan sənayenin inkişafında istifadə edilməsi üçün, Kəlbəcərdə “İstisu” mineral su zavodunun tikinti işlərinə başlanılıb. Zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulacaq. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsalı nəzərdə tutulub. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
Ərazinin hidroenergetika vəziyyəti ilə bağlı isə onu qeyd edək ki, son vaxtlar bir sıra kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi ilə əlaqədar elektrik enerjisi istehsalı artıb. Müvafiq infrastrukturun bərpa olunacağı təqdirdə ondan nəinki regionun, həm də Azərbaycanın digər bölgələrinin elektirik enerjisi iləDüşmənin təmin edilməsinə imkan verəcək.
Zəngin meşələri də unutmaq olmaz. Meşələrin olması, tikintinin artan tələbatı ağac emalı sənayesinin inkişafına, tikinti materiallarının istehsalına kömək edəcək. Eyni zamanda kifayət qədər sürətli iqtisadi effekt verəcək, yerli əmək bazarını canlandırmaqla reinteqrasiyayanı sürətləndirəcək. Ümumiyyətlə, əksər tikinti materiallarının ehtiyatları elə regionun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları.
Beləliklə, regionun çox böyük sənaye potensialı var. Təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafını, dağ-mədən sənayesinin yüksəlişini təmin edəcək. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək.
Pünhan ƏFƏNDİYEV
XQ