Ana, mənə nağıl danış...

post-img

37 yaşında nağıl istəyən həmkarımız 48 yaşında nağıla çevrildi

Biri vardı, biri yoxdu, bir Qənirə Paşayeva vardı.Mən onu jurnalist kimi tanıyanda, deyəsən, hələ otuz yaşı yox idi. Amma özündən yaşlı həmkarlarından həmişə, xeyli irəlidə olurdu. Daim hansısa ilkə, rekorda, yeniliyə imza atmağı bacarırdı. Əslində, bizim sahədə – jurnalistikada yenilik etmək, ilk addım atmaq o qədər də asan məsələ deyildi. Amma, o, bacarırdı. 

Elə bu sətirlərin qələmə alınması zamanı da, o, özünəməxsus bir ilk yarat­mış oldu. Belə ki, artıq bir ilə yaxın davam edən “Yad­daşlarda yaşayanlar” rubri­kasına hər həftə bir mərhum soydaşımız haqqında yazı təqdim edirəm. O yazıların hamısı 25-30, bəzən də 35-40 il əvvəl şahidi olduğum faktlar və ya iştirak etdiyim hadisələr, tədbirlər, görüşlər barədə olub. Yəni rubrika­mız keçmişləri yada salır. Qənirə haqqındakı bu yazı­nı isə elə mərhumun dəfni günü qələmə almalı oldum. 

Daha çox rəsmi təd­birlərdə görüşürdük. Həm müstəqil mətbuat vasitəsin­də çalışdığına görə nisbətən sərbəst idi, həm də özünün spesifik xarakterinə görə ərköyünlüyü də bacarırdı, rəhbərliyin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirməyi də. Üstəlik, bütün həmkarlarının rəğbət və ehtiramını qazanmışdı. Bunu heç də hamı bacarmır. 

Dövlət başçısının xarici səfərə getməsi və ya səfər­dən qayıtması zamanı hava limanında, az qala, hamımı­zın əvəzinə suallar verirdi. Heç bir sualı da yersiz olmur və ona görə də cavablandı­rılırdı. Mən onun suallarına verilən cavablardan nə qə­dər istifadə eləmişdimsə, bir Allah bilir. Bəzi həmkar­ları zarafatla ona “ANS-in aeroport müxbiri” deyirdilər. İncimirdi. Bəziləri isə sıra­mızda iki Qənirə olduğu­na görə onu “Böyük Qə­nirə” deyə çağırırdılar. Son beş-altı gündə, xüsusən, vəfatından sonra mətbuat camiyyəmizin nümayiş et­dirdiyi reaksiya sübut etdi ki, o, həqiqətən, Böyük Qənirə idi. 

Amma təkcə mətbuat təmsilçilərimi? Əsla yox! Həmin bəd xəbər gələn gün, daha doğrusu, gecəyarısı – az qala, saat 12 idi. Qoca­man bəstəkar Tofiq Bakıxa­nov mobil nömrəmə zəng etdi: “İttifaq bəy, o acı xəbəri eşitdin?” Sonra onun 90 illik yubileyi günlərində Qənirə xanımın nümayiş etdirdiyi qədirbilənlikdən, alicənab­lıqdan ağız dolusu danış­dı. Tofiq müəllim telefonu qapadan kimi, Qəbələdən Ədalət Əliyev adlı ziyalı soy­daşımız zəng etdi: “Müəllim, sosial şəbəkədə yazılanlar doğrudur?” Çox təəssüf ki, “doğrudur” – deməli oldum. 

O, Ulu öndərin adını daşı­yan fondda çalışarkən xalqa, bu quruma ehtiyacı olanlara, sözün həqiqi mənasında, Ümummilli liderimizin adına layiq xidmət elədi. Elə ona görə də vəfatından sonra bir həmkarımız yazdı ki, Qə­nirə Paşayeva həyatda ana ola bilməsə də, onun ölümü əl tutduğu çox adamı yetim qoydu. Mən bilən bundan yüksək qiymətləndirmə ola bilməzdi. Kimsə ata-ana­sından yetim qalır, kimlərsə Qənirə Paşayevadan yetim qaldılar.

Deputat seçiləndən son­ra da bir çox həmkarların­dan irəlidə olmağı bacardı. Bir gündə həm parlamentin iclasında, həm də iki-üç təd­birdə iştirak edirdi. Üstəlik, ölkənin ictimaii-siyasi həya­tında elə bir hadisə olmurdu ki, Qənirə Paşayeva ona mətbuatda münasibət bil­dirməsin. Onun, həmin qə­bildən olan bəlkə də yüzdən çox yazısını mən oxuyub redaksiya rəhbərliyinə təq­dim eləmişdim. Hər həftə bir neçə yaradıcı ziyalının və ya qələm sahibinin Milli Məclisə dəvət edilməsi də məhz onun Mədəniyyət Ko­mitəsinin sədri seçilməsin­dən sonra yaranmış ənənə idi. Mən özüm də şahidəm ki, 60, 70, 80 yaşı tamam olan bütün ziyalıların və jur­nalistlərin hamısını dəvət edir və bizimlə görüşə özün­dən başqa iki deputat da çağırırdı. 

Vəfat etdiyi gün Face­bookda paylaşdığım bir neçə cümlə də məhz 70 yaşım münasibətilə məni və daha bir neçə yubilyar soydaşımızı dəvət edib gö­rüşərkən dediyi fikirlərdən ibarət idi: “İttifaq müəllim, hamı kosmonavt ola bilməz, Milli Qəhrəman ola bilməz. Hamının Xalq yazıçısı, görkəmli bəstəkar, rəssam olmasına da ehtiyac yoxdur.

Ehtiyacımız odur ki, hamı yaxşı vətəndaş olsun, məsuliyyətli insan olsun, yaxın dost, mehriban həm­kar olsun. Bu baxımdan si­zin bəxtiniz gətirib”. Həmin gün o, bizi qəbul edərək sabaha daha inamla bax­mağımız üçün bir neçə söz dediyinə görə məmnun idi, mən isə özüm haqqında de­yilən”bəxti gətirmiş adam” ifadəsinə görə. 

...Dövlət radiosunda çalışdığım illərdə iş yolda­şımız olmuş Sevil Əliyeva Facebookda Qənirənin bir şeirini məhz müəllifin sə­sində paylaşmışdı. Çox tə­sirli idi. Anası ilə söhbət kimi qələmə alınmış bu mənsur şeiri cəmi 37 yaşı olan bir xanımın yazdığına inanmaq olmur. O, 37 ildə nə qədər mürəkkəb həyat görübmüş? Bu sətirləri də elə o şeirin bir neçə bəndi ilə tamamlamaq istəyirəm:

 

Bu gecə yata bilmədim, ana,

36 yaşın qorxusu vardı içimdə.

Məni 37-yə aparan gecənin

səhərində soyuq var. Üşüdüm, ana!

Bütün gecə səsin gəldi qulaqlarıma –

Keçmişdən gəlirdi səsin:

“Böyü, qızım, yeri, qızım,

Dil aç, qızım!” – deyirdin... Böyüdüm, ana.

Yıxılıb-qalxdığım oldu...Qalxdım qalxmağına,

amma canım çox ağrıdı, qəlbim çox ağrıdı, Ana...

Sən mənə bu dünyada qadın olmağın,

Belə çətin olduğunu, deməmişdin axı...

Ayaqların üstündə durmaq, namusunla yaşamaq,

Haqq bildiyini söyləmək istəsən,

Qadın olmanın bədəli çox ağırmış, ana!

Sən mənə belə deməmişdin axı...

Heç kimə göstərmədim göz yaşlarımı,

İçimə axıtmağı öyrəndim, ana.

Bu gecə səsin gəlirdi qulaqlarıma –

Mənə nağıl danışırdın,

Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin.

Mən düz 36 il Xeyirin qələbəsini gözlədim,

Şər qalib gələndə ağladım, ana!

Sənin nağılların belə qurtarmırdı axı...

Mən səndə gördüm insanı anlamağın necə

səssiz olduğunu...

... Məni uşaqlığıma apar, ana.

Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.

“Biri var”ları çox olsun,

37 yaşımın ilk sabahını

Sənin nağıllarına inanaraq açmaq istəyirəm.

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Sosial həyat