Rayon qəzetləri son nəfəsdə...

post-img

Elmira MEHDİYEVA
[email protected]

Son illər rayon qəzetlərinin rastlaşdığı problemlər o qədər üzücüdür ki, artıq onun həll yolunu axtarmağın mümkünlüyünə, demək olar ki, ümidimizi itirmişik. Həmkarım, “Kür” qəzetinin redaktoru Əminə Yusifqızının bu günlərdə ürək ağrısı ilə yazdığı “Bölgə mətbuatı: tamam, yoxsa davam?” sərlövhəli yazısı məni əlimə qələm götürməyə və onun səsinə səs verməyə vadar etdi. 

Öncə onu dönə-dönə vurğulamaq istəyirəm ki, bizim problemlərimiz heç də şəxsi məsələ deyil. Biz artıq öz missiyamızı yerinə yetirmişik, – deyə bilərik. Qırx ildən artıqdır ki, rayon qə­zetlərində çalışırıq, heç bir maddiyyatı güdmədən, çətinlikləri faciəyə çevir­mədən. Demirəm ki, qeyri-adi nə isə etmişik, – yox. Lakin, bu, bir həqiqətdir ki, hərəmiz bir bölgənin döyünən ürəyi, vuran nəbzi ola bilmişik. Əgər bir ra­yon qəzeti həftədə üç dəfə 15-20 min tirajla çap olunurdusa, təbii ki, onun sə­hifələrindəki yazıların hər biri o günlərə güzgü tuta bilib, tarixi yaşada bilib. Bu bir salnamədir, elə bir salnamə ki, oxu­cuya bədii-publisistik dildə, peşəkar qələmlə yazılmış, hər sətrində torpağa, yurda sədaqət və məhəbbət aşılanan, inkişafın dinamikasını özündə əks et­dirən mükəmməl bir salnamə. 

“Keçmişə daş atsan gələcək səni topa tutar” – deyib müdriklər. Bu gün rayon qəzetlərini heçə sayan, onu da­yanmadan daşqalaq edənlərə, təəs­süf ki, “dur!” deyən tapılmır. Nə yazıq ki, bunu edənlər, rayon qəzetlərini ta­rixin arxivinə göndərmək istəyənlər, deyəsən, öz istəklərinə tam olaraq nail olmaq üzrədirlər. Bu reallıqları ona görə yazırıq ki, gələcək nəsil deməsin ki, siz mübariz olmadınız, qəzetləri yaşat­maq üçün heç bir cəhd göstərmədiniz. Necə ola bilər ki, 100 yaşını təntənə ilə qeyd etməyi haqq edən bir qəzet belə bir cəhdi göstərməsin? “Zaqatala” qə­zetinin bu il 100 yaşı tamam olur. Nə olsun ki, bu, aidiyyatı qurumları nara­hat etmir. Rayon qəzetləri, sanki, son nəfəsini verən xəstə kimidir. Maliyyəsi yox, sahib çıxanı yox. Gün var idi ki, rayon rəhbərləri öz iş planlarını qəze­tin qaldırdığı problemlər və toxunduğu mövzulara uyğun yazırdılar.

XXI əsrdə yaşayırıq. Həyat o qə­dər sürətlə irəliləyir ki, yeni texnika və texnologiyasız bu irəliləyişin arxasın­ca çatmaq mümkün deyil. İnternet in­sanların həyatına hörümçək toru kimi daxil olub. Elə bil ki, insanlar internet sindromuna tutulublar. Bu yaxşıdır, ya pis, müzakirə mövzusu deyildir. Mü­zakirə mövzusu kimin bu irəliləyən texnoloji mühitdə əhəmiyyətli yer tuta bilməsindədir. Təəsüf ki, bizim gənc­lik, ümumiyyətlə, insanımız informa­siya-komunikasiya texnologiyasından lazımınca faydalana bilmir. Bunu mən yox, mütəxəsislər deyirlər. 

İnternetdə gün keçirmək, vaxtı səmərəsiz və faydasız tik-toklara, vi­deolara sərf etmək ən böyük bəladır. O insan udur ki, bunu dərk edir və internetdən səmərəli istifadə edir. İn­ternet onun vaxtını yemir, əksinə, o, işini elə qurur ki, internet ona işləyir. İnternet TV-lər, internet qəzetlər, so­sial şəbəkələr, bloqlar və blogerlər bu günün reallıqlarıdır. Onları danmaq ge­rizəkalılıq olar ki, bir ziyalı olaraq, biz bu fikirdən uzağıq. Bu, bir platformadır, insanlara öz fikirlərini azad söyləməyə imkan verən bir platforma. Təəssüf ki, bu platformada “at oynadan”ların peşə­karını barmaqla saymaq olar. Unutmaq olmaz ki, peşəkarlıq bütün sahələrdə insandan tələb olunan birinci qabiliy­yətdir. 

Mən burada bir haşiyə çıxmaq istə­yirəm. Bu yaxınlarda bir təlimdə iştirak etdim. Təlimin mövzusu “Ailə zorakılığı və peşəkar media” idi. Təlimə dəvət olunanların içərisində yeganə mən idim ki, jurnalist təhsilim və bu sahədə uzun müddətli iş təcrübəm var idi. Təli­min gedişatı zamanı gördüm ki, sənət­də təsadüfi şəxs olmaq, jurnalistikaya yiyələnmədən bu sahədə at oynatmaq təkcə o adamların bədbəxtliyi deyil, bütün cəmiyyətin bədbəxtliyidir. Bu adamlar jurnalistikanın adi etik prinsip­lərini bilmirlər, yazıda şərəf və ləyaqə­tin tapdalanmasının bağışlanmazlığını, müəllifin də keçməli olmadığı bir qırmı­zı xəttin mümkünlüyünü dərk etmirlər. Hərəsi bir sahədən gəlib sayt yazarı, TV aparıcısı, nə bilim, nə olublar. Gəl­diyim qənaət o oldu ki, peşəkarlıq üçün təkcə iş tapıb işləmək, istək kifayət de­yil, peşəkarlıq üçün mükəmməl təhsil də vacibdir. Peşəkar olmadığı üçün internet yazarları ilə mübahisə apar­maq belə olmur. Bu gün çap mediasını lazımsız hesab edənlərin özlərini də eyni aqibətin gözlədiyini unutmasınlar. Bizdən gələcək nəslə heç olmasa qə­zet qovluqları qalacaq, sizdən isə nə qalacaq – bilmirəm.

Rayon qəzetlərinin yaşaması üçün ona dəstəyin göstərilməsinin vacibliyini dəfələrlə vurğulamışıq. Rayon qəzetlə­rinin redaktorları birgə imza ilə müxtə­lif ünvanlara məktublar ünvanlayıblar. Bu məktublara bənd-bənd təkliflər də əlavə olunub. Lakin, bu müraciətlərin heç bir səmərəsi olmayıb. Ötən ilin sentyabrında rayon qəzetlərinin icra hakimiyyətlərinin təsisçiliyindən çıxa­rılması barədə Prezident sərəncam im­zaladı. Ölkə başçısının digər sərənca­mına əsasən isə bütün qəzetlər dövlət reyestrində qeydiyyata alınmalıdır. 

Bu yazımda MİA-ya yeganə bir tək­lifim var. Heç olmasa, Media İnkişaf Agentliyi sayı artıq barmaqla sayılacaq qədər az qalan, ayda 4 dəfə olan sa­yını birə endirən, onun da çap xərcini ödəmək iqtidarında olmayan rayon qə­zetlərinə də onların layihələrində iştirak etməyə şərait yaratsın. Rayon qəzeti 6-7 əməkdaşa əmək haqqı vermək iqti­darında olsaydı, inanın heç layihə üçün müraciət etməzdi. 

Suala cavab tapmadım, əziz həm­karım. Elə əngəllər var ki, yola necə “davam edək” deməkdə çətinlik çə­kirəm.



Sosial həyat