Həm də geniş “yaşıl enerji” zonasına keçid
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat–kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşa olunmasına, bu zaman ən müasir şəhərsalma nümunələrindən istifadə edilməsinə, aqrar sahənin, o cümlədən, heyvandarlığın inkişafının reallaşmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına xidmət edib, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb.
2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirildiyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda da müharibədən sonra sadalanan istiqamətlərdə bərpa–quruculuq layihələri sürətlə icra olunub. Bu yaşayış sahəsi azad olunan ərazilərin ilk bölgəsidir ki, artıq burada məskunlaşmanın birinci mərhələsi həyata keçirilib. Ağalı “ağıllı kəndi”ndə ötən bahar aylarından etibarən həyat canlanıb. Artıq Zəngilanda beynəlxalq tədbirlərin keçirilməsinə başlanılıb.
Yeni istifadəyə verilən Konqres Mərkəzi, eyni zamanda, infrastruktur obyektlərinin, yaşayış binalarının tikintisi isə deməyə əsas verir ki, şəhər qarşıdakı, təxminən, iki il ərzində ilk sakinlərini də qarşılayacaq.
Zəngilan mühüm strateji coğrafiyada yerləşir, rayona böyük əhəmiyyətə malik nəqliyyat qovşağı kimi yanaşılır. Çünki bu yaşayış sahəsi nəqliyyat dəhlizləri üzərində yerləşir və düşməndən təmizlənən torpaqlarda inşa edilən ikinci hava limanı da bu ərazidə yerləşir. Hava limanı hazırda bölgənin inkişafı baxımından mühüm rol oynayır. İşğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan Horadiz–Zəngilan dəmir yolunun inşası da hazırda son mərhələdədir və tezliklə Zəngəzur Dəhlizinin mühüm hissəsi olaraq istifadəyə veriləcək.
Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Horadiz–Zəngilan dəmir yolunun əhəmiyyətindən danışaraq deyib: “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni, bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir”.
Düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da hazırda heyvandarlığın inkişaf etdirilməsi üçün aqroparkların, intensiv fermaların yaradılmasına xüsusi önəm verilir. Bunlar aqrar sektorda uğur əldə edilməsinin zəruri amillərindən biri sayılır və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır, eyni zamanda, klaster yanaşmanı önə çıxarır. Belə bir yanaşma isə ölkənin daha çox rəqabət üstünlüyünə malik sahələrinin birlikdə inkişaf etdirilməsini nəzərdə tutur. Bu yolla məşğulluğun təmin olunması, iş yerlərinin yaradılması və məhsulların dünya bazarına çıxarılması gerçəkləşir.
Dövlətimizin başçısı şəhərsalma forumundakı çıxışında vurğuladığı kimi, Zəngilanda təkcə pilot yaşayış deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu təşəbbüs iki qardaş ölkə– Azərbaycan və Türkiyə şirkətləri tərəfindən gerçəkləşən birgə müəssisəsidir və həmin aqropark artıq uğurla fəaliyyət göstərir.
Zəngilan rayonunda yaradılan “Dost aqropark” klaster yanaşmanın bariz nümunəsidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb.
Bu gün “Dost aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.
“Dost aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.
Bütün bu qeyd edilənlərə əsasən, rayonun gələcəkdə respublikamızın qida təhlükəsizliyinə önəmli töhfə verəcəyini indidən əminliklə demək olar. Təsərrüfatda 6 min baş anqus cinsindən olan qaramal saxlanılır və onların sayının 10 minə çatdırılacağı nəzərdə tutulur.
Beləliklə, dəmiryolu çəkiləndən və Zəngəzur dəhlizi açılandan sonra bu ərazi logistika baxımından mühüm önəm daşıyacaq. Belə ki, həm xaricdən bura arpa, buğda gətirmək daha rahat olacaq, həm də aqroparkın istehsal etdiyi məhsulları ixrac etmək asanlaşacaq.
2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda Böyük Qayıdış Proqramının mühüm tərkib hissələrindən biri olan məşğulluq, sosial obyektlərin tikintisi məsələsinə də toxunulub. Bununla bağlı Zəngilanda artıq böyük bir məktəb binasının inşa edildiyi, məscidin inşasının isə yekunlaşdırıldığı diqqətə çatdırılıb. Yeri gəlmişkən, bu ibadət ocağı ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. Ümumiyyətlə, işğal altında olan bütün torpaqlarımızdakı 67 məsciddən 65-i sıradan çıxarılıb, 2-si isə yarı dağıdılmış vəziyyətdə olub.
İşğaldan azad edilən ərazilərdə məskunlaşmanın ən mühüm şərtlərindən biri də enerji infrastrukturun yaradılmasıdır. Vətən müharibəsindən ötən müddətdə bu istiqamətdə geniş miqyaslı layihələr reallaşdırılıb. İndiyədək 90 meqavat həcmində hidroelektrik enerji potensialı hərəkətə gətirilib. Başqa sözlə, bu həcmdə enerji ölkəmizin mərkəzi şəbəkəsinə ötürülüb və düşməndən təmizlənən yaşayış sahələrinə tam inteqrasiya edilib.
Respublikamızın azad olunan ərazilərində hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavata, 2024-cü ilin sonuna qədər isə 270 meqavata çatacaq. Bu da təbii ki, Azərbaycanın “yaşıl enerji” gündəliyinə böyük töhfə olacaq. Belə bir proqnozun isə əsası var. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 10 min meqavat “yaşıl enerji” potensialı mövcuddur. Bura həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Əslində, bu, Azərbaycanın enerji potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialını (157 qiqavat) bura əlavə etsək, mövcud vəziyyət haqqında aydın təsəvvür yaranar.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bugünədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. Deməli, ölkəmiz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirirb. Düzdür burada iki qardaş ölkə – Özbəkistan və Qazaxıstan istisnadır, biri məktəb, digəri isə incəsənət mərkəzinin inşasını üzərlərinə götürüb və təhsil müəssisəsi artıq məktəblilərin ixtiyarına verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022–2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, Vətən savaşından dərhal sonra başlanan bərpa-quruculuq layihələri çərçivəsində dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Düşməndən təmizlənən ərazilərdə çoxsaylı sosial infrastruktur yenidən qurulub, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və digər obyektlər tikilərək istifadəyə verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb.
Azərbaycanın “2022-2026-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulub.
V.BAYRAMOV
XQ